Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Aprel 2012 - №15

 

Məzunlar 50 ildən sonra görüşdülər

 

Gəncə Dövlət Universitetinin 1961-ci il məzunları 50 il sonra görüşdülər. 1956-cı ildə GDU-ya - o vaxtkı H.Zərdabi adına KDPİ-nin fizika-riyaziyyat fakültəsinə qəbul olunan, 4 il sonra müəllim kimi müstəqil həyata atılan gənclər indi ömürlərinin müdrik çağında görüşə gəlmişdilər. Universitetin rektoru, professor Elman Məmmədovun, riyaziyyat-informatika fakültəsinin dekanı, dosent Fəxrəddin Məmmədovun dəstəyi ilə öz keçmiş tələbə yoldaşlarını soraqlayan dosent Hüseyn Mehdiyev axtarış əsnasında bəzən kədərli xəbərlərlə də üzləşmişdi...

Nəhayət, 1961-ci il məzunlarının 4 qrupundan - 82 nəfərdən qalan 23 nəfər görüşdü. Çox təsirli görüş idi... Bir-birinə zənlə baxıb sonra tanıyan kim, qucaqlaşıb-öpüşən, bir-birindən işini-gücünü, nəvə-nəticəsini soraqlayan kim... Keçmiş müəllimlərindən bircə Nemət Seyfullazadəni görə bildilər. Nemət müəllimin, Həmid müəllimin gənc mütəxəssis kimi auditoriyaya girdiyi günlər yada düşdü.

Məzunlar doğma universiteti qarış-qarış gəzdilər, elmin, texnikanın ən müasir nailiyyətlərinə əsaslanan Boloniya prosesi, kompüterləşdirilmiş dərslərlə, fakültənin özünəməxsus elektron kitabxanası ilə tanış oldular.

Sonra məzunları universitetin akt zalında müəllim-tələbə kollektivi alqışlarla qarşıladı.

Yığıncağı universitetin riyaziyyat-informatika fakültəsinin dekanı, dosent Fəxrəddin Məmmədov açaraq məzunlara fakültə kollektivi adından "Öz doğma təhsil ocağınıza xoş gəlmisiniz!", - dedi. Sonra dünyasını dəyişmiş məzunların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış üçün ilk söz alan universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Asif Cavadov məzunların uzun illərdən sonra görüşmək sevincinə şərik olduğunu, bu görüşün ona da tələbəlik illərini xatırlatdığını dedi. Asif müəllim üzrlü səbəbə görə bu görüşdə iştirak edə bilməyən rektor və bütün kollektiv adından məzunları salamladı, onları respublikanın ən qocaman təhsil ocaqlarından biri olan GDU-nun qısa tarixi ilə tanış etdi.

Fakültənin tələbə musiqi kollektivinin oxuduğu məşhur "Tələbəlik illəri" mahnısı məzunların və bugünkü tələbələrin qəlbinin ən incə tellərini titrətdi. Tələbələrin bu mahnını səhnədə deyil, zalda sıralar arasında oxuması elə təsir yaradırdı ki, sanki bütün görüş iştirakçıları bu mahnını oxuyur.

Fakültə dekanı, dosent Fəxrəddin Məmmədov görüşün təşkilindən, məzunların universitetlə tanışlığından danışdı, universitetin riyaziyyat-informatika fakültəsinin keçdiyi yola nəzər saldı.

Fakültənin 61-ci il məzunlarından İnqilab Nadirov çıxış edərək tələbəlik illərini xatırladı, buraxılış zamanı oxuduğu 2-ci qrup tələbələrinə müəllimləri Hidayət Abdullayevin tövsiyələrinin daim qulağında səsləndiyini dedi.

Görüş iştirakçıları uzun illər məsul vəzifələrdə səmərəli fəaliyyət göstərmiş İnqilab müəllimin zəngin həyat tarixçəsi ilə tanış oldular, indi də yüksək enerji ilə bədii və elmi əsərlər üzərində işləyən bu insanın söhbətlərini maraqla dinlədilər.

Gədəbəy rayonundan gəlmiş məzun Huriyyət Məmmədova bildirdi ki, 1961-ci il məzunları içərisində fəal insanların sayı az deyil. Huriyyət xanım da GDU-nun məzunu adını fəal həyat mövqeyi ilə doğrultmuş, qabaqcıl müəllim, məktəb direktoru, təhsil şöbəsinin müdiri olmuşdur. Müəllimlərindən - Hidayət Abdullayev, Şikar Cabbarov, Nemət Seyfullazadədən və başqalarından aldığı tövsiyələri unutmamış Huriyyət xanım qurultaylar, konfranslar iştirakçısı olarkən də hər kəsi daha yaxşı işləməyə, özünə və başqalarına qarşı tələbkar olmağa səsləmişdir. O bir daha qeyd etdi ki, bu tələbkarlığı, bu məsuliyyəti məhz universitet müəllimlərindən əxz etmişdir.

1961-ci il məzunlarından Lətif Eminovun tələbəlik illəri ilə bağlı şirin xatirələri hər kəsi bir daha o illərə qaytardı. O da bir sıra məsul vəzifələrdə çalışdığını qeyd etdi.

Qocaman müəllimlərdən biri, dekan olduğu müddətdə fakültənin yüksəlişi üçün əhəmiyyətli işlər görmüş dosent Əliqulu Quliyevin çıxışında tələbələrin təhsil və mənəvi tərbiyəsi məsələsi əsas yer tutdu və bu sahədə bugünkü görüşün də böyük rolu olduğu qeyd olundu.

Dosent Nüyvər Nəsrullayev görüş iştirakçılarının hisslərinə şərik olduğundan, vaxtilə öz tələbə yoldaşları ilə keçirdikləri görüşlərdən, universitetin yüksəlişindən, bu yüksəlişdə riyaziyyat-informatika fakültəsinin mövqeyindən bəhs etdi.

Görüşün əsas  təşkilatçılarından olan məzun Hüseyn Mehdiyev bu tədbirin təşkili üçün rektorluğa və bu işə dəstək olan hər kəsə təşəkkürünü bildirdi. Görüşə hazırlaşarkən və məzunları soraqlayarkən keçirdiyi hisslərdən danışdı. Bəzən kimlərinsə vəfatı xəbəri onun sevincinə acı kədəri də qarışdırmışdı. Hüseyn müəllim sevimli müəllimlərini xatırlayarkən Şikar Cabbarovdan, onun tələbkarlığından, bilikli və vicdanlı şəxsiyyət kimi daim xatirələrdə yaşadığından daha çox bəhs etdi.

Gənc müəllimlərdən Nurəngiz Bəşirova, tələbələrdən Çinarə Muradova və Pərvin Məhərrəmovanın çıxışları müəllim əməyinə qiymət idi, bu görüşdən dərs götürən, örnək alan gənc nəslin gələcək həyat yoluna saldığı işığın təsdiqi idi. Pərvin Məhərrəmovanın bu görüşə gəlmiş babası Fərhad Həsənovla görüşü də təsirli idi.

Sonra tələbələr 1961-ci il məzunlarına xatirə hədiyyələrini təqdim etdilər. Görüşdə Rəsul Rzanın "Mənə bir sərgi salonu verin" şeiri səsləndi. Fakültə dekanı Fəxrəddin Məmmədov söylədiyi bu təsirli şeiri məclisin ovqatına uyğun yekunlaşdırdı: "Ən uca zirvədə, ən şərəfli guşədə müəllim şəkli asacağam", - deyə bir daha müəllim adının ucalığını, şərəfini iştirakçılara çatdırdı. Nəhayət, uzaq illərin xatirələri ilə, bugünkü günün görüş sevinci ilə təsirlənmiş iştirakçılar tələbələrin xorla oxuduğu "Torpağın səsi" mahnısını dinlədilər. Tələbələrin demək olar ki, hamısının ayağa qalxaraq oxuduğu bu mahnı və mahnının ahəngi ilə yellənən bayraqlar sanki 1961-ci il məzunlarına yaxşı yol arzulayır, "gələn görüşlərədək" - deyirdi.

Məzunlar da, məclisin digər iştirakçıları da bu görüşdən unudulmaz təəssüratla ayrıldılar. Ayrıldılar ki, yenidən görüşsünlər. 

Firəngiz İDRİSQIZI,
GDU-nun "Yüksəliş" qəzetinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov