Aprelin
24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin elan etdiyi "Azərbaycan
dili və ədəbiyyat aylığı"nın yekununa həsr edilmiş "Ana
dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən
böyük milli sərvətidir" mövzusunda tədbir keçirildi.
Azərbaycan Respublikasının Dövlət himni
səsləndirildikdən sonra çıxış üçün söz Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevaya verildi.
İştirakçıları ana dilimizə, ədəbiyyatımıza və
təhsilimizə həsr olunan tədbirdə görməsindən məmnunluq
hissi keçirdiyini bildirən Nailə xanım Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin fəaliyyət planına əsasən ümumtəhsil
məktəblərində mütəmadi olaraq fənn aylıqlarının təşkil
olunduğunu söylədi, keçirilmiş növbəti "Azərbaycan dili
və ədəbiyyat aylığı" haqqında geniş məlumat verdi. Qeyd
olundu ki, bu aylığın keçirilməsində əsas məqsəd
dilimizin, ədəbiyyatımızın daha geniş təbliği, sevilməsi
və sevdirilməsi ilə yanaşı, fənn müəllimlərinin,
şagirdlərin yaradıcılıq fəaliyyətlərinin üzə çıxarılması
olmuşdur. Aylıq çərçivəsində 4 nominasiya üzrə 3
mərhələdən ibarət müsabiqənin keçirildiyini deyən Nailə
Rzaquliyeva burada iştirak edən müəllim və şagirdlərin
öz yaradıcılıq potensiallarını nümayiş etdirmək imkanı
qazandıqlarını söylədi. Bildirildi ki, ay ərzində
ümumtəhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyat
fənləri üzrə 2200 "açıq dərs" dinlənilmiş, müəllim və
şagirdlərin 700 yaradıcı işi işçi qruplarına təqdim
edilmişdir. Bundan başqa, dilimizə və ədəbiyyatımıza
həsr edilən sinifdənxaric tədbirlər, yaradıcılıq
gecələri, tanınmış şair və yazıçılarımızla görüşlər
təşkil olunmuşdur.
Aylıq çərçivəsində keçirilən müsabiqənin şəhər
mərhələsinə vəsiqə qazanan 200-dən artıq işin hər biri
ekspertlər və Təşkilat Komitəsinin üzvlərinin, eləcə də
işləri müsabiqənin yekun mərhələsinə təqdim olunmuş
müəllim və şagirdlərin iştirakı ilə bir daha ətraflı
araşdırılaraq müzakirə edilmişdir. Bu zaman aydın
olmuşdur ki, ümumtəhsil müəssisələri "Azərbaycan dili
və ədəbiyyat aylığı"na yüksək səviyyədə hazırlaşmaqla
yanaşı, onun bilik, bacarıq və yaradıcılıq yarışına,
qazanılmış təcrübənin öyrənilməsi və mübadiləsi
məktəbinə çevrilməsində kifayət qədər əhəmiyyətli işlər
görmüşdür. Aylığın müvəffəqiyyətlə başa çatdırılması,
təqdim olunmuş ən yaxşı dərs nümunələrinin təhlili,
yaradıcı işlərin qiymətləndirilməsi sahəsində
ekspertlərin və işçi qruplarının fəaliyyətindən razılıq
hissi ilə danışan Nailə xanım "Azərbaycan dili və
ədəbiyyat aylığı"nın yüksək səviyyədə keçirilməsində
zəhməti olan Təşkilat Komitəsinin hər bir üzvünə
təşəkkürünü bildirərək qaliblərə ən xoş arzularını
çatdırdı.
Çıxışının sonunda Nailə Rzaquliyeva ulu öndər Heydər
Əliyevin milli sərvətimiz olan dilimizin qorunmasına,
onun təbliğ olunmasına hər zaman xüsusi diqqət və qayğı
ilə yanaşdığını deyərək dahi şəxsiyyətin bununla bağlı
fikirlərini bir daha tədbir iştirakçılarına xatırlatdı:
"Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini,
mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir.
Dilimizi isə yaşadan, zənginləşdirən, inkişaf etdirənlər
şairlərimiz, yazıçılarımız olmuşdur. Biz, adətən böyük
tariximiz haqqında, xalqımızın böyük mədəniyyəti
haqqında danışarkən, birinci növbədə, onların
yaratdıqları bədii əsərlərə, şairlərimizin,
yazıçılarımızın əsərlərinə istinad edir, bunları nümunə
gətirir və təbliğ edərək, eyni zamanda öz tariximizi,
mədəniyyətimizi təbliğ edirik".
Sonra tədbir iştirakçıları Azərbaycanın tarixi,
mədəniyyəti və incəsənətindən bəhs olunan sənədli filmə
tamaşa etdilər. Aylıq çərçivəsində 4 nominasiya- "Müəllimlərin
ən yaxşı yaradıcı işləri", "Ən yaxşı Azərbaycan dili və
ədəbiyyat kabineti", "Ən yaxşı "açıq dərs", "Şagirdlərin
ən yaxşı yaradıcı işləri" üzrə keçirilmiş müsabiqənin
qalib müəllim və şagirdlərinə diplom və hədiyyələr
təqdim olundu.
Çıxış üçün söz alan Bakıdakı 239 nömrəli tam orta
məktəbin müəllimi Cəmilə Əzizova, 18 nömrəli tam orta
məktəbin müəllimi Aidə Soltanova, 189 nömrəli tam orta
məktəbin şagirdi Firdus Kərimzadə istedad və
bacarıqlarının üzə çıxarılmasında belə müsabiqələrin
əhəmiyyətindən danışdılar, onlara göstərilən yüksək
etimada görə Azərbaycan Respublikası Təhsil Nazirliyinə,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə öz minnətdarlıqlarını
bildirdilər.
Tədbir şagirdlərin hazırladıqları ədəbi- bədii
kompozisiya ilə davam etdirildi. Şagirdlərin ifasında
milli rəqslər, xalqımızın müxtəlif əsrlərdə yaşamış
tarixi şəxsiyyətlərinin, ana dilimizin qorunub
saxlanmasında, dilimizin zənginləşməsində xüsusi əməyi
olan məşhur alim və filosofların, şairlərimizin,
yazıçılarımızın qiymətli fikirlərindən, yazdıqları
əsərlərdən seçilmiş nümunələr və həmçinin ekranda
bununla bağlı hazırlanmış görüntülərlə müşayiət olunan
musiqili-bədii kompozisiya tədbir iştirakçıları
tərəfindən böyük maraqla qarşılandı.
Samirə KƏRİMOVA |