Aprelin
18-də AMİ-nin Ağcabədi filialında tanınmış yazıçı-publisist,
əməkdar jurnalist, "Xalq qəzeti"nin bölgə müxbiri
Ziyəddin Sultanovun "Ürək dözmür ayrılığa..." kitabının
təqdimat mərasimi keçirildi. Mərasimdə filialın
professor-müəllim heyətilə bərabər, Ağcabədi Rayon İH-nin
humanitar məsələlər üzrə müavini Ə.Tapdıqov, rayon
mədəniyyət şöbəsinin müdiri R.Quliyev, rayon təhsil
şöbəsinin müdiri M.Əhmədov, YAP Ağcabədi rayon
təşkilatının sədr müavini N.Bünyadov, gənc şairə M.Musa
və başqaları iştirak edirdilər.
Filialın direktoru, professor X.Məmmədov mərasim
iştirakçılarını salamladı və bildirdi ki, bu gün
təqdimatına toplaşdığımız "Ürək dözmür ayrılığa..."
kitabının müəllifi Ziyəddin Sultanov Qarabağ
münaqişəsinin başlandığı gündən cəbhə bölgələrində olmuş,
ön cərgələrdə düşmənə qarşı mübarizədə döyüşmüş, baş
verən hadisələrin canlı şahidi olmuşdur. Qarabağ
münaqişəsini və onun dəhşətlərini ürək ağrısı ilə ədəbi
tariximizə köçürən Z.Sultanov həmin hadisələrin təsiri
ilə dolğun, bitkin, biri digərindən oxunaqlı silsilə
əsərlər yaratmışdır. Belə əsərlərdən biri də bu gün
işığına toplaşdığımız "Ürək dözmür ayrılığa..."
kitabıdır.
200 ildən artıq bir vaxtdır ki, cürbəcür havadarlarının
himayəsilə Azərbaycana qarşı qərəzli mövqe nümayiş
etdirən erməni daşnaklarının törətdiyi qanlı
cinayətlərin ardı-arası kəsilmir. Həmin cinayətkar
əməllərin tərkib hissəsi olan Qarabağ münaqişəsi "Ürək
dözmür ayrılığa..." kitabının müəllifi Ziyəddin
Sultanovun demək olar ki, ədəbi fəaliyyətinin,
yaradıcılıq axtarışlarının bədii qənaətinə, əsərlərinin
başlıca mövzusuna və ideya istiqamətinə çevrilmişdir.
Kitabda toplanmış povest və hekayələr əli qanlı düşmənə
nifrət, vətənə, torpaqlarımız uğrunda şəhid olmuş qardaş-bacılarımızın
müqəddəs ruhlarına məhəbbət, sədaqət hissləri ifadə
etməkdədir.
Sonra
xalqımızın müstəqilliyi, azadlıq mübarizəsi və
torpaqlarımızın toxunulmazlığı uğrunda döyüşlərdə həlak
olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla
yad edildi.
"Ürək dözmür ayrılığa..." əsərinin ideya-bədii
xüsusiyyətləri" mövzusunda məruzə edən filialın pedaqoji
fakültəsinin dekanı, dosent M.Fərzəliyeva öncə Ziyəddin
Sultanovun şərəfli, mənalı ömür yolundan, Azərbaycan
mətbuatı sahəsində çalışdığı 45 illik ədəbi
fəaliyyətindən, çoxlu sayda sanballı əsərlərin, məqalə
və oçerklərin müəllifi olmasından fəxarətlə bəhs etdi,
sənətkarın özünəməxsus yazı və üslub xüsusiyyətlərindən
danışdı.
Filialın ümumi elmi fənlər kafedrasının müdiri T.Kərimli
"Ürək dözmür ayrılığa..." əsərinin gənclərin hərbi-vətənpərvərlik
tərbiyəsində rolu" mövzusunda məruzəsində bildirdi ki,
sözügedən kitabda yazıçı-publisist Z.Sultanovun müxtəlif
illərdə qələmə aldığı əsərlər - Qarabağ münaqişəsinə,
yurd itkisinə, həmçinin ölümün gözünə dik baxan el
oğullarının şücaətinə həsr olunmuş sənədli povest və
hekayələri toplanmışdır.
Məruzəçi qeyd etdi ki, Ziyəddin Sultanovun digər
əsərləri kimi "Ürək dözmür ayrılığa..." kitabında da
istər yurd yerlərimizin təsvirindəki doğma yurda
bağlılıq hissi, istərsə də faciəli həyatını qələmə
aldığı Azərbaycan insanının müqəddəs vətən torpağı
uğrunda canından keçməsinə bəslədiyi sonsuz məhəbbət
gəncliyin sağlam ruhda tərbiyələnməsinə əvəzsiz
töhfələrini verəcəkdir.
Məruzələr ətrafında filialın ana dili, ədəbiyyat və
tədrisi metodikası kafedrasının dosentləri
V.Allahverdiyev, S.Məmmədov, gənc şairə, Heydər Əliyev
muzeyinin əməkdaşı Məhsəti Musa, Ağcabədi Rayon İH-nin
humanitar məsələlər üzrə müavini Ə.Tapdıqov çıxış
etdilər.
Sonra "Ürək dözmür ayrılığa..." kitabının müəllifi,
yazıçı-jurnalist Ziyəddin Sultanov çıxış edərək mərasim
iştirakçılarını salamladı, müzakirə olunan kitabın
təqdimat mərasimi üçün zəhmət çəkən, başda rayon icra
hakimiyyəti olmaqla hər kəsə, filial kollektivinə və KİV
əməkdaşlarına dərin təşəkkürünü bildirdi. Yazıçı oxucu
auditoriyasını maraqlandıran suallara cavab verdi.
Tədbiri yekun sözü ilə bağlayan professor X.Məmmədov
xalqımızın ağrılı-acılı taleyini yazan və hər sətrində
Vətən nisgili duyulan qeyrətli eloğlumuzu yaratdığı
mükəmməl əsərin işıq üzü görməsi münasibətilə ürəkdən
təbrik etdi, ona ömrünün kamilləşən çağında bar-bəhərli
sənətkar ömrü arzuladı.
Niyazi RƏHİMOV |