Naxçıvan Özəl Universitetində Heydər Əliyev
lektoriyasının növbəti məşğələsi keçirilmişdir.
Məşğələni giriş sözü ilə universitetin rektoru,
professor İsmayıl Əliyev açmışdır. Universitetin tədris
və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə
doktoru, dosent İbrahim Kazımbəyli "Ümummilli lider
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və
memarıdır" mövzusunda məruzə etmişdir. Qeyd olunmuşdur
ki, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı
bir dövrdə ulu öndər bütün həyatını yalnız canından çox
sevdiyi xalqına, onun xoşbəxt yaşamasına həsr etmişdir.
Vətənin ağır günündə xalqın tələbi və iradəsi ilə böyük
siyasətə qayıdan Heydər Əliyev bacarıqlı dövlət xadimi,
müdrik sərkərdə kimi Azərbaycanın nicatını təmin etdi,
xalqı düşdüyü çətin vəziyyətdən xilas etdi.
Dövlət və hakimiyyət böhranı aradan qaldırıldı, vətəndaş
müharibəsinə son qoyuldu, separatçılıq meyillərinin,
dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Milli Ordu
yaradıldı, atəşkəs elan olundu, makroiqtisadi sabitlik
təmin edildi. Yeni, azad, suveren və müstəqil dövlət
yaratmaq arzusu həqiqətə çevrildi. O da vurğulanmışdır
ki, bu gün Azərbaycan öz iqtisadi inkişafına görə
dünyanın öndə gedən ölkələrindən birinə çevrilmişdir.
Ölkəmizin yüksək iqtisadi inkişafının, dünyada söz
sahibi olmasının təməlində isə məhz ölkə başçısı İlham
Əliyevin Heydər Əliyev siyasi kursunu layiqincə davam və
inkişaf etdirməsi dayanır. Azərbaycanı inkişaf etdirən,
ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev
siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin
təminatçısıdır. Bu gün Azərbaycanın sükanı etibarlı
əllərdədir.
Sonra tədbir iştirakçıları ulu öndərin həyat və
fəaliyyətini əks etdirən sənədli filmə baxmışlar.
Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universitetinin əməkdaşı |