Naxçıvan Dövlət Universitetində görkəmli oftalmoloq
alim, akademik, əməkdar elm xadimi Zərifə xanım
Əliyevanın anadan olmasının 89-cu ildönümü
münasibətilə yığıncaq keçirildi.
Ali məktəbin tibb fakültəsində keçirilən tədbiri giriş
sözü ilə elmi işlər üzrə prorektor, fizika-riyaziyyat
elmləri üzrə fəlsəfə doktoru, dosent Anar Kazımov açaraq
akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən
bəhs etdi. Qeyd olundu ki, görkəmli alim ömrünü
oftalmologiya sahəsinin inkişafına, göz xəstəliklərinin
müalicəsinə həsr etmişdir. O, Azərbaycan Elmi-Tədqiqat
Oftalmologiya İnstitutunda və Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət
göstərərkən müxtəlif istiqamətlərdə elmi araşdırmalar
və tədqiqatlar aparmış, cərrahi əməliyyatlar həyata
keçirmiş, gözdə qlaukoma xəstəliyinin diaqnostikası və
müalicəsi baxımından bir neçə elmi-metodoloji fikirlər
irəli sürmüş, göz həkimlərinin təkmilləşdirilməsi üçün
pedaqoji fəaliyyət göstərmişdir. Vurğulandı ki, o, istedadlı
alim və bacarıqlı pedaqoq olmaqla yanaşı, eyni zamanda
qayğıkeş, xeyirxah və işgüzar qadın, gözəl ailə başçısı
idi.
Sonra müalicə işi ixtisası üzrə I kurs tələbəsi,
Prezident təqaüdçüsü Sara Əzizova "Zərifə Əziz qızı
Əliyevanın həyatı", tibbi profilaktika ixtisası üzrə III
kurs tələbəsi Səma Mədətli "İnsanlara nur bəxş edən
ləyaqət mücəssəməsi", pediatriya ixtisası üzrə II kurs
tələbəsi Günay Quliyeva "Oftalmologiyamızın tükənməz
xəzinəsi", həmin ixtisas üzrə V kurs tələbəsi Osman
Cəfərli "O, bu xalqın gözünün nurunu qoruyurdu" adlı
məzmunlu məruzələrlə çıxış etdilər. Məruzələrdə qeyd
olundu ki, Zərifə xanımın xatirəsi daima ürəklərdə
yaşayacaq, ömür yolu və gördüyü fundamental işlər heç
vaxt unudulmayacaq. Ümumi təbabət və gigiyena
kafedrasının müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru,
dosent Malikəjdər İbrahimov çıxış edərək xatirə və ürək
sözlərini bölüşdü.
Tədbirdə Zərifə xanım Əliyevanın həyatını əks etdirən
slayd da nümayiş olundu.
Nərmin CƏFƏROVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı |