Bu il mayın 13-dən 18-dək ABŞ-ın Pensilvaniya ştatının
Pittsburq şəhərində "Intel" Beynəlxalq Elm və
Mühəndislik Sərgisi keçiriləcək. Sərgidə Azərbaycanın
fevralın 23-24-də Bakı şəhərində keçirilmiş "Sabahın
alimləri" respublika müsabiqəsinin qaliblərindən ibarət
nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətimizin
tərkibinə "Sabahın alimləri" respublika müsabiqəsinin
Elmi Ekspertiza Komitəsinin sədri Rövşən Xəlilov,
təşkilat komitəsinin üzvü Cavanşir Məmmədov, akademik
Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva
və Sumqayıt şəhərindən olan aktiv iştirakçı-şagird
müşahidəçi Elçin Həsənli də daxildir.
Xatırladaq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi,
Gənclər və İdman Nazirliyi və "Mədəd" təşkilatının birgə
əməkdaşlığı ilə təşkil olunmuş "Sabahın alimləri"
respublika müsabiqəsində Bakı Dövlət Universitetinin
nəzdindəki "Gənc istedadlar" liseyinin şagirdləri Arif
Bayramov "İşığın istifadəsi ilə hidrogenin sudan
alınması üçün bionanosistem" və Mahirə Səfərəlizadə "Maqnit
xassəli polimer kompozitlə su səthindən neft və neft
məhsullarının nazik təbəqələrinin kənarlaşdırılması"
layihələrinə görə fərdi layihə nominasiyası, akademik
Zərifə Əliyeva adına liseyin şagirdləri Elxan Məmmədov
və Orxan Məmmədov isə "Nanotexnologiyada yeni yanaşma:
kiçik konsentrasiyanın təsiri" layihələrinə görə qrup
layihəsi nominasiyası üzrə qalib elan olunmuşlar.
Sərgi çərçivəsində elm-təhsil sahəsində araşdırmalar və
innovasiyalarla bağlı müxtəlif mövzularda görüşlər
təşkil olunacaq, hər bir ölkənin təcrübəsi barədə fikir
mübadiləsi aparılacaq.
"Intel" Beynəlxalq Elm və Mühəndislik Sərgisi dünyada ən
böyük beynəlxalq elm müsabiqəsi olaraq, hər il 65
ölkədən, regiondan və ərazidən 1500-dən çox yuxarı sinif
şagirdinin iştirakı ilə onların müstəqil tədqiqatlarını
nümayiş etdirmək üçün forum təşkil edir. "Intel" ISEF
gənclərin elmi fikirlərini birləşdirir, beynəlxalq
aləmdə onların istedadlarını nümayiş etdirir,
tədqiqatlarının təcrübəli alimlər tərəfindən
dəyərləndirilməsinə imkan yaradır. Bu ildən Azərbaycan
məktəbliləri də həmin tədbirin iştirakçıları siyahısına
qatılıblar.
Y.ƏLİYEV |