Mayın
2-də Təhsil Nazirliyində ümummilli lider Heydər Əliyevin
anadan olmasının 89-cu ildönümü münasibətilə anım
mərasimi keçirildi. Təhsil Nazirliyinin əməkdaşları,
təhsil müəssisələrinin rəhbərləri və qonaqların iştirak
etdikləri anım mərasimini təhsil naziri Misir Mərdanov
giriş sözü ilə açaraq bu günlər respublikamızın hər
yerində, bütün idarə və təşkilatlarda, dövlət
qurumlarında, eləcə də bir sıra xarici ölkələrdə
Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli
lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə
həsr olunmuş anım mərasimlərinin təşkil olunduğunu, bu
münasibətlə təhsil müəssisələrində də silsilə tədbirlər
keçirildiyini söylədi.
Azərbaycanın bugünkü möhtəşəm nailiyyətlərinin ulu
öndərin adı ilə bağlı olduğunu vurğulayan nazir məhz
ümummilli lider Heydər Əliyevin titanik fəaliyyəti,
yeritdiyi müdrik daxili və xarici siyasət sayəsində
müstəqil Azərbaycan dövlətinin qurulduğunu, onun möhkəm
qanunvericilik bazasının yaradıldığını diqqətə çatdırdı.
Bildirdi ki, ulu öndərin parlaq ideyaları, başladığı
quruculuq siyasəti artıq 8 ildən çoxdur ki, ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun
getdikcə yüksəlməsinə, uğurlarının artmasına diqqəti
çəkən nazir vaxtı ilə imzası imzalar içərisində olmayan
ölkəmizin hazırda BMT Təhlükəsizlik Şurasının
iclaslarına sədrlik etməsini sevindirici hal saydı və
söylədi ki, elə bu faktın özü Azərbaycanın
müstəqilliyinin təməlinin ulu öndər tərəfindən möhkəm
əsaslar üzərində qurulduğunu göstərir. Nazir qeyd etdi
ki, məhz bunun sayəsində müstəqilliyimizin 20 ili
ərzində ölkəmiz ən yüksək zirvələrə çatmış, Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə
dünyanın 155 ölkəsi səs vermişdir.
Tanınmış bir çox xarici alim və ekspertin Azərbaycanın
son illərdəki sürətli inkişafının səbəblərini möhtərəm
Prezidentimizin respublikamızı elmi əsaslara söykənən
dövlət proqramları ilə idarə etməsində gördüklərini
diqqətə çatdıran nazir bu gün Azərbaycanda ölkə
başçısının rəhbərliyi ilə 60-dan çox, o cümlədən təhsil
sahəsində 16 inkişafyönümlü Dövlət Proqramının həyata
keçirildiyini, son 8-10 il ərzində dövlət büdcəsi və
ümumi daxili məhsulun həcminin on dəfələrlə artdığını,
son illər dünyada baş verən tənəzzül və iqtisadi böhran
şəraitində belə respublikamızın öz inkişaf tempini
qoruyub saxladığını bildirdi. Qeyd etdi ki, bu gün
Azərbaycan çox sürətlə inkişaf edir, ölkənin hər yerində
quruculuq, abadlıq işləri aparılır. Bu inkişaf, davamlı
sosial-iqtisadi tərəqqi ölkəmizin bütün bölgələrində də
aydın şəkildə hiss olunur.
Bu gün Azərbaycanın beynəlxalq aləmdə daha çox
tanındığını deyən nazir ölkəmizin beynəlxalq aləmdə
qazandığı uğurların təsadüfi olmadığını, indi həm
uğurlarımız, həm də problemlərimiz barədə dünya
ictimaiyyətinə yetərincə məlumatların verildiyini
bildirdi və Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyevanın mühüm
xidmətlər göstərdiyini mərasim iştirakçılarının nəzərinə
çatdırdı.
Ulu öndərin zəngin həyat və fəaliyyətinin, onun müəllifi
olduğu azərbaycançılıq ideologiyasının böyüməkdə olan
nəslə çatdırılmasının zəruriliyindən söz açan nazir bu
baxımdan xalq artisti, tanınmış kinorejissor Vaqif
Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi sənədli
filmlərin tirajının çoxaldılaraq təhsil müəssisələrinə,
kitabxanalara verilməsi və nümayişinin təşkili
təşəbbüsünü irəli sürdü.
Misir Mərdanov ümummilli liderin həyat yolunun,
vətənpərvərliyinin, xalq yolunda göstərdiyi
fədakarlıqların gənclərə əsl mənəviyyat dərsi olacağına
əminliyini ifadə etdi.
Anım mərasimində çıxış edən xalq artisti, tanınmış
kinorejissor Vaqif Mustafayev ulu öndər Heydər Əliyev
haqqında çəkdiyi sənədli filmlər barədə ətraflı məlumat
verdi. Ümummilli liderin həyatının hamı tərəfindən
olduqca maraqla qarşılanan cəhətlərinə, filmlərin
çəkilişi ilə bağlı bəzi məqamlara toxunan V.Mustafayev
Heydər Əliyev haqqında çəkilmiş "Əsil məhəbbət haqqında"
filminin sənədli filmlər tarixində ilk dəfə beynəlxalq
mükafata layiq görüldüyünü söylədi və bu uğurun əsasən
ulu öndərin həyatının zənginliyi və dərin fəlsəfəsi ilə
bağlı olduğunu vurğuladı.
Heydər Əliyev haqqında çəkilmiş sənədli filmlərin təhsil
müəssisələrində nümayiş etdirilməsi təşəbbüsünü
dəstəkləyən xalq artisti bunun gələcəyimiz olan
uşaqların milli ruhda formalaşmasına müsbət təsir
göstərəcəyinə ümid etdiyini söylədi. V.Mustafayev
çıxışında habelə Azərbaycan təhsilinin ulu öndər
tərəfindən əsası qoyulmuş inkişaf yolunun uğurla davam
etdirildiyini bildirərək xarici ölkələrin
universitetlərində təhsil alan azərbaycanlı gənclərin
yüksək nailiyyətlər qazandıqlarını və onların ölkəmizi
layiqincə təmsil etdiklərini diqqətə çəkdi.
Sonda ulu öndər Heydər Əliyev haqqında çəkilmiş "Tale"
və "Əsil məhəbbət haqqında" sənədli filmləri nümayiş
olundu.
Yusif ƏLİYEV |