Azərbaycan
Dövlət Pedaqoji Universitetinin kimya-biologiya ixtisası
üzrə 304-cü və kimya ixtisası üzrə 302-ci qruplarının
tələbələri martın 30-dan Bakıdakı Məzahir Məmmədov adına
37 nömrəli tam orta məktəbdə pedaqoji təcrübə keçirlər.
Onlara məktəbin direktoru, kimya üzrə fəlsəfə doktoru,
dosent İkram Əliyev, biologiya üzrə fəlsəfə doktoru
Rafiq Əmrahov və kimya üzrə fəlsəfə doktoru, ümumi kimya
və kimyanın tədrisi kafedrasının dosenti Faiq Məmmədov
rəhbərlik edirlər.
Tələbələrin pedaqoji təcrübəsi mayın 17-dək davam edəcək
və onlar bu müddət ərzində öz nəzəri biliklərini
praktikada bir daha möhkəmləndirəcəklər. Ayşən Bağırlı,
Aysel Məmmədova, Aytən Şəmiyeva, Aygül Əkbərli, Ayşən
Qəfərova, Günay Dadaşzadə və Güllü Atakişiyeva
universitetdə olduğu kimi, burada da ilk günlərdən
başqalarından fərqlənirlər. Məktəbin tədris işləri üzrə
direktor müavini Zəminə Cəfərova, təlim-tərbiyə işləri
üzrə direktor müavini Natella Əliyeva, kitabxana müdiri
Yeganə Əliyeva, kimya və biologiya fənlərini tədris
edənlər - Tahirə Ələkbərova, Lətafət Əliyeva, Rəhilə
Allahverdiyeva və digər fənn müəllimləri gələcəkdə
pedaqoji fəaliyyətə başlayacaq tələbələrə hərtərəfli
qayğı göstərirlər.
Dosent Rafiq Əmrahov: - Pedaqoji təcrübə gələcək müəllim
hazırlığı üçün vacib sınaqdır. Müəllim hazırlığında
məktəb əsas amildir. Məktəbdə savadlı müəllimlər üçün
şərait olanda bu, tələbələrin hazırlığına öz müsbət
təsirini göstərir. 37 nömrəli tam orta məktəbdə pedaqoji
təcrübə üçün hər cür şərait vardır. Məktəbin direktoru
İkram Əliyev müasir təhsil qanunlarına cavab verən
müəllim hazırlığına var-gücünü sərf edir. O, ümummilli
lider Heydər Əliyevin müəllim haqqında söylədiyi
fikirləri yüksək dəyərləndirən, söhbətlərində tez-tez
vurğulayan məktəb direktorlarından biridir. İkram
müəllim yüksək idarəetmə bacarığına malikdir. Təsadüfi
deyildir ki, iki il ərzində o, məktəbdə təhsil və
tərbiyə işində irəliləyişə nail olub. Müəllimlik peşəsi
şərəfli və eyni zamanda çətin və məsuliyyətlidir. Ulu
öndər Heydər Əliyev hər zaman təhsilə böyük diqqət
yetirib, müəllimlərə xüsusi hörmət və ehtiramla yanaşıb,
onların əməyini yüksək qiymətləndirib. Ümummilli liderin
layiqli davamçısı Prezident İlham Əliyev də təhsilimizin,
elmimizin inkişafına, biz müəllimlərə, həmçinin
böyüməkdə olan gənc nəslə daim diqqət və qayğı göstərir.
Elə tələbələrimizin pedaqoji təcrübə keçdiyi 37 nömrəli
tam orta məktəbin ötən il əsaslı təmir olunması və maddi-texniki
bazasının möhkəmləndirilməsi buna canlı misaldır.
304-cü qrupun tələbəsi Güllü Atakişiyeva: - Biz ilk dəfə
məktəbə pedaqoji təcrübəyə gələndə çox həyəcanlı idik.
Bizi ilk qarşılayan Zəminə müəllim bu həyəcanı tamamən
aradan qaldırdı. Sonra Tahirə müəllim ilə tanış olduq. O
da bu işdə bizə yardımçı oldu. Məktəbin direktoru İkram
müəllim başda olmaqla pedaqoji kollektivin bizə
göstərdiyi diqqət və qayğıya layiqincə cavab verməyə,
pedaqoji təcrübəni fəal keçirməklə çox şey öyrənməyə,
müəyyən bacarıqlara yiyələnməyə çalışırıq.
İnanırıq ki, tələbələrin pedaqoji təcrübəsi uğurla başa
çatacaq. Bu günlər uzun müddət sabahın müəllimlərinin
yaddaşından silinməyəcək, xoş təəssüratlarla
xatırlanacaq. Hələliksə, biz 37 nömrəli tam orta
məktəbin pedaqoji kollektivinə və pedaqoji təcrübə keçən
tələbələrə uğurlar diləyirik.
Mahmud VƏLİ |