Elm
adamının ağlı bəşəriyyətin yolunu işıqlandırır,
qabiliyyəti və zəkası insanın qüdrətini artırıb, onu
yenilməz edir, təbiətin sirləri labirintində daim məşəl
yandırır. Belələri ilə ünsiyyətdə olmaq böyük
xoşbəxtlikdir. Bu xoşbəxtlikdən pay almaq üçün yolumuzu
ali təhsilimizin avanqardı olan Bakı Dövlət
Universitetinin mexanika-riyaziyyat fakültəsinin ali
riyaziyyat kafedrasına saldıq. Kafedranın dosenti Sarvan
Hüseynovla görüşdük. Bəri başdan deyək ki, bu gün bu ali
təhsil ocağının auditoriyaları, laboratoriyaları adama
geniş elmi-tədqiqat institutlarını xatırladır.
Qızğın müzakirələr, elmi-diskussiyalar, şəffaf, obyektiv
imtahan prosesi insanın qəlbini qürur hissi ilə doldurur.
Ölkəmizdə elm, təhsil sahəsində həyata keçirilən uğurlu
islahatlar nəticəsində, həmçinin BDU-nun rəhbərliyi,
xüsusilə rektor, akademik Abel Məhərrəmovun gərgin əməyi
sayəsində burada elmi tədqiqat işləri, səmərəli pedaqoji
fəaliyyət, intellektual kadr hazırlığı üçün geniş
imkanlar yaranıb. Elmi-tədqiqat laboratoriyaları
regionda analoqu olmayan ən müasir cihazlarla təchiz
edilib. Bütün bunlardan bəhs etdikcə qəlbi elm, təhsil
sevgisi ilə çırpınan Sarvan Hüseynov ilə daha yaxından
tanış olmaq, onu həm də oxucularımıza tanıtdırmaq
qərarına gəldik.
Sarvan müəllim 1971-ci il mayın 22-də Qərbi Azərbaycanın
Qafan rayonunun Keypəşin kəndində anadan olub. Orta
məktəbi həmin rayonun Pəyhan kəndində bitirib. Sonra
Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat
fakültəsinə daxil olub. 1989-91-ci illərdə orduda xidmət
edib. Tələbəlik illərindən çalışqanlığı, geniş
erudisiyası, savadı ilə müəllimlərin diqqətini çəkən
S.Hüseynov 1998-ci ildən bu klassik elm, təhsil
məbədində bir vaxtlar ona dərs deyən müəllimlərilə çiyin-çiyinə
çalışır. Respublikamızın tanınmış riyaziyyatçı
alimlərindən-professorlar Ələddin Şəmilov, Qəmbər
Namazov, Sabir Mirzəyev, Kazım Həsənov və başqaları
Sarvan müəllimdən razılıq hissi ilə danışırlar.
Sarvan Hüseynov hələ tələbəlik illərindən riyaziyyatın
çətin, "qarlı aşırımlarla" dolu yollarında ilk kövrək
addımlarını ataraq maraqlı mövzularla bağlı elmi
tədqiqat işləri aparmaq arzusuyla yaşayırdı. Məhz bu
maraq və istedad onu AMEA-nın Riyaziyyat və
Mexanika İnstitutunun aspiranturasına gətirib
çıxarır.
Deyirlər zəhmət və istedad qoşa qanaddır. Məhz bu iki
amil Sarvan müəllimin fəaliyyətində bir vəhdət təşkil
edir. O, qısa müddətdə AMEA-nın müxbir üzvü,
respublikamızın tanınmış riyaziyyatçılarından olan,
mərhum İlham Məmmədovun rəhbərliyi altında "Qeyri-müntəzəm
qüvvətüstlə cırlaşan ikinci tərtib divergent elliptik
tənliklərin həllərinin keyfiyyət xassələri" mövzusunda
dissertasiya müdafiə etmiş, fizika-riyaziyyat üzrə
fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Sonra BDU-da
kiçik elmi işçi, 2001-2003-cü illərdə müəllim, 2003-cü
ildən dosent kimi fəaliyyət göstərir. Həmişə elmi
axtarışlarını davam etdirən, elmin ən uca zirvəsini fəth
etməyə səy göstərən istedadlı və zəhmətsevər alim bu gün
doktorluq dissertasiyası üzərində işləyir.
Sarvan müəllimin apardığı dərslərin əhatə dairəsi
genişdir: ali riyaziyyat, xətti cəbr, ehtimal
nəzəriyyəsi və xüsusi törəməli tənliklər. O, 36 elmi
məqalənin və bir dərs proqramının müəllifidir. Müxtəlif
beynəlxalq simpozium və konfranslarda iştirak edərək
respublikamızı ləyaqətlə təmsil etmişdir. 2004-cü ildə
Riyaziyyat və Mexanika İnstitutunun 45 illiyinə həsr
olunmuş riyaziyyat və mexanika üzrə X beynəlxalq
konfrans, 2005-ci ildə AMEA-nın müxbir üzvü, professor
İ.T.Məmmədovun anadan olmasının 50 illiyinə həsr olunmuş
beynəlxalq konfrans, yenə həmin ildə Rusiyanın Samara
vilayətində diferensial tənliklər və onların tətbiqi
Ümumrusiya elmi konfransı, 2008-ci ildə REA-nın müxbir
üzvü, professor L.D.Kudryavsevin 85 illiyinə həsr
olunmuş III beynəlxalq konfrans, həmin ildə Naxçıvanda
təşkil olunmuş riyaziyyat və texnika elmləri üzrə
beynəlxalq konfransda etdiyi çıxışlar maraqla
qarşılanmışdır.
Sarvan müəllimin "Müntəzəm və qeyri-müntəzəm cırlaşan
ikinci tərtib divergent elliptik tənliklər" üçün Dirixle
məsələsi, Harnak bərabərsizliyi, Hölder kəsilməzliyindən
bəhs edən əsərləri vardır.
S.Hüseynov tələbəlik yollarında ilk kövrək addımlarını
atan, köməyə, şəfqətə ehtiyacı olan tələbələrinə dərsdən
sonra təmənnasız olaraq kömək edir, problemlərin həlli
yollarını göstərir. Məhz buna görə də tələbələri onu
elmi-tədqiqat laboratoriyasında, ya da auditoriyada,
sözün həqiqi mənasında, əsl müəllim kimi görür, qəbul
edirlər. Sarvan müəllim üçün auditoriya müqəddəs
məkandır, tələbələri isə müstəqil Azərbaycanımızın
gələcək taleyində (həm də tarixində) xüsusi rol
oynayacaq şəxsiyyətlərdir.
Müqəddəs müəllim sənətinə qəlbən, ruhən bağlı olan
Sarvan Hüseynovun bir amalı var: Bu sənətə vurğunluğu
ictimai borc səviyyəsinə yüksəltmək. Biz də bu istedadlı
alimə, zəhmətsevər pedaqoqa elmimizin, təhsilimizin
tərəqqisi yolunda yeni yaradıcılıq uğurları arzulayırıq.
Zahid RZA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü |