Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefon:
146; faks: 496-37-61; elektron poçt ünvanı:
qaynar-xett@edu.gov.az) 2012-ci ilin mart ayında
1629 müraciət daxil olub.
Müraciətlərin 1439-u telefonla, 190-ı elektron poçt
vasitəsi ilə qəbul edilib. Müraciətlərin böyük
əksəriyyəti ümumi təhsil məktəblərinə, digər bir qismi
ali və orta ixtisas təhsili müəssisələrinə aiddir. "Qaynar
xətt" xidmətinə məktəbdənkənar, texniki peşə təhsili
müəssisələri, eləcə də xaricdə təhsil məsələləri ilə
bağlı müraciətlər də daxil olub.
Sorğu xarakterli müraciətlər təhsil sisteminin demək
olar ki, bütün sahələrini əhatə edib. Belə ki, hazırda
təhsil sistemində həyata keçirilən proqramlar,
beynəlxalq layihələr, ölkə və beynəlxalq fənn
olimpiadaları, təhsil sisteminin maliyyələşdirilməsi,
xaricdə təhsil, əlavə təhsil, ayrı-ayrı təhsil
pillələrinə qəbul, ümumi təhsil məktəblərinin buraxılış
siniflərində, ali və orta ixtisas təhsili
müəssisələrində yeni qiymətləndirmə sistemi ilə bağlı
sorğular üstünlük təşkil edib. Digər sorğular təhsil
sənədlərinin alınması, nostrifikasiyası, buraxılış
imtahanlarının, fənn olimpiadalarının təşkili,
keçirilməsi və nəticələrinin öyrənilməsi ilə əlaqədardır.
Təhsil müəssisələrinə, xüsusilə ümumi təhsil
məktəblərinə vakant yerlərə müəllimlərin müsabiqə yolu
ilə işə qəbulu qaydaları, növbəti dərs ilində birinci
siniflərə şagird qəbulu ilə əlaqədar müraciətlərin sayı
da artıb. Həmçinin, "Qaynar xətt" xidmətinə müəllimlərin
dərs yükü normaları və dərslərin bölünməsi, məktəbli
formasının tətbiqi, eləcə də digər məsələlər barədə
müxtəlif məzmunlu sorğular daxil olub. Bütün sorğular "Qaynar
xətt" xidmətinin növbətçi əməkdaşları tərəfindən qeydə
alınıb və cavablandırılıb.
"Qaynar xətt" xidmətinə 49 şikayət xarakterli müraciət
olunub. Bu müraciətlərin təhlili göstərir ki, onların
böyük əksəriyyəti ümumi təhsil müəssisələri ilə
əlaqədardır. Ötən ay Bakı şəhər ümumi təhsil
məktəblərindən 18, Sumqayıtdan 4, Abşeron rayonundan 4,
Şəkidən 2, Qusar, Bərdə, Şəmkir, Oğuz, İmişli, Goranboy,
Saatlı, Cəbrayıl, Xaçmaz, Cəlilabad, Lerik rayonlarının
ümumi təhsil məktəblərinin hər birindən 1 şikayət
xarakterli müraciət daxil olub.
Ümumi təhsil müəssisələri ilə bağlı şikayətlərin
əksəriyyətini müəllimlərin, valideynlərin müraciətləri
təşkil edir. Həmin müraciətlərdə tədris prosesinin
təşkili, müəllimlərin dərs yükünün müəyyənləşdirilməsi,
müəllim-şagird münasibətləri sahəsində yol verilən
nöqsanlar öz əksini tapıb, valideynlərə qarşı qanunsuz
tələblər və bir sıra hallarda dərslərin keçirilməməsi
ilə bağlı narahatlıq ifadə olunub.
"Qaynar xətt" xidmətinə texniki peşə təhsili
müəssisələrindən daxil olan 2 şikayət əməkhaqqı və
təqaüdlərin gecikdirilməsi ilə bağlıdır.
Ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 8
şikayətdə imtahanların nəticələrindən narazılıq,
tələbələrin təqaüdlərinin gecikdirilməsi və digər
məsələlər əksini tapıb. Onlardan 2-si dövlət, 4-ü özəl
ali təhsil, 2-si orta ixtisas təhsili müəssisələrindən
qəbul edilib. |