Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Aprel 2012 - №16

 

"Ümmanlar eşqilə aşıb-daşaram..."

 

Ofelya xanım sözün özəl əriş-arğacını, nurlu-dürlü çeşnilərini incəliklərinə qədər bilir. Buna görə də qələmiylə gözəl ilmələr vurub əlvan duyğu xalıları toxuyur. Söhbət  müəllim kimi ömrünü-gününü şam edib balalarımızın yolunda əridən, şair kimi mənəvi dünyamızı zənginləşdirmək amacına bələnən Ofelya Babayevadan gedir.

Sumqayıtdakı 11 nömrəli məktəbin direktoru, "Şöhrət" ordenli, əməkdar müəllim dörd kitab müəllifidir.

Şairənin yüksək təbi aydın havalarda Sumqayıtdan baxanda görünən doğma Xızı dağlarının suyundan, havasından mayalanıb. O dağların Cəfər, Müşfiq, Cabir, Zeynəb, Ağasəfa... kimi zirvələri var. Xızının xınalı dağları Ofelya xanımın ruhunun qibləgahıdır. Özü demişkən, ruhu dar otaqlara sığmayanda əlçatmaz dağların ucalığına - aləmin genişliyinə, təbiətin təmənnasızlığına üz tutur. Beləcə, hər yetənə həmdəm etmədiyi bənövşə ürəyini Dübrarın qoynunda ovundurur, Ataçayın sahilində dilə tutub ürəkləndirir.

O, "Müşfiq ocağı"nı yaşadanlardan, mənəvi babasının ənənəvi poeziya günlərini hər il böyük məhəbbətlə keçirənlərdən biridir. Mənəvi varisin öz  yaradıcılığı da oxucu marağından xali deyil. Bu yaxınlarda işıq üzü görən "Dünya, eşit məni" adlı növbəti kitabı qarşımdadır. Bu yazqabağı dönəmdə "Güneydə əriyər qar topa-topa, quzeylər hifz edər izlərimizi" - deyən şairənin həzin duyğuları ilə təmas məmnunluq yaradır. 

Ömrümüz nə yaman ötüşür,

Dalğalar sahillə görüşür.

Yarpağa, çiçəyə şeh düşür -

Yadıma düşürsən...  

Nəğmə təsiri bağışlayan belə incə, zərif notlu şeirlər kitabda yetərincədir.

Ofelya xanımın əksər şeirlərində onun vətəndaş ürəyi döyünür. Bu ürək daim qayğılı və narahatdır. Sanki çevrəsində baş verən hər şeyə görə mənəvi məsuliyyət yükü var. "Neçə ömrə cavabdehəm", "Gözümün giləsinə sıxmışam kainatı", "Çiynimdə el dərdi daşıya bilsəm..." -deyən şairə həyat məramını belə ifadə eləyir: 

Kiminsə ömrünə gərək olmayan

Ömür istəmirəm bircə an belə.

Bir yol şölə çəkib alovlanmayan

Ocaq nəyə gərək yanırsa hələ?! 

Gündəlik həyatın ala-boz işlərindən yorulub, üzücü qayğılardan sıyrılıb özüylə tək qalanda isə  sanki gümüldənən çaya, "xəzəllər altında axan irmağa" dönür. Bax, bu zaman ovqatın şairlik üzü görünür. Özü-özünə poetik məktublar yazır Ofelya xanım. Onun şeirləri bər-bəzəksiz, zər-zıbasızdır. Necə ki, çəmən çiçəkləri dibçək güllərindən, bərəkət zəmiləri lentli-bantlı səmənilərdən fərqlənir, bu şeirlər də sadəliyi, təbiiliyi ilə eləcə seçilir.

Vətənə məhəbbət motivləri xüsusilə diqqətçəkəndir. Şairənin hissi də, əqli də "qida"sını vətən sevgisindən alır: 

Əbədi borcluyam sənə, ey vətən,

Zərrənəm, səndədir qəlbimin gücü.

Hər gün sənə doğru yol gəlirəm mən,

Hisslərim sükançı, əqlim bələdçi. 

Vaxtilə Azərbaycanın xalq şairi Mirvarid Dilbazi onun yaradıcılıq məziyyətlərini təqdir edib: "Ofelya Babayevanın şeirlərini bizə sevdirən cəhətlər hansılardır? Hər şeydən əvvəl, bu poeziya nümunələrinin səmimiliyi və təsvir olunan hadisələrin təbiiliyi mənim diqqətimi cəlb edir. Şairə nədən yazırsa-yazsın, onu öz şəxsi ağrıları və nəşələri kimi yaşayır, həyat hadisələrinə fəal vətəndaş mövqeyindən yanaşır, aktual, müasir dünyamızı narahat edən məsələlərdən bəhs edir".

...Şair ömrü dağ çayına bənzəyir. Bəndə-bərəyə sığmır, köpürüb-daşır, ümmanlara qovuşmağa can atır. Ofelya xanımın da qismətinə belə bir tale düşüb: 

Demək istəyirəm indi ellərə,

Həsəd ediləsi ömür yaşaram.

Hər bahar qoşulub coşan sellərə

Ümmanlar eşqilə aşıb-daşaram.

 

Əli NƏCƏFXANLI

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov