Aprelin
13-də Bakıdakı "Şəfa" stadionunda ümummilli lider Heydər
Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş
ali təhsil müəssisələri arasında futbol üzrə IV ölkə
çempionatının açılış mərasimi keçirildi. Tədbirdə təhsil
nazirinin müavini Qulu Novruzov, gənclər və idman
nazirinin müavini İsmayıl İsmayılov, Bakı Dövlət
Universitetinin rektoru Abel Məhərrəmov, Təhsil
Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov, Təhsil
Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr
şöbəsinin müdiri Ağababa İbrahimov, AFFA-nın vitse-prezidenti
Rauf Əliyev, Tələbə Futbol Federasiyası İctimai
Birliyinin prezidenti İlham Mərdanov, ali təhsil
müəssisələrinin nümayəndələri və tələbələr iştirak
edirdilər.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini
Qulu Novruzov son illər respublikamızda idmana
göstərilən dövlət qayğısından söz açdı. Ölkə Prezidenti
cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində
idmançılarımızın beynəlxalq arenalarda qazandıqları
uğurlardan danışan Q.Novruzov idman oyunları içərisində
futbolun milyonlarla tamaşaçısı olduğunu nəzərə çatdırdı.
Ali təhsil müəssisələri arasında keçirilən ölkə
çempionatının artıq bir ənənəyə çevrildiyini qeyd edən
nazir müavini gənclərin bu yarışa xüsusi maraq
göstərmələrinin sevindirici hal olduğunu vurğuladı.
Bildirildi ki, cempionatda Bakıda yerləşən ali təhsil
müəssisələrindən 19 komanda iştirak edir və regionlardan
olan ali məktəblərin komandaları növbəti turlara
qatılacaq. İştirakçılara uğurlar arzulayan Q.Novruzov
komandaların və tədbirin yüksək səviyyədə hazırlanmasına
görə əməyi keçən hər bir şəxsə minnətdarlığını bildirdi.
Tədbirdə
çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik
Abel Məhərrəmov ali təhsil müəssisələrinin idmançılarına
uğurlar arzulayaraq güclü olan komandanın qalib
olacağına inandığını bildirdi. Azərbaycanın bütün
sahələrdə sürətlə inkişaf etdiyini qeyd edən
A.Məhərrəmov "Eurovision-2012" mahnı müsabiqəsinin
Bakıda keçirilməsinin xüsusi önəm daşıdığını və bir gün
futbol üzrə dünya çempionatının da Azərbaycanda
keçiriləcəyinə ümidvar olduğunu bildirdi.
Sonra AFFA-nın vitse-prezidenti Rauf Əliyev çıxış edərək
ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu
ildönümünə həsr olunmuş ali təhsil müəssisələri arasında
keçirilən futbol üzrə IV ölkə çempionatının açılış
mərasimi münasibətilə iştirakçıları təbrik etdi.
Turnirin artıq 4-cü dəfə keçirildiyini və ildən-ilə
təkmilləşdiyini bildirən R.Əliyev Azərbaycanda futbolun
kütləvi şəkildə inkişaf etdiyini nəzərə çatdırdı.
Sonra komandaların kapitanları Azərbaycan
Respublikasının Dövlət himninin sədaları altında Dövlət
bayrağını qaldırdılar. Azərbaycan Dövlət Pedaqoji
Universiteti ilə Qafqaz Universiteti arasında
çempionatın ilk oyununa start verildi.
Niyazi RƏHİMOV |