Aprelin
30-da Şəki Şəhər İcra Hakimiyyətində "Müasir təhsilin
davamlı inkişafı: reallıqlar, perspektivlər" mövzusunda
zona elmi-praktik konfransı keçirildi. Konfransda təhsil
naziri Misir Mərdanov, Şəki Şəhər İcra Hakimiyyətinin
başçısı Elxan Usubov, Milli Məclisin deputatı Cavanşir
Feyziyev, Təhsil Nazirliyinin nümayəndələri, Təhsil
Problemləri İnstitutunun əməkdaşları, Şəki şəhər, Qəbələ,
Oğuz, Qax, Zaqatala, Balakən rayon təhsil şöbələrinin
müdirləri, metodistlər, məktəb direktorları və digər
şəxslər iştirak edirdilər. Konfransdan öncə Şəki şəhər
R.Əfəndiyev adına 10 nömrəli tam orta məktəbin foyesində
şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.
Təhsil naziri Misir Mərdanov müəllimlərdən Almaz
Əsədovanın III, Səbuhi Qurbanovun IX siniflərdə
riyaziyyat fənnindən apardıqları "açıq dərs"lərdə
iştirak etdi. Sonra konfrans iştirakçıları ümummilli
lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası
qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri
düzərək, ulu öndərə ehtiramlarını bildirdilər.
Konfransı giriş sözü ilə açan Şəki Şəhər İcra
Hakimiyyətinin başçısı Elxan Usubov qonaqları
salamlayaraq elmi-praktik konfransın Şəkidə
keçirilməsindən məmnunluğunu ifadə etdi. Şəkinin milli
mənəvi dəyərlərindən söz açan E.Usubov şəhərin qədim
mədəniyyət mərkəzlərindən biri olduğunu, hələ XIX əsrdən
burada
qəza
və rus məktəblərinin fəaliyyət göstərdiyini nəzərə
çatdırdı. Bildirildi ki, Şəkidə 1831-ci ildə rus dilində
açılan təhsil ocağı Azərbaycanda ilk dünyəvi
məktəblərdən biridir. Şəkidə təşkil olunmuş bu məktəb
maarifin inkişafına, onun yeni dünyəvi xarakter
daşımasına təkan vermişdir. Bu məktəbdə Azərbaycan
elminin və təhsilinin inkişafında xüsusi xidmətləri olan
yüzlərlə görkəmli şəxsiyyətlər təhsil almışdır. Qeyd
edildi ki, bu il Şəkidə açılmış ilk qəza məktəbinin
varisi olan Şəki şəhər 5 nömrəli tam orta məktəbin 180
illik yubileyinin keçirilməsi nəzərdə tutulur. Şəhər
icra hakimiyyətinin başçısı Elxan Usubov ulu öndər
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə
Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi
diqqət və qayğı nəticəsində Şəkidə 20 yeni məktəb
binasının tikildiyini, 3 məktəbin isə əsaslı təmir
olunduğunu nəzərə çatdırdı. Bildirdi ki, hazırda 4
məktəb binasının tikintisi davam etdirilir. 2012-ci ildə
şəhər təhsil şöbəsi üçün yeni inzibati və bir məktəb
binalarının tikintisinə başlanılması, 3 məktəbin isə
əsaslı təmir olunması nəzərdə tutulur.
Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov
R.Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə dinlədiyi
"açıq dərs"lərin yüksək səviyyədə təşkil edildiyini
vurğuladı. Hər iki müəllimin peşəkarlığına diqqət çəkən
nazir regionlarda təhsilin sürətlə inkişaf etdiyini
bildirdi. Son illər Şəkidə müşahidə olunan dinamik
inkişafdan söz açan təhsil naziri ümummilli lider Heydər
Əliyevin siyasi kursunu uğurla davam
etdirən ölkə Prezidenti cənab İlham Əliyevin regionların
sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirdiyini
vurğuladı. Misir Mərdanov regionların sosial-iqtisadi
inkişafını sürətləndirmək məqsədi ilə qəbul olunmuş
Dövlət Proqramının əhəmiyyəti və proqram çərçivəsində
görülmüş misilsiz işlər barədə fikirlərini bildirdi.
Bölgələrdə belə tədbirlərin keçirilməsinin vacibliyini
önə çəkən nazir konfransın əhatə etdiyi 6 rayonun təhsil
göstəriciləri haqqında müvafiq statistik məlumatları
iştirakçıların nəzərinə çatdırdı. Şəkidə və bölgədəki
rayonlarda məktəbəqədər təhsil sahəsi haqqında statistik
məlumatları slaydlar vasitəsi ilə göstərən nazir bu
sahədə ciddi problemlərin mövcud olduğunu və
məktəbəqədər təhsil müəssisələrinin azlıq təşkil
etdiyini, problemin həllinə dair məsələlərin müzakirə
edildiyini bildirdı.
Kadrlarla bağlı məsələlərə toxunan Misir Mərdanov
müəllimlərin və tərbiyəçilərin yaş senzi ilə bağlı
yaranan problemlərə həssas yanaşmağı, gənc kadrlara
şərait yaradılmasını, yaşlı müəllimlərin isə bacarıq və
qabiliyyətlərinə görə fəaliyyətlərinin tənzimlənməsini
tövsiyə etdi. Şagird-müəllim nisbətinə toxunan təhsil
naziri bu məsələnin ciddi xarakter daşıdığını və
rasionallaşdırmaya ehtiyac olduğunu nəzərə çatdırdı.
Yeni fənn kurikulumlarının tətbiqi üzrə öyrədici
təlimlərdən keçən müəllimlər haqqında məlumat verən
nazir bu sahədə işlərin mərhələli şəkildə həyata
keçirildiyini vurğuladı. Maddi-texniki təminat,
məktəblərin növbəliliyi, məktəblərdə orta şagird sıxlığı,
şagird-müəllim nisbəti, təhsilinə görə müəllimlərin
təsnifatı, dərs yükü, pedaqoji kadrlarla təminat,
ehtiyac və digər məsələlər haqqında danışan Misir
Mərdanov mövcud problemlərin aradan qaldırılması üçün
bir sıra tövsiyələr və tapşırıqlar verdi.
Digər çıxış edənlər mövzu ətrafında fikirlərini
bildirdilər.
Niyazi RƏHİMOV |