(Sankt-Peterburq Mərkəzi Tarix Arxivinin materialları
əsasında)
6. Səfikürdski Aslan bəy Ağalar bəy oğlu
(30.9.1881, Səfikürd k./Gəncə qəzası -15.10.1937)
(SPb. MTA, f.14, s.3, iş 40327, 1902-ci il)
Ötəricə ön söz
Aslan
bəy Səfikürdski Azərbaycan tarixində önəmli iz buraxmış
kişilərdəndir. Onun haqqında yetərincə olmasa da,
müəyyən qədər araşdırma aparılıb, yazılar yazılıb.
Azərbaycan Türk aydınlarının qabaqcıl nümayəndələrindən
olan Aslan bəy ölkəmizin ictimai həyatında daim fəal
iştirak edib, həmişə ən qaynar nöqtələrdə bulunub. Bəzən
yanılmalara yol versə də, dedikləriylə etdikləri çox
vaxt üst-üstə düşüb. O, çar dönəmində də, Cümhuriyyət
illərində də, sovet çağında da əməlləriylə xalqına fayda
verməyə çalışıb və həmişə xalqın gözü önündə olub.
Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurasının,
Azərbaycan Parlamentinin üzvü olub. Cümhuriyyət
hökumətində poçt-teleqraf və əmək naziri, ədliyyə və
əmək naziri, Cümhuriyyətin baş prokuroru vəzifələrində
çalışıb, sovetləşmədən sonra isə Xalq Ədliyyə
Komissarlığı Kollegiyasının üzvü olub. 1922-də eserlərin
işi üzrə həbs edilib, buraxıldıqdan sonra "Azərneft"də
hüquq məsləhətçisi işləyib və 1937-də kommunistlər hamı
kimi onu da güllələyib. Bu, onun ən qısa tərcümeyi-halıdır.
Bu yazıdan məqsədimiz yalnız Aslan bəyin tələbə şəxsi
işiylə tanışlıq olduğuna görə onunla bağlı başqa faktlar
üzərində dayanmayacağıq.
Bu başdan bildirək ki, Aslan bəy ali təhsilini Xarkov
Universitetinin hüquq fakültəsində almağa başlayaraq
(1901-1902) Peterburq Universitetinin eyni fakültəsində
bitirib (1902-1907). Onun SPb. Mərkəzi Tarix Arxivindəki
40327 saylı tələbə işində bir çox maraqlı bəlgələr
saxlanılmaqdadır. Bu yazıda onlardan işdəki
ardıcıllığına görə yox, yazılma tarixlərinə görə
danışılacaq.
Əsil-nəcabət haqqında şəhadətnamə
Artıq
bildirdiyimiz kimi, çar ali məktəblərində tələbələrin
ictimai mənşəyinə ciddi fikir verilir, bunu təsdiqləyən
sənəd tələb olunurdu. Aslan bəyin atası dünyadan
köçdüyünə görə həmin bəlgəni əmisi alaraq universitetə
göndərmişdi. 11 avqust 1890-cı ildə verilmiş
şəhadətnamədə oxuyuruq: "Bu, Gəncə Qəza İdarəsindən
Səfikürd kəndinin sakini Həsən bəy Aslan bəy oğlu
Səfikürdski’yə
ona görə verilib ki, Səfikürd kəndinin 1886-cı il ailə
siyahısından göründüyü kimi, onun qardaşı oğlu Aslan
bəy Ağalar bəy oğlu Səfikürdski imtiyazlı
təbəqədəndir və adıkeçən siyahıda öz atasının ailəsində
16-cı nömrə ilə qeyd olunub".
Bu bəlgədən anlaşılır ki, Aslan bəyə babasının adı
qoyulub.
Doğum haqqında şəhadətnamə
Şəxsi işlərdəki sənədlər yalnız tələbənin həyatını
öyrənmək baxımından deyil, həm də o dönəmin rəsmi
sənədlərinin bəzən təmtəraqlı, bəzən zəhlətökən dil və
üslubuyla tanışlıq sarıdan da maraq doğurur. Ruscadan
çevirdiyimiz aşağıdakı bəlgə də maraqlı örnəklərdəndir:
"Bu şəhadətnamə Zaqafqaziya Şiə Ruhani İdarəsindən
ona görə verilib ki, Gəncə vilayəti Gəncə qəzası
Səfikürd kəndinin sakini Aslan bəy Ağalar bəy oğlu öz
atası Ağalar bəy Səfikürdski’nin
qanuni arvadı Mahtəban xanım Məhəmməd ağa qızı’ndan
otuz sentyabr min səkkiz yüz səksən birinci ildə
doğulub. Ona görə də Ruhani İdarəsi bunu imza və xəzinə
möhürü basmaqla təsdiq edir. 24 sentyabr 1890-cı il.
Tiflis şəhəri,
№
1459. Gerb rüsumu ödənilib.
Zaqafqaziya Ruhani İdarəsinin sədri, şeyxülislam:
Axund Mirzə Həsən Tahirov.
Üzvlər: Axund Talıbzadə, Axund Mollazadə".
Xarkovlu rektordan Piterli rektora məktub
A.b.Səfikürdski
1901-də Xarkov Universitetinə girib. Orada bir il
oxuduqdan sonra - 12 iyul 1902-ci ildə həmin
universitetin rektoru Sankt-Peterburq Universitetinin
rektoruna bu məzmunda bir sənəd göndərib: "Xarkov
Universiteti hüquq fakültəsinin 2-ci semester tələbəsi
Aslan bəy Səfikürdski mənə ərizə yazaraq siz alihəzrətin
rəhbərlik etdiyi universitetin hüquq fakültəsinin üçüncü
semesterinə keçirilməsini xahiş edib".
Xarkovlu rektor daha sonra öz işdaşına bu bilgiləri
verir: A.b.Səfikürdski Məhəmmədiyyə dinindəndir, 30
sentyabr 1881-ci ildə doğulub, Xarkov Universitetinə
Gəncə gimnaziyasından 4 iyul 1901-ci ildə aldığı 616
saylı kamal attestatı ilə girib və hüquq fakültəsinin
mühazirələrini dinləyib.
O ən sonda yazır: "Səfikürdski Sankt-Peterburq
Universitetinə keçməsinə səbəb olaraq Sankt-Peterburqda
yaşayan və ona maddi yardım edə biləcək yeznəsi
ilə birgə yaşayacağını göstərir". Bu yeznənin
kimliyini biz Aslan bəyin deyil, onun qardaşı
Nəsrəddin bəy Səfikürdski’nin
tələbə işindən (SPb. MTA, f.14, s.3, iş 43218) öyrənirik.
Həmin işdəki bir qeyddə Piterdə şərab anbarı müdirinin
yardımçısı işləyən Rüstəm bəy Sultanovun bu qardaşlara
maddi yardım göstərdiyi bildirilir. Xatırladım ki,
Rüstəm bəy Paşa bəy oğlu Sultanov (1875-1941) məşhur
Xosrov bəy və Sultan bəy Sultanov’ların
qardaşıdır. O da Peterburqda ali təhsil alıb və 1897-ci
ildə Texnologiya İnstitutunu bitirib. Onun oğlu
İsgəndər bəy (1897-1942) isə Cümhuriyyət hökumətinin
Almaniyaya oxumağa göndərdiyi tələbələrdəndir və
mühəndis diplomu alaraq 1933-də Bakıya dönüb, repressiya
olunub.
Şəhadətnamə
Xarkov
Universiteti rektorunun məktubundan sonra Aslan bəy
Sankt-Peterburq Universitetinə keçirilərək orada oxumağa
başlayıb. Ancaq çox keçmədən o, "baltanın ağzını daşa
vurub". Bunun nə demək olduğunu Sankt-Peterburq
Universiteti rektorunun 1 aprel 1903-də verdiyi 2086
saylı şəhadətnamə açıqlayır: "Bunu təqdim edən Aslan
bəy Səfikürdski... təhsilini Gəncə gimnaziyasında kamal
attestatı ilə bitirdikdən sonra 1901-ci ilin avqust
ayında Xarkov İmperator Universitetinin tələbələri
sırasına qəbul olunub və 1901-1902-ci tədris ilində
hüquq fakültəsində mühazirələri dinləyib. 1902-ci
ilin avqustunda Sankt-Peterbuq Universitetinin həmin
fakültəsinə keçib və 1902-ci ilin payız yarımilində
üçüncü semesterin mühazirələrini dinləyib. 1902-ci ilin
yazındakı yarımkurs imtahanlarında bu qiymətləri alıb:
siyasi iqtisaddan "üç", hüquq ensiklopediyasından "beş",
Roma hüququ tarixindən "dörd". İndi o, 18 mart
yürüşündə iştirak etdiyinə görə Sankt-Peterburq
İmperator Universitetindəki professor intizam
məhkəməsinin builki 26 mart tarixli qərarına əsasən
başqa ali məktəblərə ümumi əsaslarla dərhal girməsi
yasaqlanmadan universitetdən 15 avqust 1903-cü ilədək
qovulub. Buna görə də universitetdə təhsilin tam
kursunu bitirmiş tələbələrə verilən hüquqlardan istifadə
edə bilməz".
İltizam kağızı
Deməli, Aslan bəy istəsə başqa ali məktəbə girə bilər,
istəməsə 15 avqustadək gözləyib yenidən təhsilini davam
etdirərdi. O, ikinci yolu seçdi. Ancaq yenidən tələbə
olmaq elə də asan deyilmiş. Onu düz yarım il get-gələ
saldılar. Sonda universitet rəhbərliyi ondan "adam
olacağı" haqqında yazılı iltizam istədi. Daha heç bir
diplomatiya işə keçmirdi. Əlacsız qalan A.b.Səfikürdski
3 fevral 1904-də dilindən bu məzmunda iltizamnamə verdi
ki, universitetdə oxuduğum müddətcə nəinki heç bir gizli
cəmiyyətdə iştirak etməyəcəyimə, ən yaxın rəhbərliyin
icazəsi olmadan hətta qanunun icazə verdiyi cəmiyyətlərə
belə qatılmayacağıma, rəhbərliyin icazə vermədiyi heç
bir pul yığımında iştirak etməyəcəyimə və ümumən
tələbələr üçün müəyyənləşdirilmiş bütün qaydalara əməl
edəcəyimə söz verirəm, sözümü yerinə yetirməsəm qanuni
cəzaya düçar olacağam.
Bundan
sonra universitet rəhbərliyi heç bir əngəl törətməsə də
ailə problemləri onun universitetə bərpasına mane oldu.
Ərizə
Aradan 10 ay keçəndən sonra - 17 dekabr 1904-də hüquq
fakültəsinin keçmiş III semestr tələbəsi Aslan bəy
Səfikürdski Piterdən rektora bu məzmunda bir ərizə yazıb:
"Yürüşdə iştirak etdiyimə görə mən 18 mart 1903-cü
ildə Sizin tabeliyinizdəki universitetdən bu ilin 15
avqustunda yenidən qəbul olunmaq hüququ ilə qovulmuşam,
ancaq ailə vəziyyətimlə bağlı olaraq indiyədək bu
hüququmdan yararlana bilmədiyimə görə Siz cənabi-alidən
məni 1904-cü ilin yanvarından hüquq fakültəsinin IV
semestr tələbələri siyahısına salmağınızı acizanə xahiş
edirəm". Əslində bu, o deməkdi ki, Aslan bəyi
qarşıda düz bir ilin - iki semestrin imtahanları
gözləyir. Görünür, o, özünə tam arxayın olduğuna görə
belə cəsarətlidir.
Başqa bəlgələr
Sonrakı kurslara da aid sənədlərin olması sübut edir ki,
A.b.Səfikürdski nəinki 1904-cü ilin imtahanlarını uğurla
verib, həm də sonrakı illərdə də bütün çətinliklərə sinə
gərib. Şəxsi işindəki 1906-cı ilin zaçot kitabçası bu
gerçəyi əks etdirir.
Yeri gəlmişkən, bəzi qaynaqlarda Aslan bəyin ali təhsili
1905-də başa vurduğu göstərilir. Ancaq şəxsi işindəki
zaçot kitabçası və başqa bəlgələr bunu bütünlüklə inkar
edir. Məsələn, 21 oktyabr 1906-da hüquq fakültəsinin
tələbəsi Aslan bəyə verilmiş şəhadətnamədə onun
Peterburqda yaşamaq hüququ olduğu təsdiqlənir. Onun
1907-ci ilin 1-ci yarısında universitetə girib-çıxmaq
üçün bileti də vardı.
Beləliklə,
A.b.Səfikürdskinin Sankt-Peterburq Universitetini 1907-də
bitirməsi danılmazdır, ancaq onun diplomunun surəti,
təəssüf ki, bu işdə yoxdur.
Qardaşlar
Yeri gəlmişkən, Aslan bəy Səfikürdskinin qardaşları da
Rusiya ali məktəblərini bitirmiş yüksək ixtisaslı
mütəxəssislərdir. Burada onlar haqqında ayrıca danışmaq
imkanı olmasa da lap qısaca bilgi verməyi faydalı
sayıram.
Ortancıl qardaşı Nəsrəddin bəy (1884-1920) 3 il
onunla birgə Peterburq Universitetində oxuyub və bir
mənzildə yaşayıb, ancaq o, 1904-dən fizika-riyaziyyat
fakültəsinin tələbəsi olub, 1905-də hüquq fakültəsinə
keçib və 1910-da 8 semestri geridə qoyaraq buraxılış
şəhadətnaməsi (diplom əvəzi) almaq üçün bütün
imtahanları verib və 21 yanvar 1911-də həmin
şəhadətnaməni alıb. Nəsrəddin bəy 1920-də Gəncədə sovet
hakimiyyəti əleyhinə qalxmış üsyanın iştirakçılarından
biri kimi şəhid olub.
Kiçik qardaşı Ağalar bəy (1890-1966) isə 1917-ci
ildə Moskva Universitetinin tibb fakültəsini qurtarıb və
öncə Gəncədə həkim işləyib. Sovet hakimiyyəti illərində
Bakıda 4 saylı xəstəxananın baş həkimi, Gəncə Şəhər
Səhiyyə Şöbəsinin müdiri, Bakıda Semaşko adına
xəstəxananın baş həkimi, Səhiyyə Nazirliyində idarə
rəisi vəzifələrində çalışıb.
Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin professoru
adalet_tahirzade@yahoo.com
Tel.: +994-50-612-68-13 |