Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Aprel 2012 - №15

 

"Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər" adlı dərs vəsaitinin təqdimatı keçirilib

 

 Aprelin 10-da  Bakı Slavyan Universitetində "Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər" adlı dərs vəsaitinin təqdimatı keçirildi. Bu əsər AMEA-nın müxbir üzvü, BSU-nun rektoru, professor Kamal Abdullayevin rəhbərliyi və iştirakı ilə müəlliflər qrupu tərəfindən hazırlanmışdır. Həcmi 600 səhifədən çox olan kitab  "Mətn sintaksisinin ensiklopediyası" formatında tərtib edilmişdir.

Monoqrafiya filologiya istiqaməti üzrə təhsil alan ali məktəb tələbələri, magistrantlar və mətn sintaksisi ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, mətn sintaksisi xüsusi linqvistik fənn kimi bütün universitetlərin tədris planlarına çoxdan daxil edilib. Lakin ölkəmizdə indiyə qədər bu fənn üzrə xüsusi dərs vəsaiti olmamışdır. Bir sözlə, sintaksis nəzəriyyəsi ilə bağlı bu kitab Azərbaycanda işıq üzü görmüş və tədris prosesində geniş istifadə edilə biləcək ilk nəşrdir.

Təqdimat mərasimini BSU-nun ümumi və rus dilçiliyi kafedrasının professoru İlyas Həmidov açaraq bildirdi ki, "Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər" əsəri professor Kamal Abdullayevin öz məsləkdaşları ilə reallaşdırdığı əsaslı elmi layihədir və bu layihə Azərbaycan dilçiliyində konkret bir elmi məktəbin, elmi-nəzəri cərəyanın bünövrəsinə qoyulmuş təməl daşı adına tamamlilə layiqdir.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor F.Veysəlli öz çıxışında təqdim edilən kitabın unikal bir dərs vəsaiti olduğunu bildirdi: "Sözsüz ki, biz Avropaya təkcə siyasi və iqtisadi cəhətdən deyil, eyni zamanda elmi baxımdan da yaxınlaşırıq və bu kitab da bu inteqrasiyanı təsdiq edir. Kitabın üstün cəhətlərindən biri də budur ki, bir neçə istiqaməti əhatə edən problemlər bir necə fəsildə işıqlandırılsa da bir kitabda toplanmışdır".

BDU-nun türkologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor T.Hacıyev BSU-nu bir növ innovasiya ocağına bənzətdi və bildirdi ki, Azərbaycan dilçiliyinə ilk dəfə mətn dilçiliyi problemini Kamal müəllim gətirmişdir. Kitabda zəngin dilçilik terminologiyasının olduğunu qeyd edən T.Hacıyev müəllifləri bu kitabın işıq üzü görməsi münasibətilə təbrik etdi.

Sonra BSU-nun professoru A.Məmmədli, ADU-nun dosenti A.Hüseynov, BSU-nun Roman-german  kafedrasının  müdiri, eyni zamanda kitabın müəlliflərindən biri, dosent S.Fətəliyeva, BDU-nun professoru S.Abdullayeva çıxış edərək  kitabın elmi əhəmiyyətindən  danışdılar.

Nəzərə çatdırmaq lazımdır ki, kitabın müəllifləri sırasında Türkiyənin Bursa Universitetinin professoru K.Üstünova, Qazi Universitetinin professoru M.Musayev də vardır.

Bu kitabın işıq üzü görməsi yalnız tələbələrin və magistrantların mətn nəzəriyyəsi sahəsində olan biliklərinin təkmilləşdirilməsi məqsədi daşımır, o həm də Azərbaycan dilçilik elmində yeni bir linqvistik məktəbin formalaşmasını təmin edir. Qeyd edilməlidir ki, bu kitabın ərsəyə gəlməsində təkcə görkəmli professorlar, təcrübəli dilçilər deyil, eyni zamanda gənc mütəxəssislər də iştirak etmişlər.

Görkəmli dilşünas alim, professor K.Abdullayev və onun nəzəri məktəbi tərəfindən bu layihənin həyata keçirilməsi türkologiya, o cümlədən Azərbaycan dilçiliyinin nəzəri sintaksisində olan boşluqların doldurulması cəhdi kimi qəbul edilə bilər. Belə ki, professor K.Abdullayev bu dərs vəsaitində türkologiyada mətn nəzəriyyəsinin obyektini üç aparıcı istiqamətin kəsişməsində tədqiq edir: a) müasir mətn nəzəriyyələri işığında orta əsr bədii abidələrinin dilinin sistemli tipoloji öyrənilməsi; b) mətn və mürəkkəb sintaktik bütövün ümumi və xüsusi cəhətlərinin təyin olunması; c) cümlələrin və mürəkkəb sintaktik bütövlərin aktual üzvlənməsi ilə bağlı problemlərin həlli.

Azərbaycanda yeni dilçilik məktəbinin yaranışından xəbər verən bu kitab mətn sintaksisinin özəlliklərini araşdıran yeni tədqiqatçılar nəslinin yetişməsi ilə yanaşı, dil mədəniyyətinin inkişafına da müsbət təsir göstərmək iqtidarındadır. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov