Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu
ildönümü münasibətilə Naxçıvan Özəl Universitetinin
pedaqoji fakültəsinin tarix-ictimaiyyat ixtisası üzrə I
kurs tələbələri Heydər Əliyev muzeyində ekskursiyada
olmuşlar. Muzeyin direktoru Ramin Orucəliyev ulu öndərin
keçdiyi mənalı ömür yolu haqqında tələbələrə ətraflı
məlumat vermişdir. Bildirilmişdir ki, ümummilli
liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu
yetişdirdiyi nadir şəxsiyyətlərdən biri olaraq bu gün də
milyonlarla insanın qəlbində yaşayır. Həyatının mənasını
xalqa və dövlətə xidmətdə görən ulu öndərimiz bu
müqəddəs amal uğrunda ən çətin sınaqlara mərdliklə sinə
gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə
xatırlanır. Böyük tarixi missiyaları yerinə yetirmək
qüdrətinə malik olan dahi şəxsiyyətlər arasında
ümummilli liderimiz Heydər Əliyevin müstəsna yeri var.
Çünki onun adı Azərbaycan xalqının lideri kimi müasir
tariximizə əbədi həkk olunmuşdur. Əbədiyaşar şəxsiyyət
olan ulu öndərin əməlləri, işıqlı ideyaları bu gün də
ölkəmizi inkişaf etdirir. Ulu öndər Azərbaycanı hər
zaman sevərək hifz etmiş, ölkəmizin müstəqilliyi naminə
heç nədən çəkinməmişdir. Ümummilli lider elə bir
şəxsiyyət idi ki, onun siyasi fəaliyyətinin
araşdırılmasına həmişə ehtiyac duyulacaqdır. Çünki
Heydər Əliyev ölkəmizin düşdüyü ən ağır vaxtlarda
xalqının köməyinə çatmış, gördüyü böyük işlərlə hər bir
azərbaycanlının qəlbində əbədi yaşamaq hüququ
qazanmışdır. Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, bu
əməllər, bu ideyalar ulu öndərin siyasi kursunun layiqli
davamçısı olan ölkə başçısı İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Ulu öndərin əməlləri davam
etdirildikcə, ideyaları gerçəkləşdikcə Azərbaycan daha
qüdrətli bir dövlətə çevrilir.
Tələbələrin muzeyə ekskursiyaları may ayının 8-dək davam
etdiriləcəkdir. Bu müddət ərzində muzeydə dərs
saatlarının da keçirilməsi nəzərdə tutulub.
Nuray ƏSGƏROVA |