Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Aprel 2012 - №15

 

Veteran idman mütəxəssisi

 

Bu dünyada hər bir insan həyatı anladığı andan öz səadətini, xoşbəxtliyini tapmaq üçün yol gedir. Bu yol isə hər kəsin doğulub boya-başa çatdığı yurddan, yuvadan, eldən, obadan başlayır.

Kimi bu yolun ayazına, şaxtasına dözmür, çənində, dumanında azır... Kimi də bu yolun bütün əzab-əziyyətlərinə dözərək orada öz səadətinin ünvanını tapır. Elə bu ünvanda da o, şan-şöhrət, ad-san, ucalıq qazanır. Beləcə, ömür yolu illərlə, illər isə qazanılan uğurlu əməllərlə ölçülür. Bu günlər  şərəfli həyat yolu keçmiş belə insanlardan birinin ömür yolu kitabının səhifələrini vərəqlədik...

Vaqif Gözəlov 1942-ci il fevralın 16-da Əli Bayramlı (indiki Şirvan) şəhərində dünyaya göz açıb. O, 1960-cı ildə indiki S.Hüseynov adına şəhər 1 nömrəli tam orta məktəbi bitirib. 1959-cu ildə rayonun Məsul Cəmiyyətində məşqçi işləyib. 1961-ci ildə boks üzrə idman hakimi adına layiq görülüb. "Neftçi" cəmiyyətində məşqçi kimi fəaliyyətini davam etdirərək respublika yarışlarında rayonun idman şərəfini qoruyub. Elə həmin il də Gəncə şəhərində gənclər arasında keçirilən Azərbaycan birinciliyinin qalibi olub. Onun məşqçi-idmançı kimi fəaliyyəti nəzərə alınaraq Azərbaycan Boks Federasiyasının təqdimatı ilə o, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub.

İllər ötdükcə Vaqif Gözəlov yarışdan-yarışa püxtələşib, ali məktəbdə özünün nəzəri və praktiki hazırlığını daha da zənginləşdirib. Bu dövrdə o, SSRİ-nin əməkdar məşqçisi, əməkdar idman ustası, Azərbaycanda ilk beynəlxalq dərəcəli hakim adına layiq görülən Abbas Ağalarov və SSRİ idman ustası, əməkdar məşqçi İlya Odinovun rəhbərliyi altında məşqlərini davam etdirib. Az sonra onun idman taleyində yeni üfüqlər açılıb. Müxtəlif illərdə Azərbaycan çempionatlarında fəxri kürsüyə qalxan, Azərbaycan çempionu adına layiq görülən V.Gözəlov çox keçməyib ki, Azərbaycanın yığma komandasının tərkibinə qəbul olunub. 1963-cü ildə yığma komandanın tərkibində Vilnüs şəhərində keçirilən "Lokomotiv" idman cəmiyyəti mərkəzi şurasının birinciliyində bürünc medal  qazanıb. Həmin il o, Krasnodar çempionu, eyni zamanda Azərbaycan birinciliyinin qalibi adına layiq görülüb. 1962-1966-cı illərdə o, ali məktəb tələbə boksçularının birinciliyinin də qalibi olub. V.Gözəlov həmçinin Moskva, Kaunas şəhərlərində, Ukrayna, Gürcüstan, Qazaxıstan, Latviya, Belarus, Litva, Estoniya respublikalarında keçirilən beynəlxalq turnirlərdə fəxri kürsüyə qalxaraq, çempion kimi mükafatlarının sayını artırıb.

1966-cı ildə idman ustası adına layiq görülən Vaqif müəllim bir il 28 nömrəli texniki peşə məktəbində ixtisası üzrə təlimatçı işləyib. 1967-ci ildə isə respublikada keçirilən Azərbaycan birinciliyinin baş hakimi vəzifəsi ona həvalə edilib. Məzunu olduğu 1 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi işləyən V.Gözəlov  1968-ci ildə sovet ordusu sıralarına çağırılıb. Bir il ordu sıralarında xidmət etdikdən sonra ehtiyatda olan zabit kimi rayona qayıdıb və 14 nömrəli beynəlmiləl orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirib.

1972-ci ildə onun rəhbərlik etdiyi rayonun yığma komandasının respublika birinciliyində komanda hesabında 2-ci yerə layiq görülməsini indi də fəxrlə xatırlayır. Həmin dövrdə Vaqif müəllimin perspektivli yetirmələrinin sıraları günü-gündən genişlənirdi. Bu idmançılar respublikadan kənarda da yaxşı tanınırdı. 1996-cı ildə Vaqif müəllimin həyatında daha bir əlamətdar hadisə baş verib. Həmin il o, respublika dərəcəli hakim adına layiq görülüb. 1998-ci ildə Ümumdünya Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti, pakistanlı professor Ənvər Coudrinin şərəfinə Bakı şəhərində keçirilən yarışda obyektiv hakimliyə görə AİBA-nın diplom və medalına layiq görülüb. Bir il sonra Azərbaycan birinciliyinə baş katiblik edən Vaqif müəllimə 2001-ci ildə Beynəlxalq dərəcəli hakim adı verilib. Həmin ildən də Vaqif Gözəlov ölkə, Avropa, dünya birinciliklərində, beynəlxalq turnirlərdə hakimlik edib, 2002-ci ildə o, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adına layiq görülüb.

Beləliklə də o, paralel olaraq 46 il müəllimlik, 45 il məşqçilik, 50 il isə hakimlik stajına malikdir. O, məşqçilik dövründə 10 nəfər SSRİ idman ustası, 8 ustalığa namizəd, 15 məşqçi-müəllim, 13 idman hakimi, yüzlərlə 1-ci, 2-ci və 3-cü dərəcəli idmançı hazırlayıb.

V.Gözəlov hazırda Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Veteranları İttifaqının üzvüdür. Onun əməyi yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 oktyabr 2010-cu il tarixli sərəncamı ilə ölkə təhsilinin inkişafındakı xidmətlərinə görə Vaqif Gözəlov "Tərəqqi" medalı ilə təltif olunub. Bir il sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli sərəncamı ilə ona Azərbaycan Respublikasının İdman mütəxəssisi "Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi" fəxri adı verilib.

...Bəli, Vaqif müəllimin gördüyü bu yüksək, xeyirxah işlər, göstərdiyi xidmətlər, qazandığı uğurlarla qürur duymağa haqqı var. Ona görə ki, şərəflə yaşadığı 70 illik ömrünün əsas hissəsini idmanın inkişafına və xalqına, vətənə layiq övladlar tərbiyə etməyə həsr edib. Bu da əsl vətənpərvərlikdir. Biz də Vaqif Gözəlova cansağlığı, uzun ömür diləyir, 70 yaşın mübarəkdir, deyirik! 

Ədalət DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov