Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Aprel 2012 - №16

 
Dünya təhsili

Çexiya Respublikasının təhsil sistemi

 
 

Çexiya Respublikası

 
   
Ərazisi:  78,9 min km2 
Əhalisi: 10,6  milyon nəfər
Paytaxtı: Praqa
Dövlət dili: çex dili
Pul vahidi:  çex kronu
 

Təhsil sistemi 

Avropanın mərkəzində yerləşən Çexiya Respublikası zəngin dövlətçilik ənənələrinə malikdir. Hələ əsrlər öncə ölkədə təhsil sahəsinə göstərilən həssas münasibət və bunun üçün yaradılan əlverişli şərait nəinki yerli əhalinin, hətta digər xalqların nümayəndələrinin də Çexiyada təhsil almasına imkan verib.

Çexiyada 1774-cü ildə 6 illik icbari təhsil sistemi tətbiq olunub. 1869-cu ildən etibarən 8 illik icbari təhsilin tətbiqi sayəsində əhalinin savadlılıq səviyyəsinin ciddi şəkildə yüksəlməsinə zəmin yaranıb. Məktəb şəbəkəsi genişləndirilib, xüsusilə şəhərlərdə təhsilin inkişafına diqqət artırılıb.

İlk ali təhsil müəssisəsi 1348-ci ildə Praqa şəhərində təsis edilib. 1717-ci ildə Çexiya Texniki Universiteti fəaliyyətə başlayıb.

Müasir dövrdə də əhalinin bütün təbəqələrinin təhsilinə, ümumi savadlılıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilir. Təhsilin bütün səviyyələri üzrə keyfiyyətin yüksəldilməsi və müasir kommunikasiya texnologiyalarının tədris prosesinə tətbiqi məsələləri daim diqqət mərkəzində saxlanılır. Çexiya Respublikasında təhsil sisteminə, təhsil strategiyasının hazırlanması və həyata keçirilməsinə Təhsil, Gənclər və İdman Nazirliyi nəzarət edir.

Ölkənin təhsil sistemi məktəbəqədər, əsas orta, texniki peşə, ali təhsil pillələrinə bölünür. Məktəbəqədər təhsil müəssisələrinə 3-6 yaşlı uşaqlar cəlb edilir.

Əsas təhsil pilləsi iki mərhələyə bölünür. Birinci mərhələ I-V, ikinci mərhələ isə VI-IX sinifləri əhatə edir. 13 illik orta təhsil pilləsi 4, 6 və ya 8 illik gimnaziyalarda həyata keçirilir. Şagirdlər 4 illik gimnaziyalara IX sinfi, 6 illik gimnaziyalara VII sinfi, 8 illik gimnaziyalara isə V sinfi başa vurduqdan sonra daxil ola bilərlər. Gimnaziya təhsilini tamamlamış şagirdlər ali təhsil pilləsində oxumaq hüququ əldə edirlər.

Yalnız əsas təhsil pilləsi icbaridir. Tədris ili sentyabrın əvvəlində başlayır və iyun ayının sonuna qədər davam edir. Tədris ili iki semestrdən ibarətdir. Hər semestrin axırında imtahanlar təşkil olunur.

Texniki peşə təhsili orta təhsilin yuxarı pilləsindən (gimnaziya) başlayır. Texniki və peşə təmayüllü orta məktəblərdə oxuyan şagirdlər bir sıra ixtisaslara yiyələnir və əmək bazarının tələblərinə uyğun hazırlanır.

Tarixi baxımdan Çexiyada təhsil sisteminin təşkili çox erkən dövrlərdən başlamışdır. Təhsil sistemi hər zaman dəyişikliyə məruz qalaraq müasirləşməkdədir. Çexiyada ali təhsilin idarə olunması təhsilin digər pillələrinin idarə olunmasından  fərqlidir.

Çexiyanın Təhsil, Gənclər və İdman Nazirliyi dövlət təhsil siyasətini həyata keçirən qurumdur. Nazirlik məktəbəqədər, orta, ali təhsil pilləsinə, təhsilin konsepsiyasının hazırlanmasına, islahatların aparılmasına, elmi tədqiqat, inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsinə, uşaqlara dövlət qayğısının göstərilməsinə, eləcə də bu sahələr üzrə beynəlxalq əməkdaşlığın qurulmasına cavabdeh olan dövlət orqanıdır. Nazirliyin vəzifələrinə həmçinin fasiləsiz təhsil və elmi dərəcələrin verilməsi ilə əlaqədar məsələlər aiddir. Müdafiə Universiteti Müdafiə Nazirliyinin, Polis Akademiyası isə Ədliyyə və Daxili İşlər Nazirliyinin tabeliyindədir.

Əmək bazarının təhsilin planlaşdırılmasında nəzərə alınması baxımından Təhsil, Gənclər və İdman Nazirliyi Əmək Məsələləri Nazirliyi ilə əməkdaşlıq edir. Təhsil, Gənclər və İdman Nazirliyi tibb təhsilinin təşkili istiqamətində Səhiyyə Nazirliyi ilə birgə fəaliyyət göstərir.

 Məktəbəqədər təhsil 

Çexiyada məktəbəqədər təhsilin əsas məqsədi bilik cəmiyyətində uğur əldə etməyə yönəlmiş fasiləsiz təlimə zəmin yaratmaqdan ibarətdir. Bunun üçün erkən yaşlarından uşaqların zəruri biliklərə yiyələnmələri və onların bu istiqamətdə formalaşdırılması təmin olunur.

Məktəbəqədər təhsil uşaq bağçalarında və ya ibtidai məktəblərin hazırlıq siniflərində təşkil edilir. Bu təhsil pilləsinə qəbul prosesində ibtidai təhsilə başlanmasının son yaş dövründə olan uşaqlara üstünlük verilir.

Bağçalarda tədris siniflər bölgüsü üzrə aparılır. Uşaqlar həm öz yaşıdlarının oxuduğu siniflərdə, həm də böyük və ya kiçik uşaqların sinfinə qəbul edilir. Bu tədris prosesində inteqrativliyin təmin olunması məqsədilə atılan addımlardan biridir. Eyni qayda əsasında xüsusi təhsil ehtiyacı olan uşaqların da adi bağçalara yerləşdirilməsinə icazə verilir. Bağçalarda iyul-avqust aylarında tətil dövrü hesab edilir.

Əksər məktəbəqədər təhsil müəssisələrinin təsisçisi bələdiyyələrdir. Özəl qurumların və kilsələrin nəzdində fəaliyyət göstərən uşaq bağçalarına da təsadüf olunur. Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyət prinsipləri təsisçinin razılığı əsasında müəyyənləşdirilir. Ödənişli təhsil verən məktəbəqədər müəssisələrdə təhsil haqqının miqdarı bağça direktoru tərəfindən müəyyən olunur. Onu da qeyd edək ki, məktəbəqədər təhsil icbari olmasa da, ölkə üzrə uşaqların müvafiq müəssisələrə cəlb olunma səviyyəsi kifayət qədər yüksəkdir. 

Əsas təhsil 

Çexiya Respublikasında icbari təhsil (əsas təhsil) 9 il davam edir. Əqli və fiziki qabiliyyəti qənaətbəxş hesab edilən 6 yaşı tamam olmuş hər bir uşaq icbari təhsilə başlaya bilər. Müəyyən problemlər olduğu halda uşağın təhsilə başlaması 1 il gecikdirilir. I sinifdə maksimum 28 uşaq ola bilər.

I sinifdə ilk mərhələ məktəbəqədər təhsil pilləsindən icbari təhsil pilləsinə keçid mərhələsi hesab olunur. İlk mərhələdə sistemli təhsil nümunələrindən istifadə olunur. Bu mərhələ əşyaların, hər bir şagirdin fərd kimi ehtiyaclarının ödənilməsinə, onların bilik, bacarıq və qabiliyyətlərinin inkişafına xidmət edir.

İkinci mərhələdə şagirdlərin müstəqil qaydada təlimə cəlb edilməsinə imkan verilir. Bu dövr onların müstəqil şəkildə bilik, bacarıq və müvafiq vərdişlərə yiyələnməsi ilə müşayiət olunur. Şagirdlərin fərdi maraqları nəzərə alınır, onların potensialına uyğun təlimə üstünlük verilir.

Qeyd etdiyimiz kimi, əsas təhsil pilləsi iki mərhələyə bölünür. Birinci mərhələ I-V, ikinci mərhələ isə VI-IX sinifləri əhatə edir. Rayonlarda və şəhərlərdə hər iki mərhələ adətən eyni məktəbdə təşkil olunur. Bəzi kəndlərdə və ucqar ərazilərdə isə yalnız əsas təhsilin birinci mərhələsi həyata keçirilir. Digər mərhələdə oxumaq üçün şagirdlər qonşu məktəblərə getmək məcburiyyətində qalırlar.

İcbari təhsilin əsas məqsədi şagirdlərin əsas bacarıqlarını formalaşdırmaq və onları tədricən inkişaf etdirməkdir. Bu pillədə şagirdlərə real həyatla bağlı ümumi biliklər aşılanır, tədrisdə fərdi yanaşma meyarı əsas götürülür.

Əsas təhsil pilləsində dil və ünsiyyət, riyaziyyat və onun tətbiqi, İKT, insan və cəmiyyət, insan və təbiət, incəsənət və mədəniyyət, insan və sağlamlıq, insan və əmək sahələri üzrə fənlər tədris edilir. Hər bir təhsil sahəsinə bir və ya daha artıq fənn aid ola bilər. Eləcə də digər təhsil sahələrində başqa fənnin tədrisinə imkan yaradılır. 

Orta təhsil 

İcbari təhsilin birinci mərhələsini tamamladıqdan sonra şagirdlər gimnaziyalarda oxumaq imkanı qazanırlar. Gimnaziyalar 4, 6 və 8 illik olmaqla 3 qrupa bölünür. Şagirdlər 4 illik gimnaziyalara IX, 6 illik gimnaziyalara VII, 8 illik gimnaziyalara isə V sinfi başa vurduqdan sonra daxil ola bilərlər. Gimnaziyalar müvafiq istiqamətlər üzrə təmayüllü məktəblər hesab edilir. Gimnaziyalarda ümumi, riyaziyyat, riyaziyyat və fizika, təbiət elmləri, proqramlaşdırma, incəsənət, dillər, klassik dillər, humanitar fənlər, fiziki təhsil və xarici dildə seçilmiş fənlər üzrə təmayüllü tədris həyata keçirilir. Şagirdlərin əksəriyyəti V sinfi bitirərək 8 illik gimnaziyalarda oxumağa üstünlük verir.

Hələ erkən yaşlarından xüsusi hazırlıq tələb edən ixtisas təmayüllü gimnaziyalar 8 illik ola bilər. İncəsənət təmayüllü (rəqs, musiqi və s.) gimnaziyalar məhz 8 illik məktəblər hesab edilir. Bundan əlavə, xarici dildə seçmə fənlər üzrə tədrisə üstünlük verənlər də çoxillik gimnaziyalarda oxuyurlar. 

Texniki peşə təhsili 

Qeyd etdiyimiz kimi, texniki peşə təhsilinə orta təhsilin yuxarı pilləsində də (gimnaziyada) yiyələnmək mümkündür. Texniki peşə təhsili texniki və peşə təmayüllü orta məktəblərdə tədris edilir. Bu məktəblərdə oxuyan şagirdlər istəklərinə uyğun ixtisaslara yiyələnir, maraq və bacarıqlarına görə peşələr seçirlər.

Peşə sertifikatı əldə etmiş şagirdlər əsasən müvafiq peşə sahəsi üzrə əmək bazarına daxil olmağa üstünlük verirlər. Texniki peşə təhsilinin məqsədi gəncləri dəyişməkdə olan cəmiyyətin tələblərinə uyğun olaraq savadlı mütəxəssis və məsuliyyətli işçi kimi hazırlamaqdan ibarətdir.

Texniki təmayüllü orta məktəblərdə tədris əsasən 4 il, bəzi hallarda isə 2-3 il davam edir. Həmin tədris ocaqlarında şagirdlər 260 ixtisas üzrə texniki işçi kimi hazırlanır. Bu məktəblərdə tədrisin 40 faizi ümumi təhsil, 60 faizi isə texniki fənlərə həsr olunur. Praktiki dərslər laboratoriya və məktəb emalatxanalarında təşkil edilir. Şagirdlərin təxminən 37,5 faizi texniki məktəblərdə oxuyur. Bu göstərici hər il artmaqdadır.

Peşə təmayüllü orta məktəblərdə tədris əsasən 3 il, bəzi hallarda isə 1-2 il davam edir. Bu məktəbləri bitirən şagirdlərə peşə təhsili sertifikatı verilir. Tədris prosesində praktiki hazırlığa xüsusi önəm verilir. Şagirdlər öz istəklərinə uyğun olaraq təklif edilən 260 ixtisasdan birinə yiyələnə bilərlər. Şagirdlərin təxminən 45 faizi peşə təmayüllü orta məktəblərdə oxuyur. Bu göstəricinin ilbəil azalması müşahidə edilməkdədir. 

Ali təhsil

 Çexiyada ali təhsil dövlət, xüsusi təyinatlı (polis və hərbi) və özəl təhsil müəssisələri sistemindən ibarətdir. Dövlət universitetlərində təhsil qeyri-məhduddur və pulsuzdur. Lakin 26 yaşdan sonra ali təhsil müəssisələrinə daxil olmuş şəxslər tələbə statusuna malik olmurlar. Həmin şəxslər sosial xidmətlərdən istifadə statusundan və bir sıra imtiyazlardan yararlana bilmir, dövlət onların tibbi sığorta xərclərini ödəmir.

Dövlət ali təhsil müəssisəsi parlamentin qəbul etdiyi aktla təsis və ləğv edilir. Bu təhsil müəssisələri idarəetmə, tələbə qəbulu kvotasının müəyyənləşdirilməsi, qəbul qaydaları ilə bağlı qərarların verilməsi, dərəcə proqramlarının hazırlanması və icrası, tədrisin təşkili, müəssisədaxili elmi tədqiqatın planlaşdırılması, perspektiv inkişafın təmin olunması, işə qəbul, digər ali təhsil müəssisələri ilə əməkdaşlıq, beynəlxalq əlaqələr, maliyyə sərəncamları və digər məsələlərdə tam müstəqildirlər.

Dövlət ali təhsil müəssisəsinə rektor rəhbərlik edir. Rektor universitetin fəaliyyətinin bütün istiqamətləri ilə bağlı qərar qəbul edən şəxsdir. Rektor dövlət ali təhsil müəssisəsinin akademik senatının təqdimatı əsasında ölkə prezidenti tərəfindən təyin edilir.

Akademik senat ali təhsil müəssisəsinin müstəqil və nümayəndəli akademik qurumu olmaqla ən azı 11 üzvdən ibarətdir. Akademik senat üzvlərinin ən azı üçdə bir hissəsini tələbələr təşkil edir.

Özəl ali təhsil müəssisələri təsisçinin müraciəti əsasında Təhsil, Gənclər və İdman Nazirliyinin verdiyi dövlət razılığına uyğun olaraq fəaliyyət göstərir. Özəl təhsil müəssisələrində təhsil haqqı bakalavr proqramları üzrə 2000-3000, magistratura proqramları üzrə isə 3000-10000 avro arasında dəyişir.

Onu da qeyd edək ki, dövlət ali təhsil müəssisələrinin nüfuzu və bu tədris ocaqlarında təhsilin keyfiyyəti özəl universitetlərlə müqayisədə daha yüksəkdir. Odur ki, dövlət universitetlərinə daha çox tələbə axını müşahidə edilir.

Ali təhsil müəssisələrində akkreditasiyadan keçmiş dərəcə proqramları, eləcə də fasiləsiz təlim proqramları təklif olunur. Ali məktəblərin fəaliyyət forması onun təklif etdiyi dərəcə proqramları ilə müəyyən olunur. Ali təhsil müəssisələrində bakalavr, magistratura və doktorantura proqramları üzrə kadrlar hazırlanır.

Ali təhsil ocaqları hüquqi müəssisə kimi qeydiyyatdan keçməklə universitet və qeyri-universitet statusunda ola bilər. Universitet statuslu ali təhsil müəssisələrində bütün növ dərəcə proqramları təklif olunur. Həmin müəssisələr tədris, elmi tədqiqat, inkişaf, innovasiya və digər müvafiq fəaliyyət sahələri üzrə ixtisaslaşır.

Qeyri-universitet tipli ali təhsil müəssisələrində bakalavr proqramları, bəzi hallarda isə magistratura proqramları tədris edilir. Bu tip ali təhsil müəssisələrində fakültələr olmur.

Ali təhsil pilləsində tədris ili 12 təqvim ayından ibarətdir. Tədris ilinin hansı təqvim ayında başlayacağına rektor qərar verir.

Çexiyada 25 dövlət, 40-dan artıq özəl, 2 xüsusi təyinatlı ali təhsil müəssisəsi fəaliyyət göstərir. Nüfuzlu dövlət ali təhsil müəssisələri sırasında Çarlz Universiteti, Çexiya Texniki Universiteti, Tətbiqi Sənət Akademiyası, Mendel Kənd Təsərrüfatı və Meşə Sənayesi Universiteti, İncəsənət, Memarlıq və Sənaye Dizayn Akademiyası, Musiqi və Teatr Sənəti Akademiyası, Kimya Texnologiyası İnstitutu, İqtisadiyyat Universiteti və Əczaçılıq Universiteti xüsusi yer tutur. Müdafiə Universiteti və Polis Akademiyası xüsusi təyinatlı ali təhsil müəssisələri kimi ixtisaslaşıb.

Ali təhsil müəssisələri qanunvericiliyə uyğun olaraq müvafiq təqaüdlər təyin edə bilər. Bu zaman yüksək təhsil nailiyyətləri, elmi tədqiqatların inkişafındakı xidmətlər, maddi imkanı zəif olan tələbələr, xaricdə təhsilin dəstəklənməsi, doktorantura təhsilinə yardım və digər amillər nəzərə alına bilər.

Bu baxımdan Xarici İnkişaf Əməkdaşlığı Proqramı çərçivəsində təsis olunmuş Beynəlxalq Viseqrad Fondunun maliyyələşdirdiyi Ali Təhsil Sahəsində Mərkəzi Avropa Mübadilə Proqramı, AKTİON (elm və təhsil sahəsində Avstriya ilə əməkdaşlıq) proqramı və digər təqaüd proqramları xüsusilə diqqəti cəlb edir. 

Xüsusi təhsil 

Çexiyada xüsusi təhsilin əsas məqsədi hamı üçün bərabər təhsil imkanlarının yaradılması, fərdin xüsusi təhsil ehtiyaclarının nəzərə alınması, ictimai, etik, mənəvi dəyərləri nəzərə almaqla şəxsiyyətin ümumi inkişafının təmin edilməsindən ibarətdir. Xüsusi təhsil ehtiyacı olan uşaqlar müvafiq imkanlardan, təhsil şəraitindən yararlanmaq, xüsusi dərsliklərdən, məktəbin onlar üçün verdiyi kompensasiyadan istifadə etmək və təhsillərini növbəti pillədə davam etdirmək hüququna malikdirlər.

Ölkədə xüsusi təhsil ümumi təhsil məktəblərində, xüsusi təhsil müəssisələrində, qayğı mərkəzlərində və digər müvafiq yerlərdə həyata keçirilir. Xüsusi təhsil ehtiyacı olanlara təhsilin bütün pillələrində eyni münasibət göstərilir.

Xüsusi təhsil imkanlarından fərdi və ya qrup inteqrasiyası formasında yararlanmaq mümkündür. Fərdi inteqrasiya proqramları adi məktəblərdə və fərqli xüsusi ehtiyaclı şagirdlər üçün təsis edilmiş xüsusi məktəblərdə təşkil olunur. Qrup inteqrasiya proqramlarının tədrisi isə adi və ya xüsusi məktəblərin qrup siniflərində aparılır.

Xüsusi təhsilin forma və məzmunu şagirdin ehtiyaclarına uyğun olaraq müəyyənləşdirilir. Bəzən fərqli ehtiyacları olan şagirdlər eyni bir qrupda komplektləşdirilir. Xüsusi təhsil ehtiyacları olan uşaqların oxuduğu siniflərdə şagirdlərin təlimi ilə eyni vaxtda 3 pedaqoji mütəxəssis məşğul olur. 

Əlavə təhsil 

Çexiyada əlavə təhsilin təşkili işi Təhsil, Gənclər və İdman Nazirliyi, Əmək və Sosial Məsələlər Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir. 2007-ci ildə hökumətin təsdiq etdiyi Fasiləsiz Təhsil Strategiyası ölkədə əlavə təhsilin məqsədlərini daha aydın şəkildə ortaya qoyur.

Məlum olduğu kimi, əlavə təhsil müxtəlif yaş qruplarını əhatə edir. Odur ki, bu əlavə təhsilin hədəf qrupları özünəməxsusluğu ilə səciyyələnir. Əlavə təhsil sənaye müəssisələrində və ya təhsil ocaqlarında təşkil edilə bilər.

Çexiyada əhalinin demək olar ki, az bir hissəsi əlavə təhsilə cəlb olunur. Bu isə əhalinin əksər hissəsinin təhsilini orta təhsil pilləsinə qədər davam etdirməsi ilə izah edilir.

Əsas ideyası hər bir fərdi fasiləsiz olaraq təlimə cəlb etmək olan yaşlıların təhsili proqramları ümumi təhsil, əlavə-peşə təhsili və ictimai maraq kəsb edən təhsil formalarında həyata keçirilir. Bunun sayəsində əhalinin ümumi təhsil pilləsi üzrə savadlılıq səviyyəsi yüksəlir, peşə sahələri üzrə əmək bazarının tələb etdiyi ixtisaslara yiyələnənlərin sayı artır. İctimai maraq kəsb edən təhsil isə əhalinin siyasi, tarixi, mədəni və digər sahələr üzrə müvafiq biliklər əldə etməsinə yol açır. 

Təhsilin maliyyələşməsi 

Təhsil, Gənclər və İdman Nazirliyi təhsil sahəsində maliyyələşmə siyasətinin hazırlanması və icrasına cavabdehlik daşıyır. Yüksək əks-mərkəzləşdirilmiş idarəetmənin və təşkilati müstəqilliyin mövcudluğunu nəzərə alaraq maliyyə siyasətinin düzgün təşkili mühüm amil hesab edilir.

Təhsil əsasən dövlət və bələdiyyə büdcələrindən maliyyələşir. Təhsil müəssisələri pullu fəaliyyət sahələrindən və beynəlxalq proqramlarda iştirakdan da vəsait əldə edə bilərlər.

1992-ci ildə maliyyələşmə mexanizmlərinin əsaslı şəkildə dəyişdirilməsi ilə vahid meyar əsasında şagirdbaşına maliyyələşmə mexanizmi tətbiq edilməyə başlanıb. Təhsili yerli idarəetmə qurumları da maliyyə vəsaitlərini şagirdlərin sayına uyğun olaraq məktəblər arasında bölüşdürür. Bu zaman özəl məktəblərə də maliyyə vəsaitləri verilir.

2010-cu ilin statistik məlumatlarına görə, dövlət təhsil xərcləri 162,9 milyard çex kronu təşkil edib. Bu, ümumi daxili məhsulun həcmi ilə müqayisədə 4,4 faizə bərabərdir. 

Elmi tədqiqatlar 

Çexiya Respublikasında elmi tədqiqat sahələrinin genişləndirilməsinə və inkişafına, bu sahədə çalışanların əməyinin stimullaşdırılmasına ciddi nəzarət olunur. Ölkədə elmi tədqiqat müəssisələrinin fəaliyyətini tənzimləyən mərkəzi inzibati orqan Təhsil, Gənclər və İdman Nazirliyidir.

Nazirlik beynəlxalq müqavilələrə uyğun olaraq, dövlətin milli tədqiqat və inkişaf siyasətinin icrasını təmin edir. Həmçinin, Təhsil, Gənclər və İdman Nazirliyi tərəfindən Milli Tədqiqat Proqramı çərçivəsində prioritetlər müəyyən edilir və onların həyata keçirilməsi təmin olunur.

Avropa Birliyi ölkələrinin institutları və müvafiq qurumları ilə elmi əməkdaşlığın inkişafına da nazirlik nəzarət edir. Onu da qeyd edək ki, müdafiə, hərbi sənaye və digər bu kimi sahələrdə elmi tədqiqatın aparılması müvafiq nazirliklərlə birgə həyata keçirilir.

Elmi tədqiqat sahəsində Avropaya inteqrasiyanı sürətləndirmək üçün Çexiyada Avropa Tədqiqat üzrə Komissarlıq fəaliyyətə başlayıb. Bu qurum Avropa İttifaqı və Avropa Atom Enerji İttifaqının proqramları çərçivəsində Çexiyanın Avropa Tədqiqat Zonasındakı iştirakını əlaqələndirir. 

Beynəlxalq əlaqələr 

Çexiya təhsil, tələbə mübadiləsi və birgə elmi tədqiqatlar sahələri üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir.

Xarici İnkişaf Əməkdaşlığı Proqramı Çexiyanın digər ölkələrlə çoxtərəfli əlaqələrinin inkişafının təmin edilməsinə yönəlib. Proqram çərçivəsində hökumətin təsdiq etdiyi layihələr müxtəlif nazirliklərin səlahiyyətləri daxilində həyata keçirilir.

2006-2010-cu illər ərzində proqram çərçivəsində Anqola, Bosniya və Herseqovina, Moldova, Monqolustan, Vyetnam, Yəmən və Zambiya ilə səmərəli əlaqələr qurulub. Təhsil, Gənclər və İdman Nazirliyi bu proqramın təhsil və gənclər bölməsi üzrə nəzərdə tutulmuş layihələrin həyata keçirilməsinə cavabdehdir.

Bundan əlavə, Təhsil, Gənclər və İdman Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə Çexiya Respublikasının Təqaüdləri adlı xüsusi proqramın reallaşdırılmasına məsuldur. Bu proqram Çexiyada bakalavr, magistratura, doktorantura pilləsində oxuyan əcnəbi vətəndaşların təhsil və yaşayış xərclərinin ödənilməsi üçün nəzərdə tutulub. Onu da qeyd edək ki, Çexiya Respublikasının Təqaüdləri proqramı əsasən inkişaf etməkdə olan ölkələrin vətəndaşları üçün nəzərdə tutulub. Proqram çərçivəsində ildə təxminən 130 təqaüd təyin edilib. 

Bəşarət MƏMMƏDOV,

Ramil HÜSEYNOV  

Yazının hazırlanmasında Çexiya Respublikası Təhsil, Gənclər və İdman Nazirliyinin rəsmi məlumatlarından istifadə olunub.

 
 
 
Səhifənin başına qalx "Dünya təhsili" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov