Onu
ilk vaxtlar ölkəsində fizika alimi kimi yox, futbolçu
kimi tanıyırdılar. 1922-ci ildə Nobel mükafatı alanda
yerli qəzetlər belə bir başlıqla çıxmışdı: "Məşhur
futbolçu Nobel mükafatı aldı". Lakin qəzetdə dərc
olunmuş məqalədə məlum deyildi ki, Bor Nobel mükafatını
nəyə görə alıb: futbola və ya digər hansısa başqa işə
görə. Danimarkalı alim Nils Bor müasir fizikanın
yaradıcılarından biridir. Kvant mexanikası, atom
nəzəriyyəsi, nüvə reaksiyaları sahəsində əsas elmi
işlərin yaradıcısıdır. Kopenhagendə Nəzəri Fizika
İnstitutu yaradıb (Nils Bor İnstitutu), dünya nüvə elm
məktəbinin banisidir. 1943-1945-ci illərdə Amerikada
işləyib. Atom nəzəriyyəsini hazırlayıb. Onun əsasında
atomun planetar modeli, kvant nəzəriyyəsi və Borun
təklif etdiyi postulatlar durur. Atom təhlükəsinə qarşı
fəal mübarizə aparıb. 1922-ci ildə Nobel mükafatı alıb.
Oğlu Oge Bor da atası kimi XX əsrin böyük fiziklərindən
olub və 53 il sonra 1975-ci ildə Nobel mükafatına layiq
görülüb.
İlk addımlar
Nils Xenrik David Bor 1885-ci il oktyabrın 7-də
Kopenhagendə anadan olub. Atası Xristian Bor (1858-1911)
Kopenhagen Universitetinin fiziologiya üzrə məşhur
professoru, fiziologiya və tibb sahəsində iki dəfə
Nobel mükafatına namizəd olub. Anası Elen Adler
(1860-1930) yəhudi ailəsindən çıxıb. Onu ölkənin bank,
siyasi və intellektual dairələrində yaxşı tanıyırdılar.
Sonralar alim xatırlayırdı: "Mən dərin mənəvi maraqların
hökm sürdüyü, elmi diskussiyaların adi hal olduğu ailədə
böyümüşəm, atam üçün onun öz elmi işləri ilə insan
həyatının bütün problemlərinə canlı maraq göstərməsi
arasında kəskin fərq mövcud deyildi". Valideynləri
uşaqlarının gələcək həyatını məzmunlu və xoşbəxt edə
bilmişdilər. Ailənin, xüsusən də analarının isti
münasibəti onlarda səmimi keyfiyyətlərin formalaşmasında
həlledici rol oynadı. Bor həm şəxsiyyəti, həm də
insani davranışları ilə böyük xəyallar ardınca qaçan
gənclər üçün bir örnək və öncül idi. Balaca Nils uşaqkən
heç də parlaq bir gələcək vəd etmirdi. Gələcəkdə məşhur
riyaziyyatçı olacaq qardaşı Xarald da ondan
fərqlənmirdi. İki qardaşın ən çox sevdiyi anaları ilə
birlikdə tramvayda şəhəri gəzmək idi. Buna baxmayaraq,
Nils Borun məktəb illəri çox maraqlı keçib. Atasının
fizika və fəlsəfə üzrə dostları hər cümə axşamı Bor
ailəsinə qonaq gələr və onlar elm dünyasında baş
verənləri müzakirə edərdilər. Qardaşlar isə bir küncdə
oturaraq onların qızğın müzakirələrinə qulaq asardılar.
Nils həm fizika, həm də fəlsəfəyə dair müzakirələrin
gedişini böyük diqqətlə izləyərdi. Özlərinin qaynar
diskussiyalarından baş ayırmayan yaşlı elm adamları heç
fikirləşməzdilər ki, onların bir addımlığında Danimarka
elminə dünya şöhrəti gətirəcək balaca Nils Bor var.
Əvvəlcə
Nils Kopenhagendə Qrammelxolm Qrammatika Məktəbində
oxuyub. Bor və onun qardaşı, sonralar tanınmış
riyaziyyatçı olmuş Xarald məktəb illərindən futbol
həvəskarı idilər. Qardaşlar həvəskarlardan ibarət "Akademisk"
futbol komandasında oynayırdılar. Nils komandanın
qapısını qoruyur, Xarald isə yarımmüdafiəçi idi.
Sonralar Xarald Danimarka yığma komandasının üzvü olub
və "Olimpiada - 1908"-in gümüş medalına layiq görülüb.
Sonralar da stolüstü tennis, qayıq idmanı, xizəksürmə
Nils Borun bütün həyatı boyu məşğul olduğu idman növləri
idi. 1903-cü ildə məktəbi bitirən Nils Kopenhagen
Universitetinin təbiətşünaslıq fakültəsinə daxil olur.
Onun burada uğurları o qədər çox idi ki, tədqiqatçılıq
sahəsində qeyri-adi qabiliyyətləri hamını
heyrətləndirirdi. 1907-ci ildə atasının
laboratoriyasında suyun səthi gərilməsi sahəsində
tədqiqatlarına görə Kopenhagen Elmlər Akademiyasının
qızıl medalı ilə təltif olunmuşdu.
Bu, onun yeganə eksperimental işi idi. 1907-ci ildə Bor
bakalavr olub.
O, 1909-cu ildə Kopenhagen Universitetində magistr
dərəcəsi alıb. Onun metallarda elektronların
nəzəriyyəsinə dair doktorluq dissertasiyası ustad
tədqiqat işi hesab olunurdu. Bu iş elmi fəaliyyətinin
ilkin dövrlərində onda belə bir qənaətə gəlməyə imkan
verdi ki, klassik nəzəriyyə elektronların davranışını
tam təsvir edə bilməz. 1911-ci ildə Bor doktorluq
dərəcəsi alıb, eləcə də Kembricdə məşhur Con Tompsonun
laboratoriyasında birillik təcrübə keçmək üçün xüsusi
təqaüdə layiq görülüb. 1912-ci ilin əvvəllərində Bor
Mançesterə Ernest Rezervordun yanına gedir. O, burada
alfa və beta zərrəciklərin tormozlanması sahəsində
tədqiqatlarla məşğul olub, sonra isə atom strukturunu
öyrənib. 1910-cu ildə Nils Bor aptek sahibinin qızı
Marqaret Nerlund ilə tanış olub, bir il sonra onlar
nişanlanıblar. Özünün ilk 4 illik xarici təhsil
ezamiyyətindən qayıdan Bor 1912-ci il avqustun 1-də
Marqaretlə evlənib. Onların nigahı hər ikisinə əsil
xoşbəxtlik gətirdi. Onlar biri-biri üçün çox qiymətli
idilər. Ailədə 6 uşaq böyüyürdü. Oğlanlarından biri
sonralar yazırdı: "Bizim ailədə anamızın oynadığı rolu
qeyd etməmək olmur. Onun rəyi atam üçün həlledici idi,
onun həyatı anamın həyatı idi. Həyatımızda istənilən
hadisədə - istər böyük, istərsə də kiçik olsun, anamız
iştirak edirdi. Təbii ki, hansısa qərarı qəbul edəndə
atamızın ən yaxın məsləhətçisi idi".
1912-ci
ilin yayında Bor ölkəsinə dönərək Kopenhagen
Universitetində professor-assistent vəzifəsinə təyin
olunur. Kembricə bir həftəlik səfər gedişində Bor
Rezervorda baş çəkib. O, evə qayıtmazdan əvvəl alfa
hissəciklərin tormozlanmasına dair apardığı işləri
tanışlıq üçün Rezervorda verib.
Nils Borun atom modeli
Rezervordun atom modelindən çıxış edən Bor Kopenhagenə
qayıtdıqdan sonra hidrogen atomunun quruluşuna dair yeni
baxışlarını inkişaf etdirdi. Rezervordun köməyi ilə onun
"Atom və molekulların quruluşu" adlı elmi işi "Fəlsəfə
maqazin" jurnalında dərc olundu. O, bu işində Rezervord,
Plank və Eynşteynin ideyalarını yaradıcılıqla
birləşdirmişdi. Bu, artıq Borun gələcək dahiliyindən
xəbər verirdi.
Bor başa düşürdü ki, atomun quruluşuna dair Rezervord
təsəvvürləri ilə klassik elektrodinamikanın müddəaları,
müəyyən olunmuş eksperimental nəticələr arasında
ziddiyyət mövcuddur. Hidrogen atomu misalında Bor qeyd
edirdi ki, nüvə ətrafında hərəkət edən elektronun
şüalanması fasiləsiz spektr deyil və deməli, klassik
elektrodinamikanın qanunları ilə izah oluna bilmir. Bu
qanunlara görə, elektronlar sürətli hərəkət gedişində
fasiləsiz olaraq elektromaqnit enerjisi itirə və nəhayət,
nüvəyə düşə bilərdilər. Bu ziddiyyəti aradan qaldırmaq
üçün Bor klassik elmin müddəalarına deyil, eksperimentin
nəticələrinə əsaslanmağa üstünlük verirdi. Bor bununla
da bu günə qədər müasir atom fizikasının təməl
nəzəriyyələrini özündə birləşdirən, Plankın kvant
nəzəriyyəsinə əsaslanan məşhur postulatlarını təqdim
etdi. Nəticədə, alim Rezervord təsəvvürləri ilə
müqayisədə atomun quruluşuna dair daha düzgün təsəvvür
formalaşdıra bildi. On il sonra məşhur fizik Plank qeyd
edirdi ki, Borun atomun quruluş nəzəriyyəsinin öz
cəsarətliliyi və bütövlüyü ilə fizika elmi tarixində
tayı-bərabəri yoxdur. Bor nəzəriyyəsi faktlarla çox
gözəl uzlaşırdı ki, bu da nəzəriyyənin başlıca
vəzifəsidir. "Sintez incəsənəti" sahəsində hədsiz
istedada malik olan Bor eyni zamanda varlığın aydın
tərifini vermişdi. Borun dünya şöhrəti qazanmış atom
modeli iki tələbə - "kvant şərtləri"nə əsaslanırdı.
Birincisi:
elektronlar atomda müəyyən energetik səviyyələrə uyğun "kvant
orbitləri" üzrə, şüalanmadan azad olan Kulon
qüvvələrinin təsiri altında fırlanırlar. Bu zaman
elektronların hərəkəti Plank sabiti və tam ədədlər
ardıcıllığı ilə müəyyən olunur.
İkincisi: Elektronlar şüalanmadan azad orbitlər
arasında qəfil sıçrayışa bənzər keçidlər, "kvant
sıçrayış"ları edirlər. Bu zaman buraxılan işığın dəyişmə
tezliyi kvant hərəkətləri ilə tənzimlənir.
Borun işlərinin əhəmiyyətini dərhal qiymətləndirən
Rezervord ona Mançester Universitetində mühazirəçi-professor
postunu təklif edib. O bu vəzifədə 1914-cü ildən 1916-cı
ilə qədər işlədi. 1916-cı ildə Bor Kopenhagen
Universitetində onun üçün təsis edilmiş professor
postunu tutdu. O, burada atomun quruluşu üzərində
işlərini davam etdirirdi. 1922-ci ildə Nils Bor atomun
quruluşunun tədqiqi sahəsində xidmətlərinə görə Nobel
mükafatı ilə təltif olundu.
Gənc Landaunun fitri istedadı Nils Boru valeh etmişdi
Fizik 1920-ci ildə Kopenhagendə Nəzəri Fizika İnstitutu
yaratdı və həyatının son günlərinə qədər bu instituta
rəhbərlik etdi. Bu institut tezliklə atom və onun
nüvəsinin struktur məsələlərini öyrənən ən böyük elm
mərkəzlərindən birinə çevrilir. Bor cəsarətlə
elektrodinamikadan imtina edir və mikro fizikanın yeni
fəlsəfəsini təklif edir. Eynşteyn Borun bu sahədə
işlərini belə qiymətləndirmişdi: "Atomun Bor quruluşu
təfəkkür sahəsində müsiqiliyin
yüksək formasıdır". "Bor atomu" sadə mexanika deyil,
kvant qanunlarına əsasən qurulub. Bor böyük fiziklər
məktəbi yaratmışdı və bütün dünya fizikləri arasında
əməkdaşlığın inkişafına misilsiz töhfələr vermişdi.
Borun yaratdığı mərkəzdə Xendrik Kramers, Oskar Kleyn,
Lev Landau, Viktor Vayskopf, Leon Rozenfold, Con Uiller,
Feliks Blox, Oge Bor, Xendrik Kazimir, Esio Nisin,
Kristian Meller, Abraham Rays və digər məşhur fiziklər
çalışmışdı. Məşhur sovet fiziki, Sosialist Əməyi
Qəhrəmanı, bakılı Nobel mükafatı laureatı Lev Landaunun
Nils Borla ilk görüşü 1930-cu il aprelin 8-ə təsadüf
edir. Dünyanın hər tərəfindən gənc və istedadlı fiziklər
Nils Borun yanına axışırdılar. Onlar özlərini məşhur
alimin yanında sərbəst hiss edir, Nils Bor isə gənc
alimlərə olduqca yaxşı münasibət göstərirdi. Lev
Landauya isə o, ilk görüşdən xüsusi məhəbbətlə
yanaşmışdı. Gənc Landaunun olduqca çılğın olmasına
baxmayaraq onun fitri istedadı Nils Boru valeh etmişdi.
Nils Bor, öz növbəsində, Lev Landaunun elmi
yaradıcılığına böyük təsir göstərmişdir. Landau ömrünün
sonuna kimi Nils Boru özünə müəllim hesab etmişdi.
1937-ci ilin repressiyalarına məruz qalmış Landau
1938-ci il aprelin 17-də SSRİ təhlükəsizlik xidməti
tərəfindən saxlanılmış və 1939-cu il aprel ayının 19-a
qədər həbsdə qalmışdı. Landaunun həbsini eşidən Nils Bor
dəhşətə gəlir və o, Landaunun fizika üçün, dünya elmi
üçün nə dərəcədə əhəmiyyətli olduğu barədə İosif Stalinə
məktub göndərərək onun azad edilməsini xahiş edir. Məhz
Borun müdaxiləsi nəticəsində Lev Landau 1939-cu il
aprelin 29-da azadlığa buraxılıb. Nils Borun Lev
Landauya dəstəyi bundan sonra da davam etmişdi. Onlar
ailəvi dost olmuşlar. Nils Bor 1961-ci ildə Sovet
İttifaqına səfərə gələndə Lev Landau ilə görüşmüşdü.
Borun elmi məktəbinin xarakteri və dahi fizikin öz
tələbələri ilə qarşılıqlı münasibətlərini başa düşmək
üçün belə bir epizod maraqlıdır. 1961-ci ildə Moskvaya
səfəri zamanı Lev Landau ona belə bir sualla müraciət
edir: "Öz ətrafınızda bu dərəcədə yaradıcı nəzəriyyəçi
gəncləri cəlb etməyiniz üçün hansı sirriniz olub?".
Alim cavab verib: "Hansısa xüsusi sirr olmayıb, sadəcə
biz gənclər qarşısında ağılsız görünməkdən
qorxmamışıq".
Təhlükəli uçuş
1939-cu ildə Nils Bor müəyyən etmişdi ki, uranın adi
izotoplarından biri, uran-235 parçalanma materialıdır.
Bu isə atom bombasının hazırlanmasına əhəmiyyətli təsir
etmişdi. Nils Borun tədqiqatları faşist Almaniyasının o
zamankı başçılarını çox maraqlandırırdı. 1943-cü ildə
alim belə bir məlumat almışdı ki, nasistlər onu
Almaniyaya aparmaq istəyirlər. Ertəsi gün danimarkalı
antifaşistlər gecə ilə onu qayıqla gestaponun təqibindən
xilas etmək üçün İsveçə qaçırıblar. İsveçdən alim
təyyarə ilə İngiltərəyə, oradan isə oğlu Oge ilə
birlikdə Amerikaya uçub. "Bu uçuş çox təhlükəli idi.
Uçuş zamanı Borun başının ölçüsünə uyğun gələn qulaqcıq
tapılmadı, buna görə də o, pilotun oksigen maskasını
taxmaq barədə sərnişinlərə müraciətini eşitmədi.
Nəticədə, alim huşunu itirmişdi. Yanında olan oğlu
atasının vəziyyətini pilota çatdırdıqdan sonra o,
təyyarəni atmosferin aşağı qatına endirmişdi", - deyə
alimin biblioqrafı D.Frank sonralar yazırdı.
Bor əvvəlcə atom bombasının yaradılmasını texniki
cəhətdən qeyri-mümkün hesab etmişdi. Lakin artıq
Amerikada atom bombasının yaradılmasına başlanmışdı və
bu işdə amerikalı alimlərə Borun köməyi tələb olunurdu.
Nils Bor uydurma Beyker soyadı ilə Amerikanın ilk atom
bombasının yaradılmasında iştirak etdi. O, atom
bombasının hazırlanması prosesində bir sıra texniki
ixtiralar etdi və bu layihə üzərində işləyən alimlər
arasında ən nüfuzlu və ən yaşlı alim hesab olunurdu.
Tezliklə məlum oldu ki, Hitler Almaniyası artıq atom
silahı əldə etmək gücündə deyil, Bor Amerikanın atom
bombasının tətbiq olunmasının qarşısını almaq üçün bütün
nüfuzunu səfərbər etdi. Müharibədən sonra Boru
gələcəkdə atom bombasının tətbiqi çox narahat edirdi. O,
Amerika prezidenti Franklin Ruzvelt, Böyük Britaniyanın
baş naziri Uinston Çörçillə danışıqlar apararaq onları
Sovet İttifaqı ilə yeni silah barəsində açıq və səmimi
olmağa inandırmağa çağırırdı. Lakin bəşəriyyətin
gələcəyindən narahat olan dahi fizik adıçəkilən
ölkələrin liderlərini inandıra bilməmişdi. Borun bu
səyləri, eləcə də 1944-cü ildə akademik Pyotr Kapitsa
tərəfindən Moskvaya səfərə dəvəti onun Sovet İttifaqı
xeyrinə casusluqda ittiham olunması ilə nəticələnmişdi.
Alim müharibədən sonrakı dövrdə silahlar üzərində
nəzarət sisteminin yaradılmasında israr edirdi.
"Eynşteyndən sonra ikinci"
Müharibədən sonra Bor Kopenhagenə qayıdaraq Nəzəri
Fizika İnstitutunda fəaliyyətini bərpa etdi. İnstitut
Borun rəhbərliyi ilə genişləndi. O, Avropa Nüvə
Tədqiqatları Mərkəzinin (ANTM) yaradılmasında iştirak
etdi. Alim Kopenhagendə Nord Nəzəri Atom Fizika
İnstitutunun yaradılmasında da iştirak edib. Bu,
Skandinaviya dövlətlərinin birləşmiş elmi mərkəzi idi.
Bu illər ərzində alim nüvə enerjisindən dinc məqsədlər
üçün istifadə olunması uğrunda mübarizəsini davam
etdirirdi. Təqaüd yaşına çatan Bor Kopenhagen
Universitetinin professoru vəzifəsindən istefa verdi.
Lakin Nəzəri Fizika İnstitutunun başçısı kimi yenə də
fəaliyyət göstərirdi. Həyatınn son günlərində kvant
fizikasının inkişafı sahəsində dəyərli xidmətlərini
davam etdirdi və molekulyar biologiyanın yeni sahəsinə
böyük maraq göstərirdi.
Nils Bor 1962-ci il noyabrın 18-də Kopenhagendə öz
evində ürəktutmasından vəfat edib. Dmitri Mendeleyevin
dövri cədvəlində 105-ci element onun şərəfinə nilsborium
(Ns) adlandırılıb. Müasirləri çox haqlı olaraq Nils
Borun yaratdığı kvant nəzəriyyəsinə görə Eynşteyndən
sonra yalnız ikinci olmağa layiq olduğunu qeyd
edirdilər.
"Cəsarət və ehtiyatlılığın nadir qarışığı"
Hündürboylu, böyük yumor hissinə malik olan Bor
qonaqpərvərliyi və səmimiyyəti ilə seçilirdi. Bor
tələbələrini və müəllim həmkarlarını tez-tez öz bağında
qonaq edərmiş. Bir dəfə qonaq gələn cavan fiziklərdən
biri alimin evinin giriş qapısının üstündə mismarlanmış
at nalı görür. O, üzünü Bora tutaraq "axı siz
professorsunuz, bu cəfəng şeylərə inanmayın", - deyib.
Cavabında Bor gülümsəyərək "əlbəttə ki, inanmıram, lakin
deyirlər ki, nal hətta ona inanmayanlara da uğur
gətirir", - bildirib.
Eynşteyn bir dəfə onun haqqında demişdi: "Borda bir
alim-mütəfəkkir kimi cəlb edən ən təəccüblü cəhət
cəsarət və ehtiyatlılığın nadir qarışığıdır. Qapalı
şeylərin mahiyyətini bu cür intuitiv surətdə qavramaq
qabiliyyətinə malik olan çox nadir insan tapılar. O, heç
şübhəsiz ki, bizim əsrin ən dahi elm zəkalarından
biridir". O, 20-dən artıq aparıcı elmi cəmiyyətlərin
üzvü, Danimarka Kral Elmlər Akademiyasının prezidenti
idi. Nobel mükafatından başqa, Bor aparıcı elmi
cəmiyyətlərin ali mükafatları, Almaniya Fizika
Cəmiyyətinin Maks Plank və London Kral Cəmiyyətinin
medallarını, Kembric, Edinburq, Sorbonn, Prinston,
Makgil, Harvard və Rokfeller kimi universitetlər və
digər elmi cəmiyyətlərin fəxri alim dərəcəsini almışdı.
Elmi nüfuzuna baxmayaraq, Bor öz konsepsiyasını şübhə
altına almağa və onu müzakirə etməyə hazır idi. O, heç
vaxt idrak məsələsinə marağını itirməyib. Onun
biblioqraflarından, dostu Rut Mur yazırdı: "Seminarların
birinin sonunda tələbələrdən biri Bora yaxınlaşaraq
şikayətləndi ki, diskussiya və müzakirələrdə qoyulan
həllini gözləyən mürəkkəb məsələlər onda başgicəllənməsi
yaradır. Tələbəsi ilə razılaşan Nils Bor cavabında
demişdi: "Əgər kimsə deyəcək ki, kvant problemindən
danışarkən onun başı firlanmır, deməli, o heç nə başa
düşmür".
Fizikada fəlsəfə axtaran alim
Nils Boru uşaqlıqdan başqalarından fərqləndirən bir
keyfiyyət var idi: o, bütün elmi araşdırmalarında,
nəzəriyyələrində, fərziyyələrində fəlsəfi məna
axtarırdı. Onun qənaətinə görə, bütün elmi düşüncənin
fəlsəfi əsası, izahı var. Dahi alim bu prinsipə ömrünün
sonuna qədər sadiq qaldı. Alim hələ tələbəlik illərində
"Ekliptiklər" adlı fəlsəfə klubu yaratmışdı. Onun
üzvləri arasında fiziklər, riyaziyyatçılar,
hüquqşünaslar, psixoloqlar, tarixçilər, entomoloqlar,
linqvistlər, incəsənət işçiləri var idi. Bor təkcə
atomun müasir modelinin banisi deyil. O, həm də fizikada
iki yeni fəlsəfi prinsipin müəllifi idi. Onlardan
birincisi, uyğunluq prinsipi - yeni nəzəriyyə köhnə
nəzəriyyə ilə bir-birinə bağlanmalıdır və bu bağlanma
nöqtəbənöqtə izlənilməlidir. İkincisi, qarşılıqlı
tamamlama prinsipidir. O, fizikin işini şairin
yaradıcılığı ilə müqayisə edərdi. Hər ikisi reallığı
əks etdirən obraz gəzir. Lakin Borun fiziki reallığı
şairinkindən fərqlənirdi. Bu, şairin daxili aləmi deyil,
təbiət hadisələri və toplanmış faktlar arasında
qarşılıqlı əlaqənin birliyi idi. Ona bir-birini
tamamlayan anlayışlar lazım idi. O, kvant fizikasına
vahid təsəvvürlər sistemi kimi baxırdı. Alim
tələbələrinin elmi uğursuzluğuna təmkinlə baxar və bunda
da fəlsəfi məna axtarardı. Elmdə uğursuzluğa düçar
olmuş tələbələrindən biri barədə Bor belə demişdi: "O,
şair oldu - fizik üçün onun kifayəf qədər az təxəyyülü
var idi".
Hazırladı: Oruc
MUSTAFAYEV |