Bu
günlərdə Bakıdakı N.İsmayılov adına 80 nömrəli tam orta
məktəbdə "Tarixlə ədəbiyyatın dostluğu" adlı ədəbi-bədii
gecə keçirildi. Tarix müəllimi Nargilə Əhmədova və dil-ədəbiyyat
müəllimi Rasimə Nağıyevanın uzunmüddətli axtarışları və
böyük zəhmətlərinin bəhrəsi olan tədbir iştirakçılarda
zəngin təəssürat yaratdı.
Gecədə çıxış edən şagirdlər dünya yaranandan bəri tarix
və ədəbiyyatın bir-birilə sıx bağlılığından bəhs etdilər.
Çıxışlarda Azərbaycanın tarixini yaradan şəxsiyyətlərin,
qüdrətli hökmdarların həm də incə ruhlu, kövrək qəlbli
şair kimi tanındıqlarının heç də təsadüfi olmadığı
vurğulandı. Həsənoğlu, Qazi Bürhanəddin, Cahanşah Həqiqi
və nəhayət, Şah İsmayıl Xətainin həyatı haqqında verilən
məlumatlarla yanaşı, onların hər birinin
yaradıcılığından ifa olunan bədii nümunələri - lirik
şeirləri iştirakçılar çox böyük maraqla dinlədilər.
Gecədə Cəfər Cabbarlının "Od gəlini" və Hüseyn Cavidin "İblis"
əsərlərindən səhnəciklər təqdim olundu. Şagirdlər
Babəkin, Teymurləngin obrazlarını məharətlə
canlandırdılar.
Tədbir boyu Azərbaycanın keçmişi və müasir dövrü ilə
bağlı slaydlar nümayiş etdirildi. Xüsusən, müstəqil
Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin həyatı
və siyasi fəaliyyəti ilə bağlı görüntülər iştirakçıların
böyük marağına səbəb oldu. Gecənin ən yaddaqalan
məqamlarından biri də qızlar və oğlanlardan ibarət iki
komandanın bir-biri ilə yarışması idi. Müəllimlərdən
ibarət münsiflər heyəti komandaların qabiliyyətini
qiymətləndirərkən şagirdlərin tarix və ədəbiyyatla bağlı
suallara dolğun və ətraflı cavab verdiklərini, onların
bu iki fənnə maraq göstərmələrini təqdirəlayiq hal kimi
dəyərləndirdi.
Tədbirin sonunda məktəbin direktoru Əlislam Abasquliyev
ən fəal şagirdlərə fəxri fərman təqdim etdi. Gecədə
eyni zamanda bilik yarışmasının məktəb və rayon turunun
qalibləri də mükafatlandırıldı. Bu yarışmanın rayon
turunda tarix və ədəbiyyat fənləri üzrə 1-ci yerə layiq
görülən 8-ci sinif şagirdləri Günel Nağıyeva və Aydan
Nağıyevaya xüsusi hədiyyələr verildi.
Tədbirdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
nümayəndəsi Fərman Abdullayev bu işdə əməyi olan fənn
müəllimlərinə və şagirdlərə təşəkkürünü bildirdi.
Hicran ƏKBƏROVA |