Hörmətli
dostum professor Ədalət Tahirzadənin "Azərbaycan
müəllimi" qəzetindəki silsilə yazılarını maraqla
oxuyuram. 30 mart tarixli son məqalədə İstanbuldan olan
hörmətli professor İbrahim Yıldırım bəyin, göndərdiyi
çox qiymətli bir foto ilə bağlı verdiyi dəyərli bilgilər
məni də bu yazını yazmağa həvəsləndirdi.
Hər şeydən öncə, məqalədə verilmiş foto haqqında onu
deyim ki, həmin şəkil o tarixdə İstanbul Universitetinin
ədəbiyyat fakültəsinə bağlı Türkiyyat İnstitutunun
yerləşdiyi binanın pillələri üzərində çəkilib. Bu binada
Əhməd Cəfəroğlu’nun
və Nihal Atsız’ın
da iş otaqları vardı. Şəkil də, çox güman ki, Əhməd bəyi
ziyarətə gəlmiş tələbələrlə birlikdə çəkilib.
Məqalədə Hüseyn Camal Yanarın bacısı qızlarından
danışılır və deyilir: "Dilşad və Sürəyya xanımların
Amerikada yaşayan böyük bacıları da varmış; özü də, əri
də professor imiş. Bu xanım, deyəsən, tarix professoru
olub. Bir zaman Türkiyəyə tez-tez gəlib-gedirmiş,
sonrakı taleyi bilinmir".
Mən bu məsələyə aydınlıq gətirmək istəyirəm. Dilşad və
Sürəyya xanımların böyük bacısı Qəmər xanım Ağaoğlu’dur
(1903-1984). O, məşhur sənətşünas professordur. Qəmər
xanımın əri Azərbaycanda da tanınan, Şərq incəsənəti
üzrə görkəmli mütəxəssis olan professor Məhəmməd
Ağaoğlu’dur
(1896-1949). Onlar ABŞ-da yaşayıblar və hər ikisinin
Şərq incəsənətinin müxtəlif sahələri üzrə çox qiymətli
kitabları nəşr edilib.
Bu yazıda mən hörmətli professor İbrahim Yıldırım bəyin,
adını ehtiramla çəkdiyi Dilşad xanımdan ayrıca danışmaq,
onun haqqında Azərbaycan oxucusuna geniş bilgi vermək
istəyirəm. Bunun Azərbaycanlıların təhsil tarixi üçün
maraqlı olacağını düşünürəm.
Azərbaycanda
sovet hakimiyyəti qurulduqdan sonra gələcəklərini
qaranlıq görən rejimə müxalif aydınlar, Müsavat
Partiyası üzvləri fürsət tapdıqca yavaş-yavaş ana vətən
torpaqlarını tərk edərək əmniyyətli qonşu ölkələrə köç
etdilər. Türkiyəni ikinci vətən olaraq seçən
azərbaycanlılar arasında peşələrində çox bacarıqlı
olanlar az deyil. Bunlar arasında atom fizikası üzrə
görkəmli mütəxəssis, Türkiyədə araşdırma və yazılarıyla
məşhur olan Ege Universiteti fənn fakültəsi
müəllimlərindən Prof. Dr. Dilşad Talıbxan Elbrus’un
(1915-1979) önəmli yeri var. O, kiçik yaşda ayrıldığı
vətənı Azərbaycana hədsiz bağlıydı. Ata torpaqlarının
başqa bir millətin hakimiyyəti altında bulunmasını heç
bir zaman qəbul edə bilmədi.
Fizika alimi olan Dilşad xanım 1915-də Bakıda doğulub.
Atası Talıbxan bəy Talıbxanbəyov çar dönəmində və
Cümhuriyyət illərində Şamaxıda, Qubada və başqa yerlərdə
polis rəisi kimi mühüm görəvlərdə çalışıb. Kommunistlər
hakimiyyət başına keçincə onu öldürdülər, bütün
mallarını və əmlakını müsadirə etdilər. Bundan sonra
anası Xeyrənnisa xanım (?-18.1.1949), bacıları
Qəmər xanım və Sürəyya xanım dayısı Hüseyn Camal
Yanar bəy (Türkiyəyə gələnədək: Hüseyn bəy
Mirzəcamalov) tərəfindən 1920-də Türkiyəyə
gətirilərək İstanbulda yerləşdirildilər.
Dilşad xanımın kiçik yaşlarında yaxın çevrəsinin də
təsiriylə milli hisslərə yiyələndiyi anlaşılır. Onun
dayısı Hüseyn bəy 28 May 1929-da Azərbaycan
Cümhuriyyətinin 11-ci ildönümü münasibətiylə
İstanbuldakı azərbaycanlıların "Odlu Yurd"
məcmuəsinin redaksiyasındakı mərasimə fəal olaraq
qatılıb, Milli Azərbaycan Bayrağını Azərbaycan istiqlal
davasının öndəri Məhəmmədəmin Rəsulzadə’yə
təqdim edib. 30 may axşamı "Union France" salonunda
keçirilən Milli Azərbaycan gecəsində xor Azərizadə’nin
"Vətən" şeirini oxuyub, Dilşad xanım da Əli Usta’nın
(o, təqaüddəki Böyükelçi Azər Volkan’ın
atasıdır) "Vətən həsrəti" şeirini xanım arxadaşlarıyla
birgə rəqs edərək söyləyib. "Odlu Yurd"da gecə haqqında
verilən bilgidə istər rəqsdə, istər oxumaqda və şeir
söyləməkdə, istərsə də pianoda böyük bacarıq göstərdiyi
və hər kəsin sevgisini qazandığı bildirilib.
Dilşad
xanım ictimai fəaliyyətini tələbəliyi boyunca davam
etdirib. İstanbulda ali məktəblərdə oxuyan azərbaycanlı
tələbələr 19 fevral 1933 tarixində Bəyoğlu Tokatlıyan
Hotelində keçirdikləri musiqili-rəqsli çay ziyafətində
Azərbaycan, Türkiyə və Krım milli rəqsləri oynayıblar.
Almaniyada nəşr edilən "İstiqlal" qəzetinin 10
mart 1933 tarixli 29-cu sayında çıxan xəbərdə özəlliklə
pianoda milli Azərbaycan havaları çalan Dilşad xanımın
çox alqışlandığı qeyd edilib. "İstiqlal"ın 15 iyun 1933
tarixli 36-cı sayında çıxan xəbərdə 28 May münasibətiylə
İstanbulda Xalq evi salonunda düzənlənən müsamirədə
Dilşad xanımın pianoda çalaraq oxuduğu Azərbaycan milli
şairi Əli Yusif bəy’in
(Əliyusif Yusifzadə’nin)
"Bir Turan yolçusu deyir ki" şeirinin çox bəyənildiyi
göstərilib.
Dilşad Elbrus 1931-də İstanbul Qız Liseyindən məzun
olduqdan sonra girdiyi İstanbul Universiteti fənn
fakültəsi fizika-kimya bölümünü 1934-də tamamladı.
Bitirdiyi fakültənin Təcrübi Fizika İnstitutunda
27.12.1934 tarixində assistent kimi işə başladı.
5.6.1949-da dissertasiya müdafiə etdi. Eyni bölümdə
noyabr 1954-də dosent adı aldı. Noyabr 1957-də İzmirdə
Ege Universiteti tibb fakültəsi Fizika İnstitutuna
dəyişdirildi.
Dilşad xanım məsləkdaşı, fizika professoru Adnan
Sokullu (1910-2005) ilə ailə quraraq Sokullu
soyadını qəbul etmişdi. Bir qədər sonra ayrılıblar. Onun
İstanbuldan İzmirə getməsinin səbəbi, ehtimal ki, onun
əski yoldaşıyla eyni çalışma məkanında bulunmaq
istəməməsindən qaynaqlanır.
O, 11.7.1961-də İzmirdə eyni fakültədə professor oldu.
14.10.1961-də yeni qurulan Ege Universiteti fənn
fakültəsi təcrübi fizika kafedrasına dəyişildi.
15.4.1969-da eyni universitetin mühəndislik bilimləri
fakültəsinə keçdi. Sağlamlığında yaranmış rahatsızlıqla
bağlı 1976-da erkən yaşda təqaüdə çıxdı. İstanbulda
11.4.1979-da dünyasını dəyişdi. Basılı iki kitabı və 6
elmi məqaləsi var.
Rus, alman və ingilis dillərini bilən Dilşad xanım
dəyişik tarixlərdə elmi çalışmalar aparmaq üçün
İngiltərə və İsveçdə müxtəlif universitetlərdə uzun
müddət bulunub.
Vəfatından
sonra Prof. Dr. Dilşad Talıbxan Elbrus haqqında
Azərbaycan Kültür Dərgisində gözəl bir yazı nəşr edən
Fevziyyə Abdullah Tansel (1912-1988) yaxın
arxadaşını və dostunu Azərbaycan xalq ədəbiyyatını,
folklorunu, teatr əsərlərini, opera və operettalarını
çox gözəl bilən, gözəl piano çalan, şirin səsiylə
Azərbaycan şərqi və türkülərini, segah və bayatılarını
usuluna uyğun olaraq qayət xoş tərənnüm edən, dindar və
etiqadı tam kamil bir insan olaraq bütün yönləriylə
tanıdıb.
Yeri gəlmişkən, burada Dilşad xanımın dayısı, onun ailə
üzvlərini sovetlərin qırmızı çənbərindən çıxararaq sağ-salamat
Türkiyəyə gətirmiş Hüseyn Camal Yanar haqqında da qısa
bilgi vermək istəyirəm. Dedi-qodulardan uzaq olan, hər
kəsə yardım əlini uzadan, bütün yurddaşlarının və
dostlarının sevgi və sayğısını qazanan bir kişi kimi
tanınan Hüseyn bəy Məhəmmədrəfi bəy oğlu
Mirzəcamalov (Hüseyn Camal Yanar) (1884-1974)
Kiyev Universitetinin iqtisad bölümünü 1910-da bitirib.
1908-də İranda iş başındakı Qacar xanədanı əleyhinə
başlayan üsyan zamanı Tehrana yönələn inqilabçılara
dəstək olaraq Bakıdan və Quzey Azərbaycandan çox sayda
könüllü hərəkətə keçmişdi. Hələ təhsilini tamamlamayan
Hüseyn bəy də quzey İrana doğru yola çıxmış və bu arada
inqilab hərəkəti uğurlu olmuşdu.
Təhsilini bitirib yurduna döndükdən sonra milli
Cümhuriyyət dönəmində Parlamentdə qanunvericilik
şöbəsinin rəisi vəzifəsində çalışıb, Müsavat
Partiyasının işlərində fəal iştirak edib. Müsavat
Partiyasının Türkiyədəki xarici təşkilatının
liderlərindən biri olan Əbdülvahab Yurdsevər
gəncliyində onun Bakıda geniş aydın zümrələrinə siyasi,
iqtisadi, ictimai və ədəbi mövzularda mühazirələr oxuyan
yetişkinlər arasında bulunduğunu xatırlayır. O, Müsavat
Partiyasının Bakı Komitəsində çalışırdı. Komitənin ilk
toplantısını Məhəmmədəmin Rəsulzadə açdıqdan
sonra Başqanlıq Divanı seçkiləri keçirilib. Komitə
Başqanlığına Abbasqulu Kazımzadə, başqan
yardımçılığına Hüseyn bəylə Mirzəbala Məhəmmədzadə
seçiliblər.
Dəyərli tarixçi Cəmil HəsənliTnin "Azərbaycan Xalq
Cümhuriyyətinin xarici siyasəti (1918-1920)" adlı
qiymətli əsərində qeyd etdiyinə görə, Hüseyn bəy
Mirzəcamalov Azərbaycan Cümhuriyyəti dönəmində Xarici
İşlər Nazirliyinin diplomatik korpusu içində 14 dekabr
1919 tarixindən etibarən Güney Qafkazda rus siyasəti ilə
bağlı materiallar toplayan özəl komissiyanın üzvü olaraq
işləyib və bu vəzifəsini qırmızı ordunun 27 aprel
istilasınadək davam etdirib. Bu tarixdən bir müddət
sonra Türkiyəyə sığınıb. Türkiyədəki həyatı günümüzdə
özəlləşməyə görə indi varlığı qalmayan, siqaret və içki
istehsalı ilə məşğul olan Təkəl İdarəsində məmurluqla
keçib.
Hüseyn bəy ərəbcə və farsca biliyi sayəsində düşüncə
adamı Mövlana ilə məşğul olub. Mühacirətin ilk
başlarında Müsavat Partiyası Xarici Bürosunun qərarı ilə
1924-də Mədəniyyət Komitəsi nəzdində Azəri Türk Gənclər
Birliyi qurulub. Bu təşkilata Məhəmmədsadıq Aran
başqanlıq edib. Siyasi mühacirlərdən Şəfi Rüstəmbəyli,
Səlim Ağasıbəyli, Məhəmməd Ağaoğlu və Hüseyn
Camalbəyov (Hüseyn Camal Yanar) fəal üzvlər arasında
yer alıblar. Bu dərnəyin 1929-dakı genəl kurul
toplantısında Hüseyn Camal Yanarın nəzarət komissiyası
üzvü olaraq hesabat verdiyi bilinməkdədir.
İstanbulda dünyasını dəyişməsini qardaşı uşaqları "Milliyyət"
qəzetinin 15.4.1974 tarixli sayında verdikləri ölüm
elanı ilə dostlarına bildirmişlər: "Azərbaycan
Qarabağ əşrafından Mirzə Camalzadə Hüseyn Camal Yanar -
bütün sevənlərin
’Azəri
dayısı’
13.4.1974 tarixində vəfat etmiştir. Cənazəsi 15.4.1974
Pazartəsi günü öylə namazını mütəaqib Kadıköy Osmanağa
Camisindən qaldırılacaqdır. Not. Çələng göndərilməməsi
rica olunur. Yegənləri: Dilşad Talıbxan Elbrus, Bəkir,
Bərrin, Can, Murad, Tarık Odoğlu, Qəmər Ağaoğlu (Amerika),
Güldəhən Ludden (Amerika)".
Yeri gəlmişkən, Hüseyn bəyin bacısı, Qəmər, Sürəyya və
Dilşad xanımların anası Xeyrənnisa xanım
18 yanvar 1949-da İstanbulda uzun sürən xəstəlikdən
sonra təxminən 80 yaşında vəfat edib. O, Bayəzid
camisində qılınan namazdan sonra bir çox azərbaycanlı
mühacirin dəfn edildiyi Fəriköy məzarlığında torpağa
tapşırılıb. Dilşad xanım "Cümhuriyyət" qəzetində
anasının cənazə mərasiminə qatılmış bütün dostlarına və
qohumlarına təşəkkür edən bir elan verib.
Yuxarıda adını çəkdiyimiz Qəmər xanım Ağaoğlu
Vyana Universitetində İslam sənətləri üzrə ixtisaslaşan
və dönüşündə İstanbul Universiteti ədəbiyyat fakültəsi
sənət tarixi bölümündə İslam sənətləri müəllimliyi ilə
birlikdə Vakıf Müzeyi müdirliyini də etməkdəykən
verilmiş bir dəvəti qəbul edərək 1930-da Amerikanın
Miçiqan Universitetinə gedən Məhəmməd Ağaoğlu’nun
həyat yoldaşıdır. O, ərinin ölümündən sonra da bu ölkədə
yaşamağa davam edib. Güldəhən Ludden’in
Qəmər xanımla Məhəmməd Ağaoğlunun qızı olduğunu ehtimal
edirik.
Ömər ÖZCAN,
Türkiyə Cümhuriyyəti
Milli Təhsil Nazirliyinin müşaviri |