| 
						
						 Aprelin 
						20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində bu 
						təhsil ocağının 90 illik yubileyinə həsr olunmuş 
						təntənəli mərasim keçirildi. 
						
						Təhsil naziri Misir Mərdanov mərasimi açıq elan etdikdən 
						sonra universitetin tələbələrindən ibarət xor 
						kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət 
						himni səsləndi. 
						
						Bu gün ölkəmizin  orta ümumtəhsil, orta ixtisas və 
						məktəbəqədər təhsil müəssisələri  üçün ali təhsilli 
						pedaqoji kadrlar hazırlayan ADPU-nun 90  illik yubileyi 
						münasibətilə professor-müəllim və tələbə heyətini təbrik 
						edən təhsil naziri dövlət başçısı İlham Əliyevin hörmət 
						və ehtiramını  kollektiv üzvlərinə çatdırdı. 
						
						Ölkə Prezidentinin Azərbaycanda təhsilin inkişafındakı 
						xidmətlərinə görə universitetin bir qrup əməkdaşını 
						fəxri adlar və mükafatlarla təltif etdiyini deyən nazır 
						bu sərəncamların bir neçə şəxsə deyil, bütün kollektivə, 
						müəllimlərə, alimlərə verilən qiymət kimi 
						dəyərləndirilməli olduğunu vurğuladı. 
						
						Sonra Misir Mərdanov ölkə başçısının 18 aprel 2012-ci il 
						tarixli sərəncamları ilə təltif olunanların adlarını 
						oxuyaraq onlara gələcəkdə yeni-yeni uğurlar arzuladı və 
						universitetin kollektivi adından Prezident İlham Əliyevə 
						təşəkkürünü bildirdi. 
						
						 Nazir 
						qeyd etdi ki, 90 il ərzində zəngin inkişaf yolu keçmiş 
						universitet yarandığı vaxtdan indiyədək Azərbaycan 
						təhsil sistemi üçün 150 minə yaxın müəllim yetişdirib. 
						Bu çox böyük nailiyyətdir. Ona görə də bu gün kim nəyə 
						qadirdirsə, həyatda hansı nailiyyətləri əldə edibsə, ilk 
						növbədə, burada çalışan alimlərə, ziyalılara minnətdar 
						olmalıdır. 
						
						Təhsil ocağının məşhur məzunlarının adlarını diqqətə 
						çatdıran Misir Mərdanov bu gün müəllim və tələbələrin 
						məhz həmin şəxsiyyətlərə görə yubileyi belə təntənəli 
						qeyd etməyə haqları olduğunu bildirdi. 
						
						Çıxışının sonunda bir daha universitetin kollektivini 
						Azərbaycanın bütün təhsil ictimaiyyəti adından təbrik 
						edən nazir onlara yeni-yeni nailiyyətlər, böyük uğurlar 
						arzuladı. 
						
						Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın 
						müxbir üzvü, professor Yusif Məmmədov qonaqları 
						salamlayaraq vaxtlarını sərf edib yubiley tədbirində 
						iştirak etdiklərinə görə onlara  təşəkkür etdi və yüksək 
						dövlət mükafatlarına layiq görüldüklərinə görə ölkə 
						Prezidenti cənab İlham Əliyevə rəhbərlik etdiyi 
						kollektiv adından minnətdarlığını bildirdi. 
						
						Sonra rektor "ADPU-nun tarixi, bu günü, perspektivləri" 
						mövzusunda məruzə ilə çıxış etdi. Məruzədə universitetin 
						yaranma tarixi, qazandığı uğurlar, ölkəmizin təhsil 
						müəssisələri ilə yanaşı, həm də xarici ölkələr üçün elmi-pedaqoji 
						kadr hazırlığı sahəsində göstərdiyi mühüm xidmətlərdən 
						bəhs edildi. Qeyd olundu ki,  ADPU-nun məzunları 
						sırasında ölkəmizdə və onun hüdudlarından kənarda 
						tanınan çoxsaylı alimlər, ictimai-siyasi xadimlər, 
						yazıçı və şairlər, bəstəkarlar, xalq qəhrəmanları bu ali 
						təhsil müəssisəsinin nüfuzunun geniş şəkildə artmasında 
						mühüm rol oynamışlar. Şöhrətli elm və təhsil ocağına 
						çevrilmiş universitetin son 40 ildə qazandığı böyük 
						uğurlar ümummilli liderimiz Heydər Əliyev və onun 
						ideyalarının layiqli davamçısı cənab İlham Əliyevin elm 
						və təhsilə göstərdiyi böyük qayğı və diqqət sayəsində 
						əldə edilmişdir. Ulu öndərimiz 5 dəfə bu universitetə 
						gəlmiş, təhsil ocağını dövrün ən yüksək mükafatlarından 
						olan "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif etmiş, 
						professor-müəllim heyətini və tələbələri 
						mükafatlandırmış, kollektivə dəyərli tövsiyə və 
						məsləhətlər vermişdir. 
						
						Təhsilin, maddi dəyərlərin intellekt kapitalına 
						çevrilməsinin vacibliyini önə çəkən ölkə Prezidenti 
						cənab İlham Əliyevin müvafiq sərəncamları ilə son 6 ildə 
						universitetin 50-dək əməkdaşı təhsilin inkişafındakı 
						xidmətlərinə görə yüksək dövlət mükafatlarına layiq 
						görülmüşdür. Dövlət başçısının 18 aprel 2012-ci il 
						tarixli sərəncamları ilə ADPU-nun 38 nəfər əməkdaşı "Tərəqqi" 
						medalı və müxtəlif fəxri adlarla təltif edilib. 
						
						Verilən məlumata görə, ADPU son illər Türkiyə 
						Respublikasının Hacəttəpə Universiteti, Mehmet Akif 
						Ersoy Universiteti, eləcə də Rumıniya, Fransa, Rusiya, 
						Baltikyanı və digər xarici ölkələrin universitetləri ilə 
						sıx əməkdaşlıq edir. ADPU həmçinin Avropa və Amerikanın 
						60-dan çox qabaqcıl və nüfuzlu universitetini özündə 
						birləşdirən ETEN-ə (Avropa Müəllim Hazırlayan Ali 
						Məktəblər Birliyi) və Qara Dəniz Hövzəsi Ölkələrinin 
						Universitetləri Assosiasiyasına üzv seçilmişdir. 
						 
						
						Y.Məmmədov universitetin 60 illik yubileyində ulu öndər 
						Heydər Əliyevin də iştirak etdiyini xatırlatdı və sonra 
						bununla bağlı film göstərildi. Monitorda ümummilli 
						liderin həyatının ayrı-ayrı məqamlarının əks olunduğu 
						fotolardan ibarət slaydlar nümayiş etdirildi. Xor 
						kollektivi ulu öndərə həsr olunmuş mahnı ifa etdi. 
						
						Mərasimdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar 
						Muradova, BDU-nun rektoru Abel Məhərrəmov, ATU-nun  
						rektoru Əhliman Əmiraslanov, YAP sədrinin müavini - icra 
						katibi Əli Əhmədov, ADİU-nun rektoru Şəmsəddin Hacıyev, 
						AMİ-nin rektoru Aqiyə Naxçıvanlı, Səbail RİH-in başçısı 
						Asif Əsgərov, AMEA-nın birinci vitse-prezidenti Arif 
						Həşimov, BSU-nun rektoru Kamal Abdulla və başqaları ADPU-nun 
						professor-müəllim heyətini və tələbələrini yubiley 
						münasibəti ilə təbrik etdilər. 
						
						Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab 
						İlham Əliyevə ünvanlanmış müraciət oxundu. 
						
						Sonda xor kollektivinin ifasında universitetin himni 
						səsləndi.   
						
						
						Hicran ƏKBƏROVA |