Bu günlərdə Şamaxı şəhər 2 nömrəli tam orta məktəbdə
dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik
yubileyinə həsr olunmuş "Nizami dünyası" adlı ədəbi-bədii
gecə keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru
İ.Baxşiyev qeyd edib ki, Nizami yaradıcılığı səkkiz
əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz
hissəsinə çevrilmişdir. Nizami irsi uzun zamanlardan
bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir.
Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş,
ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli
iş görülüb. Ümummilli liderimiz Heydər Əliyev Nizami
Gəncəvi haqqında demişdir: "Nizami Gəncəlidir, Nizami
deyiləndə Gəncəni düşünürsən... Nizami Gəncəvi elə bir
böyük şəxsiyyətdir ki, elə bir dahidir ki, onun
yubileyini nəinki on ildən, beş ildən bir, hər il qeyd
etmək lazımdır".
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri
A.Həsənova, S.Babayeva, G.Şükürova, K.Abdurahmanova,
B.Quliyeva, K.Səfərova, D.Nuriyeva və ibtidai sinif
müəllimi V.İsrafilovanın təşkilatçılığı ilə keçirilən bu
tədbirdə şairin həyat və yaradıcılığı, fəlsəfi görüşləri
barədə geniş söz açılıb.
Ədəbi-bədii gecədə məktəbin şagirdlərinin ifasında dahi
şairin şeirlərindən və hikmətli sözlərindən nümunələr
söylənilib, əsərlərindən rəngarəng səhnəciklər
göstərilib, sözlərinə bəstələnmiş romanslar ifa olunub.
Günel ŞÜKÜROVA,
Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin müəllimi |