Müsahibimiz Rəsul Rza Fondunun sədri, xalq şairi Fikrət
Qocadır
Rəsul
Rza (Rəsul İbrahim oğlu Rzayev) 19 may 1910-cu ildə
Göyçayda doğulub. 1932-ci ildə Azərbaycan Yazıçılar
İttifaqının sədri, 1945-1948-ci illərdə Azərbaycan
Kinematoqrafiya naziri, 1966-1975-ci illərdə Azərbaycan
Ensiklopediyasının baş redaktoru, 1960-1981-ci illərdə
Asiya və Afrika ölkələri ilə Respublika Həmrəylik
Komitəsinin sədri, 1966-1975-ci illərdə Xəbərlər Mətbuat
Agentliyi Respublika İdarə Heyətinin sədri, 1964-cü ildə
SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü olmuşdur.
"Vətən" (1942), "Ölməz qəhrəmanlar" (1942), "İntiqam,
intiqam" (1943), "Qəzəb və məhəbbət" (1943), "Şeirlər"
(1959), "Xalq həkimi" (1961), "Pəncərəmə düşən işıq"
(1962), "Qızılgül olmayaydı" (1958-1961), "Duyğular,
düşüncələr" (1964), "Dözüm" (1965), "Mənim fikrimcə"
(1967), "Dünən, bu gün, sabah" (1973), "Güneylər,
quzeylər" (1977), "Üzü küləyə" (1979), "Bir gün də insan
ömrüdür", "Rənglər" əsərlərinin, uşaqlar üçün "Balacaların
şəkilli təbiət ensiklopediyası" seriyasından kitabça,
məqalə və oçerklərin müəllifidir. Nizami, Esxil,
Mayakovski, Nekrasov, Puşkin, Lermontov, Şevçenko,
A.Blok, Lonqfello, Bayron, H.Heyne, Ş.Petefi, Qarsia,
Lorka, Nezval, N.Hikmət kimi bir çox dünya yazarlarının
əsərlərini doğma dilimizə çevirib. 1943-cü ildə
Azərbaycanın əməkdar incəsənət xadimi, 1951-ci ildə SSRİ
Dövlət Mükafatı laureatı, 1960-cı ildə Azərbaycanın xalq
şairi, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri
adlarına layiq görülüb. Rəsul Rza 1 aprel 1981-ci ildə
Bakıda dünyasını dəyişib. Fəxri xiyabanda dəfn olunub.
- Fikrət müəllim, "Mən elə bir maestroyam ki,
dindirdiyim bu telləri kimsə çalmamış" - misraları ilə
Rəsul Rza yaradıcılığına bəlkə bir körpü salaq...
-
Əslində, sənətkar haqqında özündən yaxşı heç kəs dəqiq
deyə bilməz. Çünki hər kəs özü-özünü daha yaxşı tanıyır,
hər bir yaradıcı insanın içində başqalarının görmədiyi
bir gizli 40-cı qapı var. Bağlı qapı... lap nağıllarda
olan qapılardan... və o bağlı qapının arxasında nələr
olduğunu ancaq qapı sahibi özü bilər. Rəsul Rza öz
sanbalını, öz gücünü bilən şəxsiyyət olub...
Şairin yaradıcılığında ən qabarıq cəhət müasirlikdir.
İstər poeziyasında, istər nəsr əsərlərində qələmə aldığı,
tərənnüm etdiyi bir çox fikirlər yenə də bu günümüzlə
səsləşir, oxucunu gələcəyə ruhlandırır, Vətəni sevməyə,
onun dəyərini bilməyə kökləyir. Bu da daha çox ailədən,
nəsildən gələn xüsusiyyətlərdi... Rəsul Rzanın uşaqlığı,
gəncliyi Göyçayda keçib. Ziyalı bir ailədə böyüyüb.
Atası savadlı, zəngin düşüncəli, açıqfikirli bir şəxs
olub. Uzun illər mirzəlik etdiyindən adına "Mirzə
İbrahim" deyərmişlər. Hələ 1913-cü ildə ilk qız övladı
Kübranı Tiflisə, ikinci qızı Saranı isə yeni tipli
məktəbə oxumağa göndərdiyi, üstəlik də qızlarına çadra
örtdürmədiyi səbəbindən Göyçayın o zamankı bəzi
cəhalətpərəst qüvvələri Mirzə İbrahimin ailəsini "babı",
"bəhayi" belə adlandırıblar. Bu barədə Rəsul Rza özü "Avtobioqrafiyam"
yazısında daha ətraflı məlumat verib.
Qızım, Rəsul Rza kimi nəhənglər dünyaya böyük bir
aysberq kimi gəlirlər, onların əsas hissəsi, nəhrin
dərin qatlarındadır... Yəni onların görünməyən tərəfi
daha dərində olur. Zaman keçdikcə, illər geri çəkildikcə,
biz mahiyyət etibarilə onları daha aydın görə bilirik.
Rəsul Rzanın dünyaya gəlişindən bir əsr keçib, hələ indi-indi
görürük ki, illərin arxasından əsas konturları asta-asta
görünən bu aysberq necə nəhəng imiş... Zamanın suları
durulduqca, biz bu aysberqi bütöv görməyə başlayacağıq...
- Azərbaycan poeziyasında Rəsul Rzanın yeri...
- Hər bir şair özü boyda, öz ömrü qədər bir şeirdi. Şair
ürəyi, şair beyni şeir yaradan, şeir işləyən, şeir
cilalayan canlı bir laboratoriyaya bənzər. Analiz etsək
görərik ki, əsl şairlərin ilk şeirləri ilə son şeirləri
arasında çox ciddi bir bağlılıq, körpü, rabitə var.
-
Rəsul Rza - zamanın nəbzini tutan şair, Nigar Rəfibəyli
- kəpənək qanadı qədər zərif misralar müəllifi, Anar -
gəncliyin yazarı, Günel Anarqızı - bu günün yazıçısıdı...
istedad da irsidimi, sizcə?..
- Bilirsiniz, Rəsul Rza özü dahi bir şairdi,
tərcüməçidi, eksiklopedik biliyə malik bir alimdi,
ictimai xadimdi, Nigar xanım tanınmış, hər zaman sevilən,
seçilən, oxunan şairədi. Anarın öz auditoriyası olub
həmişə. Günelin də özünəməxsus yolu var.
- Orta məktəbdə - 30-35 il əvvəli deyirəm - Rəsul Rzanı
Mayakovskinin davamçısı kimi təqdim edirdilər.
- Bu bir dalğa idi poeziyada, Mayakovski dalğası, gəldi
və keçib getdi. Ötüb keçən kimi də hərə öz yolunu tapdı.
Rəsul Rza da həmin dövrdə gəldi şeirə, özünün sərbəst
şeirini gətirdi, olmayan bir yol açdı Azərbaycan
poeziyasında. Rəsul Rza misraları elə bil sərbəst şeir
deyil, milli şeir janrıdı... Əslində elə tarixən sərbəst
vəznin kökləri bizdə olub, lap qədimdən... Dədə Qorqudda
da var, Sabirin özündə də, ritm var, amma qafiyə yoxdu.
Yəni bir daha deyirəm, Rəsulun poeziyamıza gətirdiyi
sərbəst şeir yolu onun öz yolu idi, o heç kəsin, o
cümlədən Mayakovskinin də davamçısı deyildi.
- Mayakovski yaradıcılığında pafos, tərənnüm daha
qabarıqdır... Rəsul Rzada isə misralar sanki güzgüdü,
rəsm əsəridi...
- Sözünüzə qüvvət, hətta spiçkanın (kibritin) tərənnümü
var Mayakovskidə. Amma bununla belə, o özü də böyük
şairdi.
- Fikrət müəllim, Azərbaycanın yaxın keçmişində Rəsul
Rza səhifəsi...
-
Rəsul Rza səhifəsində əslində bir neçə Rəsul Rza ilə
rastlaşırıq. Ensiklopediyaçı alim Rəsul Rza, şair Rəsul
Rza, dramaturq Rəsul Rza, tərcüməçi Rəsul Rza... bu
məziyyətlərə malik olan hər bir ictimai xadim,
mədəniyyətimizdə xüsusi səhifəsi olan şəxsiyyətdir.
- 1945-1948-ci illərdə Azərbaycanın Kinematoqrafiya
naziri Rəsul Rza olub.
- 22 adda film Rəsul Rza yaradıcılığı ilə bağlıdır. O
boyda fikir, düşüncə sahibi olmaq mütaliəsiz mümkün
olmazdı. Ümumiyyətlə, Rəsul Rza çox mütaliəli, görüb-götürmüş
bir insan olub.
Təkcə dünya ədəbiyyatından etdiyi tərcümələrin
siyahısına və coğrafi əhatə dairəsinə nəzər salmaq
kifayətdir ki, onun dünya ədəbi mühitinə necə dərindən
bələd olduğunu görə bilək.
- Mikayıl Müşfiqə həsr etdiyi "Qızılgül olmayaydı"
poeması barədə fikriniz?
- Rəsul Rza özü yazırdı "... yaşıdlarım arasında
yazıçılardan ən çox Mikayıl Müşfiqlə bağlı idim. Müşfiq,
yaradıcılığının çiçəkləndiyi bir dövrdə, 1937-ci ildə
facianə məhv oldu. Biz Müşfiqlə yalnız dost deyildik,
eyni zamanda yaradıcılıq işi ilə bağlı idik. Lermontovun
"Demon" əsərini, Puşkinin "Yevgeni Onegin"indən
Tatyananın məktubunu bir yerdə tərcümə etmişdik. Müşfiqi
mən namuslu, çox prinsipial, yaradıcılıq məsələlərində
ciddi və tələbkar insan kimi tanıyırdım".
- Rəsul Rzanın ədəbi aləmlə bağlı hansı fikri sizin üçün
qiymətlidir?
- Əslində, onun bu gün də gündəmdən düşməyən,
köhnəlməyən, öz dəyərini saxlayan bir çox fikirləri...
Məsələn, "Böyük mövzular böyük yetkinlik tələb edir. Elə
mövzular var ki, bir ağrı kimi səndən əl çəkmir,
rahatlıq vermir, öz təzahür və ifadəsini tapmayınca,
insanı rahat buraxmır. Bu ağrı böyük məhəbbət kimidir,
verdiyi bütün iztirablarla şirin və qiymətlidir". Və
yaxud "Dil - millətin varlığı, onun həyat səhifəsində
imzasıdır. Bir millətin yerini əlindən almaq olar, onun
var-dövlətini talan etmək olar, o yenə də milli
varlığını itirmir, millət olaraq qalır. Bir millətin
dilini əlindən alarsan, o millət öz milli simasını
itirər. Ana dili millətin mənəvi varlığı, canı, qanı,
adı-sanıdır. Odur ki, milli dil uğrunda mübarizə
millətin mənliyi uğrunda mübarizə deməkdir".
- Bu gün Rəsul Rza Fikrət Qocanın yaddaşında...
- Rəsul Rza ilə görüşlərimiz çox olub. Ömrünün son
dönəmində Rəsul Rza çox ağır bir xəstəlik keçirdi. Onun
səhhətilə bağlı bütün bəlalarının başında şəkər
dayanırdı.
- Xiffət çəkirdimi? Ən yaxın dostlarına etiraf edirdimi
acılarını?
- Qətiyyən. O elə möhkəm xarakterə malik idi ki, acısını
çəkə bilirdi, həzm edə bilirdi. Əgər çalışsaydım ki, bir
söz salım, o özü qoymazdı, söhbəti dəyişərdi. Hökmlü
adamdı, bərk adamdı... siqaret çəkməzdi... o qədər fikir
çəkirdi ki, siqaretə ehtiyac qalmırdı. Xobbisi gəzmək,
bir də mütaliəydi. O, ədəbi aləmə gəncliyindən
hazırlıqlı, mütaliəli gəlmişdi. Fikirləri aydın, işıqlı
adam idi. İrəlini son dərəcə aydın görürdü Rəsul Rza.
- Sizin şəxsi həyatınızda Rəsul Rzanın rolu?
- Üstünə qaçmamışam heç. Amma elə bilmişəm həmişə onun
nəzarətindəyəm. Rəsulun varlığı məni bəlkə də çox şeydən
çəkindirib. İndi də elə bil onunla danışıram, söhbət
edirəm. Bir yaxşı iş görəndə elə bilirəm onun
imtahanından yaxşı çıxmışam, bir müddət ürəkli gəzirəm.
- Rəsul Rza nə qədər tələbkar olsa da, təbiətən
ürəyiyumşaq, xeyirxah insan imiş. Özünüzü Rəsul Rza
xeyirxahlığının davamçısı hesab edərdiniz?
- Yaxşılara, istedadı olanlara çalışmışam kömək edim.
Vicdanımı sakit eləmək üçün, özümü mənən yaşatmaq üçün
yaxşılara pis deməmişəm, mən də kiməsə nəsə eləmişəm...
- Fikrət müəllim, ədəbi aləmdən danışılanda həmişə bu
bölgünü eşitmişik. 60-cılar, 70-cilər, 80-cilər... Mən
hadisələrin içində, 16 il səngərdə olan bir insan kimi
gözləyirdim ki, 1987-2012-ci illər arasında bizim dövrün
də salnaməsi yaranacaq.
- Yox, o da deyil. Həmişə fırtınada, tufanda, seldə -
mən kənd adamıyam, ona görə bir az bilirəm o şeyləri -
dağ çaylarına sel gələndə balıqların hamısı birdən kor
olur - lildən... Onlar kor-koranə qalırlar suyun üzündə...
Əslində dip-diridilər, camaat gəlib yığıb aparır onları...
çox asanlıqnan, sadəliknən... Cəmiyyətdə fırtına baş
verəndə adamın gözü içində olduğu hadisəni görmür. Lilli
su hara aparırsa, onlar da axınla ora gedirlər. Selin
apardığı cansız kötüknən diri balığın fərqi varmı? Yox!
Hər ikisi suyun içində çabalayırlar, çarəsizdilər.
İnsanlar da belədi... cəmiyyətin fırtınasında ağıllının
da, dəlinin də gözü lildən tutulur, hadisələri düzgün
görmək çətin olur. Tarixi əsər analitik təhlil istəyir,
sanbal istəyir, götür-qoy istəyir. Tarixi əsər yazmaq
üçün cəmiyyətin fırtınası səngiməlidi ki, hadisələrə
kənardan baxmaq mümkün olsun.
Bilirsiniz, bir var salonda oturub konsertə baxırsan,
onda ancaq irəlini - səhnəni görürsən, bir də var
televizorda baxırsan - onda həm səhnəni görürsən, həm
oxuyanı görürsən, həm də qulaq asanların ayrı-ayrı
mimikalarını müşahidə edirsən. Və mən buna inanıram ki,
siz dediyiniz dönəmin də suları durulacaq, kimsə kənara
çəkilib lazım olanları yazacaq. Çünki cəmiyyətin
fırtınasının lili çökməmiş bilmək olmaz ağ nədi, qara nə?
Ağıllılar həmişə səhv eləməkdən çəkinirlər.
- Bir dəfə Rəsul Rza Vaqif Səmədoğluna deyib ki, əruz
üçün darıxmışam.
- Rəsulun mütaliəsi əruzla olub. Əruzun musiqisi var.
Rəsul səviyyədə duran bir şairin şeirlərinin o biri üzü
elə əruzdu... misralarının kökü-körpüsü əruznan idi.
Körpünün o başında əruz idi. Rəsul öz janrına əruz
sahilindən gəlmişdi... ümumiyyətlə, Rəsul Rzagilin nəsli
çox təhsilli nəsil olub. Ənvər Məmmədxanlı, Həbibə
Məmmədxanlı da Rəsulun həm xalası, həm də əmisi
uşaqlarıdı. Bu nəsil həmişə ziyalılığı ilə, qüdrətli
qələm sahibi olmaları ilə fərqlənib.
- Fikrət müəllim, Rəsul Rza Fondunun sədrisiniz. Fondun
vəzifəsi nədən ibarətdir?
- Rəsul Rza yaradıcılığının təbliği, araşdırılması...
Ümdə məqsədimiz də ədəbiyyata, gənclərə köməkdi...
Həmçinin hər il mayın 19-da bir qrup ədəbiyyat və
incəsənət xadimi Göyçaya gedir, Rəsul Rzanın orada
yerləşən ev-muzeyində şairin anadan olmasının ildönümünü
qeyd edir, onun yaradıcılığına, xatirəsinə həsr olunmuş
tədbirlər keçiririk.
Bilirsiniz, Rəsul Rza irsi məktəblər içində bir məktəbdi.
Yaxşı olar ki, məktəblilərimiz heç olmasa ildə bir dəfə
Rəsul Rza muzeyinə getsinlər. Rəsul Rza irsindən
bəhrələnsinlər. Bu, onların dünyagörüşündə təkrarsız,
silinməz izlər buraxar...
Söhbəti yazdı: Ellada UMUDLU |