Bu,
danılmaz bir faktdır ki, mütaliə şagirdin nitqini həm
formalaşdırır, həm də zənginləşdirir. Oxunan hər bir
kitab, istər elmi, istər bədii kitablar şagirdin
dünyagörüşünü artırır, onu həyat hadisələrindən baş
açaraq düzgün istiqamətlənməyə, daxili aləmini
zənginləşdirməyə, müstəqil öyrənməyə və qərar verməyə
kömək edir.
Elə bu məqsədlə də Bakının qabaqcıl təhsil
müəssisələrindən olan akademik Zərifə Əliyeva adına
lisey, XXI əsr BTİM, Bakı Avropa Liseyi "Ən yaxşı oxucu
mənəm" adlı müsabiqənin keçirilməsi qərarına gəliblər.
Müsabiqəni 3 turda keçirmək nəzərdə tutulub. I tur
məktəbdaxili, II tur məktəblərarası, III tur isə
mükafatlandırma.
Layihənin təşkilatçısı akademik Zərifə Əliyeva adına
İnformasiya-Resurs Mərkəzinin rəhbəri İradə Hacızadə bu
barədə danışaraq qeyd etdi ki, müsabiqənin
keçirilməsində əsas məqsəd şagirdləri mütaliəyə cəlb
edərək onların istedad və yaradıcılıq qabiliyyətini,
yaradıcı imkanlarını, ən əsası isə şagirdin kitabla
ünsiyyətini formalaşdırmaqdır.
Daha sonra o, müsabiqənin mərhələləri, şərtləri və
təqdimatların qiymətləndirilməsi haqqında da danışdı.
Bu müsabiqənin maraqlı cəhəti o oldu ki, şagirdlərin
düzgün, dəqiq, səlis və əsaslandırılmış nitqinin vacib
şərti kimi 100 mümkün baldan 50 baladək
qiymətləndirilməsi daha məqsədəuyğun hesab edildi. Qalan
50 bal isə şagirdin kompüterlə təqdim olunmuş layihəsinə
verildi. II mərhələdə 3 məktəbin 18 layihəsi təqdim
olundu və qaliblər I, II və III yerlər üzrə
müəyyənləşdirildi.
Müsabiqə aprelin 19-da uğurla başa çatdı. "Ən yaxşı iş"
kimi "Qran Pri" mükafatı akademik Zərifə Əliyeva adına
liseyin IX sinif şagirdi Ayan Rzayevaya verildi. I, II,
III yerlər üzrə qaliblər mükafatlandırıldı.
Niyazi RƏHİMOV |