Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də
Qazax rayonuna səfəri çərçivəsində Şahmat Mərkəzinin
açılışında iştirak etmişdir. Dövlətimizin başçısı
mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə məlumat verildi ki, Heydər
Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş mərkəzin
tikintisinə 2011-ci ilin dekabrında başlanılmışdır.
Mərkəzin foyesində xalqımızın ümummilli lideri Heydər
Əliyevin büstü ucaldılmışdır. Foyedə, həmçinin ulu öndər
Heydər Əliyevin və Prezident İlham Əliyevin Qazax
rayonuna səfərlərini, gənclərlə görüşlərini, həmçinin
ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və
qayğını əks etdirən fotoşəkillərdən ibarət stendlər
quraşdırılmışdır.
Diqqətə çatdırıldı ki, Qazax Şahmat Mərkəzi əvvəllər
məşğələlərin keçirilməsi üçün lazımi şəraiti olmayan,
ötən əsrin başlanğıcında tikilmiş 57 kvadratmetrlik
köhnə binada yerləşirdi. Buna görə də mərkəz üçün
şəhərin mərkəzində ümumi sahəsi 750 kvadratmetr olan
yeni bina inşa edilmişdir.
Prezident İlham Əliyevə məlumat verildi ki, Qazax Şahmat
Mərkəzində uşaqların və yeniyetmələrin idmanın bu qədim
növünün sirlərinə dərindən yiyələnmələri üçün hər cür
şərait yaradılmışdır. Mərkəzdə şahmat dərslərinin
keçirilməsi üçün zəruri avadanlıqla təchiz olunmuş beş
tədris, xidmət, müəllim otaqları, yeməkxana və oyun zalı
fəaliyyət göstərir. Yüksək standartlara cavab verən,
ümumi sahəsi 167 kvadratmetr olan oyun zalında yerli,
regional və beynəlxalq səviyyəli yarışların keçirilməsi
üçün bütün şərait mövcuddur. Şahmatla bağlı biliklərin
əldə olunması və müasir yeniliklərin qavranılması üçün
ayrıca kompüter otağı da yaradılmışdır. Bu da dərslərin
kompüter vasitəsilə tədrisinə, ən son yeniliklərin qısa
müddətdə öyrənilməsinə şərait yaradır.
Dövlətimizin başçısı gənc şahmatçıların oyunlarını
izlədi.
Qeyd edildi ki, Qazax Şahmat Mərkəzi respublika
səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır.
Təsadüfi deyildir ki, Qazax şahmatçıları son illərdə
beynəlxalq və respublika səviyyəli şahmat yarışlarında
bir sıra uğurlar qazanmışlar.
Müasir memarlıq üslubunda tikilmiş mərkəzin binasının və
ətrafındakı hasarın üzərində şahmat fiqurlarının
təsvirləri həkk olunmuşdur. Mərkəzin həyətində geniş
abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmış,
müasir işıqlandırma sistemi, oturacaqlar quraşdırılmış,
göz oxşayan fəvvarə yaradılmışdır.
Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraiti yüksək
qiymətləndirdi, kollektivə uğurlar arzuladı.
AzərTAc |