Bakı
Şəhəri üzrə Təhsil İdarəsi təhsilin keyfiyyətinin
yüksəldilməsi, fənn müəllimlərinin tədris prosesində
yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsi və
təbliği məqsədi ilə ötən ilin dekabrından start verdiyi
fənn aylıqlarını davam etdirir. İdarənin Təhsil
Şurasının 31 yanvar 2012-ci il tarixli qərarı ilə
fevral-mart aylarında paytaxtın ümumtəhsil
müəssisələrində "Azərbaycan dili və ədəbiyyat fənn
aylığı" elan olunmuş, aylıq çərçivəsində bir sıra
nominasiyalar üzrə müsabiqələr, digər tədbirlər
keçirilmişdir. Aylığın əsas tədbirlərindən biri "Ən
yaxşı "açıq dərs" nominasiyası üzrə müsabiqə idi.
Paytaxtın çoxsaylı ümumtəhsil müəssisələrinin yüzlərcə
müəllimi bu müsabiqəyə qatılaraq işlədikləri tədris
ocaqlarında "açıq dərs"lər aparmış və bu yolla özlərinin
pedaqoji-metodik məharətlərini, müasir təlim
prinsiplərini, yeni təlim metodlarını və
texnologiyalarını necə mənimsədikləri və tətbiq
etdiklərini nümayiş etdirirlər. Belə dərslərdən üçü
martın 3-də Bakının Binəqədi rayonunda yerləşən 283
nömrəli məktəb-liseydə oldu. Həmin gün müsabiqənin
təşkilat komitəsinin sədri və üzvləri, məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimləri həmkarları
Xuraman Yusif-Kənanın IX "a" sinfində ədəbiyyatdan,
Ruhəngiz Cəbiyevanın VII "b" sinfində Azərbaycan
dilindən, Ofeliya Məmmədovanın VIII "c" sinfində
ədəbiyyatdan apardıqları "açıq dərs"ləri müşahidə edib
qiymətləndirdilər.
Dərslərdə biz də iştirak edirdik.
IX "a" sinfində mövzu Xəlil Rza Ulutürkün "Mənim dilim"
şeirinin təhlili idi. Müəllim X.Yusif-Kənan sinfi
yoxladıqdan sonra mövzu, dərsin quruluşu, şagirdlərin
hazırladıqları işlər, hansı fənlərlə inteqrasiya
aparılacağı, nəzərdə tutulan hədəflər barədə qısa
məlumat verdi. Dərs forması olaraq qruplarla iş seçilmiş,
yaradılmış 3 qrupa "Vətən dili", "Ana dili", "Oğuz dili"
adları verilmişdi.
Təşkilati hissə başa çatdıqdan sonra "Koroğlu"
operasının uvertürası səsləndirildi. Musiqinin müşayiəti
ilə istiqlal şairi Xəlil Rza Ulutürkün
tərcümeyi-halından fraqmentləri, dilimizin qorunması ilə
bağlı onun fikirlərini əks etdirən slaydlar ekranda
nümayiş olundu. Şairin ifasında şeirdən bir parça
səsləndirildi. Şagirdlər nümayiş olunanlar barədə öz
fikirlərini bildirdilər və müəllimin filmin məzmunu ilə
bağlı suallarını cavablandırdılar.
Bu qayda ilə dərsdə motivasiya yaradıldıqdan sonra
tədqiqat sualı qoyuldu və qruplara müstəqil iş üçün
tapşırıq verildi. "Tapşırıq-1"də şagirdlərdən Xəlil Rza
Ulutürkün "Mənim dilim" şeirindən bir parçanı ifadəli
söyləmək təklif olunur, şeirdə ana laylası haqqında nə
deyildiyi, "bu dildədir yüz abidə, min abidə" misrası
ilə şairin nə demək istədiyi, Azərbaycanı nəyə
bənzətdiyi soruşulurdu. Tapşırığın icrası üçün verilən
vaxt başa çatdıqdan sonra qruplardan nümayəndələr çıxış
edib şeirdən parçalar söylədilər, sualları
cavablandırdılar, cavablara əlavələr etdilər. Sonra bir
neçə sualdan ibarət "Tapşırıq-2" qruplara təqdim olundu.
Suallar şeirin məzmunu, ideya-bədii xüsusiyyətləri,
şairin məramı ilə bağlı məsələləri əhatə edirdi.
Şagirdlər həmin sualları da cavablandırdılar. Müəllim
tərəfindən cavablar ümumiləşdirildi və qiymətləndirmə
aparıldı.
Sonra əyləncəli tapşırıq verildi. Şagirdlər bir-bir
müəllimin stoluna yaxınlaşaraq buradakı "qiymətli
əşyalar" saxlanılan sandıqçadan suallar yazılan vərəqlər
çıxarıb cavablandırdılar. Həmin vərəqlərdə dilimizin
Konstitusiyada təsbiti, ölkəmizdə 1 avqust tarixinin nə
günü olması və s. kimi suallar yazılmışdı. Həmin
sual-tapşırıqların tələbinə müvafiq olaraq şagirdlər
habelə dil haqqında atalar sözü və aforizmlər
söylədilər, ulu öndər Heydər Əliyevin, digər məşhur
simaların dilə dair müdrik fikirlərini səsləndirdilər,
hər qrupdan bir nəfər dəvət olunaraq təqdim olunan testi
cavablandırdı.
Danışıqda tez-tez işlənən əcnəbi sözlərdən imtina
edilməsi ilə bağlı da dərsdə iş aparıldı, şagirdlərə
belə sözləri işlətməmək (məsələn, "dayanacaq" əvəzinə "ostanovka",
"nəfəslik" əvəzinə "fortoçka" və s.), evdə ailə
üzvlərini buna alışdırmaq, beləliklə, dilimizin
təmizliyini, saflığını qorumaq məsləhət görüldü. Müəllim
bildirdi ki, dilimizə dövlət tərəfindən qayğı göstərilsə
də onun saflığını qorumaq hər kəsin vətəndaşlıq borcudur.
Dərsdə Azərbaycan dili, Azərbaycan tarixi fənləri ilə
məharətlə inteqrasiya yaradılaraq şagirdlərə dilimizin
tarixi, lüğət tərkibi, semantik-qrammatik xüsusiyyətləri
barədə də yığcam məlumat verildi.
Dərs qrupların fəaliyyətinin müxtəlif kriteriyalar üzrə
qiymətləndirilərək evə tapşırıq verilməsi və Emin
Sabitoğlunun "Şirin dil" mahnısının səslənməsi ilə başa
çatdı.
Ruhəngiz Cəbiyevanın VII "b" sinfində Azərbaycan
dilindən apardığı dərsin mövzusu isə "Köməkçi nitq
hissələri və onların cümlədə rolu" idi. Burada da
qruplarla iş forması seçilmiş və sinif "Zəfər", "Qələbə"
və "İnam" qruplarına bölünmüşdü.
Dərs Dövlət himninin ifası ilə başlandı.
Müəllim ötən dərslərdə öyrənilənlərin təkrarı və
motivasiya üçün siniflə sual-cavab apardı. Sual-cavabla
əsas nitq hissələri, onların tərifi, cümlədə hansı üzv
olması barədə keçmiş biliklər yada salındı və yeni
dərsin mövzusu elan olundu.
Müəllim şagirdlərə dərsə marağı gücləndirmək üçün "Nə
artıqdır" mövzusunda tapşırıq verdi. Tapşırıqda
qrammatik məna baxımından digər sözlərdən fərqlənən
sözün tapılması nəzərdə tutulurdu.
Tapşırıq qruplar tərəfindən düzgün cavablandırıldı və
onlar bir-birlərini qiymətləndirdilər.
Sonra motivasiya yaradıldı. Müəllim məlumat verdi ki,
dilimizdə leksik mənası olan sözlərlə yanaşı belə mənası
olmayan sözlər də vardır ki, onlar da nitqimizdə mühüm
rol oynayır.
Şagirdlərə daha bir maraqlı tapşırıq təqdim olundu.
Qruplar ekranda nümayiş olunan 3 kinofilmdən parçalarda
qəhrəmanların nitqindəki köməkçi nitq hissələrini tapıb
göstərdilər. Sonra səhnəcik nümayiş olundu: qoşma,
bağlayıcı, ədat, modal sözlər və nidanı təmsil edən
şagirdlər bu nitq hissələrinin əhəmiyyəti, cümlədə rolu
barədə şeir parçaları söylədilər, onlar haqqında qısa
məlumat verdilər.
Bu mərhələnin qiymətləndirilməsi aparıldıqdan sonra
mövzunun necə mənimsənildiyini yoxlamaq üçün qruplara
test tapşırıqları və onları cavablandırmaq üçün 3 dəqiqə
vaxt verildi. Qrup liderləri düzgün cavabları təqdim
etdilər və qiymətləndirildilər.
Müəllimin tapşırığı ilə qruplar bir-birlərinə suallar
ünvanladılar, iş vərəqlərində təqdim olunmuş müstəqil
işi həll etdilər. Verilmiş mətndə buraxılmış köməkçi
nitq hissələrinin müəyyənləşdirilməsi və yerinə
yazılması tapşırığı da şagirdlər tərəfindən
müvəffəqiyyətlə icra olundu.
Dərsin ən maraqlı məqamlarından biri mövzu ilə bağlı
krossvordların həlli oldu. Şagirdlər onun həlli üçün
aparılan sual-cavabda fəal iştirak etdilər. Sonra BİBÖ
cədvəli üzrə iş aparıldı və şagird qiymətləndirildi.
Həmin gün 283 nömrəli məktəb-liseydə dinlədiyimiz üçüncü
dərs VIII "c" sinfində keçilən ədəbiyyat dərsi oldu.
Dərsin mövzusu "Qurbanəli bəy" hekayəsi və onun təhlili"
idi. Dərsi aparan müəllim Ofeliya Məmmədova da qruplarla
iş formasını seçmişdi. Onun təklifi ilə "Molla
Nəsrəddin", "Poçt qutusu", "Naxçıvan" qruplarının
liderləri özlərini təqdim etdilər.
Dərsin məqsədi, istifadə olunan təlim üsulları,
resurslar müəllim tərəfindən elan olunduqdan sonra ulu
öndər Heydər Əliyevin Naxçıvana səfərlərinin birindən
fraqmentlər proyektor vasitəsi ilə ekranda
canlandırıldı. Səfər zamanı ümummilli liderin Naxçıvan,
xüsusilə də məşhur Nehrəm kəndi haqqında dediyi sözlər
ətrafında müsahibə aparılmaqla motivasiya yaradıldı.
Naxçıvanın ölkəmizə bir çox tanınmış dövlət xadimləri,
alimlər, yazıçılar, şairlər verdiyi, onlardan birinin də
Cəlil Məmmədquluzadə olduğu qeyd edildi, ədibin
yaradıcılığına qısa ekskurs olundu. Beləliklə, mövzuya
keçid təmin edildi. Qruplara kartoçkalar paylandı,
şagirdlər onların üzərində müstəqil işlədilər. Qrup
liderləri tapşırığa verdikləri cavablarda Cəlil
Məmmədquluzadənin həyatı, əsərləri, onun nəşr etdiyi
məşhur "Molla Nəsrəddin" jurnalı haqqında xeyli biliyə
malik olduqlarını nümayiş etdirdilər, ədibin
yaradıcılığına qiymət verdilər.
Müəllim yeni mövzu ilə bağlı sual-cavab apardı. Həmin
sual-cavab əsasında hekayənin məzmunu şagirdlər
tərəfindən nəql olundu. Şagirdlər hekayənin qəhrəmanı
Qurbanəli bəyə münasibətlərini bildirib onun
davranışını, hərəkətlərini, sözlərini təhlil etdilər.
Şagirdlərdən biri Qurbanəli bəy qiyafəsində lövhəyə
çıxdı. Digər şagirdlər ona suallar ünvanladılar.
"Qurbanəli bəy" sualları cavablandıraraq o vaxt nə üçün
belə hərəkət etməsini, nə üçün pristavın xanımına
yaltaqlanmasını, verdiyi sözə nə üçün əməl etməməsinin
"səbəblərini" izah etdi.
Dərsin sonrakı mərhələlərində şagirdlər test
tapşırıqları, krossvordlar üzərində işlədilər. Dərsin
sonunda isə onlara evdə bu mövzuda esse yazmaq
tapşırıldı.
"Açıq dərs"lər başa çatdıqdan sonra onların müzakirəsi
aparıldı. Hər üç müəllim dərsə yaxşı hazırlaşmış,
maraqlı resurslar əldə etmişdi. Dərsin mövzusuna uyğun
üsullar və iş formaları seçmişdi. Hər üç dərsdə İKT-dən
istifadəyə geniş yer verildi, şagirdlərin müstəqil və
yaradıcı işləmələri, dərsin bütün mərhələlərində onların
fəallığı təmin olundu. Hər mərhələ üzrə qiymətləndirmə
düzgün aparıldı və qiymətləndirmə zamanı şagirdlər
tərəfindən yoldaşlarının fəaliyyətinə qiymət verilməsi
təşkil olundu. Maraqlı keçən hər üç dərsdə qarşıya
qoyulan məqsədlər əldə olundu, dərsin təhsilləndirici,
inkişafetdirici və tərbiyələndirici vəzifələri yerinə
yetirildi. Bütün bunları müzakirələrdə söz alan aylığın
təşkilat komitəsinin sədri Həvva Əsgərova, üzvləri
Vəzihə Məmmədova, Zabit Yunisov, Elmira Allahverdiyeva
da öz çıxışlarında qeyd edib dərsləri yüksək
qiymətləndirdilər.
Tədbiri yekunlaşdıran 283 nömrəli məktəb-liseyin
direktoru Şükufə Axundova "açıq dərs"ləri aparan
müəllimlərin yüksək hazırlıq və peşəkarlıq nümayiş
etdirdiklərini vurğuladı, aylıq çərçivəsində təhsil
ocağında görülmüş digər işlər barədə məlumat verdi.
Yusif ƏLİYEV |