Azərbaycan Dillər Universitetində təcrübə mübadiləsinə
həsr olunmuş "dəyirmi masa" keçirildi. Məqsəd ADU və
Böyük Britaniyanın Esseks Universitetlərinin təhsil
proseslərini müqayisə etmək və təcrübə mübadiləsi
aparmaq idi.
Tədbiri giriş sözü ilə açan 2 saylı ingilis dili
fakültəsinin dekanı, dosent Vəfa Bənnayeva ADU ilə
Esseks Universiteti arasındakı əməkdaşlıqdan danışdı.
Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri,
professor Gülnar Hüseynzadə Esseks Universitetində 2
həftə təcrübədə olduğunu bildirib, bu müddət ərzində
keçilən dərslərdən söz açdı. İngilis dilinin leksikası
və ölkəşünaslıq kafedrasının müdiri, professor
Məsməxanım Qazıyeva, həmin kafedranın baş müəllimi
Sevinc Seyidova Esseks Universiteti, buradakı təhsil
sistemi və universitetdə tələbələrin seçim imkanları
barəsində danışdılar.
Sonda Esseks Universitetində təcrübə zamanı çəkilmiş
şəkillərdən ibarət fotoslayd nümayiş olundu və suallar
cavablandırıldı. Xatırladaq ki, Azərbaycan Dillər
Universiteti və Böyük Britaniyanın Esseks Universiteti
arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqaviləyə
əsasən, Azərbaycan Dillər Universitetinin ingilis dili
fakültəsinin tələbələri II kursu bitirdikdən sonra
təhsillərini Esseks Universitetində davam etdirəcəklər
və ikili diplom alacaqlar.
Şakir CƏFƏROV |