Bakıdakı Namiq Həmzəyev adına 238 nömrəli tam orta
məktəbdə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynova
həsr olunmuş "Vətənin azadlığı uğrunda mübarizəyə hazır
ol!" mövzusunda tədbir keçirildi. Əvvəlcə vətənimizin
azadlığı, torpaqlarımızın müdafiəsi uğrunda canından
keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad
edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru
İlqar Talıbov təhsil ocağında mütəmadi olaraq
vətənpərvərlik istiqamətində müxtəlif tədbirlərin
keçirildiyini bildirdi. Qeyd olundu ki, hər birimiz
Vətənin müdafiəsi, torpaqlarımızın bütövlüyü uğrunda
mübarizəyə hazır olmalıyıq.
"Resurs" Gənclərin İnkişafı İctimai Birliyinin sədri
Samir Mehdizadə, Azərbaycanın Milli Qəhrəmanı İbad
Hüseynova həsr olunmuş "Xüsusi təyinatlı" kitabının
müəllifi Sahib Şirinov çıxışlarında gəncləri Vətəni
sevməyə, vətənpərvər olmağa, vətən uğrunda hər bir şeyə
hazır olmağa səslədilər.
Gecənin aparıcıları Milli Qəhrəman İbad Hüseynovun
torpaqlarımızın azadlığı uğrunda gedən mübarizələrdə
göstərdiyi igidlikdən danışdılar. Milli Qəhrəmana həsr
olunmuş "Kəşfiyyatçı" filminə baxış keçirildi.
Tədbirin sonunda "Xüsusi təyinatlı" kitab məktəbin
kitabxanasına hədiyyə olundu.
Rəşad ZİYADOV |