On
beş ildən artıq bir dövrdə Azərbaycan Dövlət Neft
Akademiyasına rəhbərlik edən, bacarıqlı təhsil
təşkilatçısı, səmimi, qayğıkeş insan, prinsipial, möhkəm
əqidəli vətəndaş, Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, kimya
elmləri doktoru, professor Siyavuş Fərhad oğlu Qarayevin
70 illik yubileyi ərəfəsində onun həyat salnaməsini
vərəqlədikcə mənəvi böyüklüyünün və keçdiyi şərəfli ömür
yolunun bir daha şahidi olursan. Akademik Siyavuş
Qarayev müasir dövrün tələblərinə cavab verən yüksək
ixtisaslı mütəxəssislərin hazırlanması ilə yanaşı,
Azərbaycan təhs\ilinin başlıca məqsədi olan milli
ənənələrə bağlı, ümumbəşəri dəyərlərə hörmətlə yanaşan,
vətənini, dövlətini, millətini ürəkdən sevən və onları
göz bəbəyi kimi qorumağı bacaran, vətənpərvər,
hərtərəfli inkişaf etmiş, intellektual, fiziki cəhətdən
kamil şəxsiyyət yetişdirilməsində, tərbiyə edilməsində
yorulmadan çalışır.
1942-ci ildə Azərbaycanın Samux rayonunda anadan olmuş
professor Siyavuş Qarayev 1964-cü ildə Azərbaycan Dövlət
Universitetinin kimya fakültəsini bitirmişdir. Sonra o,
Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutunda
mühəndis, sonra isə Azərbaycan Elmlər Akademiyasının
Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi
işləmişdir. 1967-ci ildə Azərbaycan Neft və Kimya
İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası)
əyani aspiranturasına daxil olan S.Qarayev 1970-ci ildə
namizədlik dissertasiyası müdafiə etmiş və taleyini
ömürlük bu təhsil ocağı ilə bağlayaraq, qısa müddət
ərzində kiçik elmi işçi vəzifəsindən elmi işlər üzrə
prorektorun müavininə qədər yüksəlmişdir. 1981-ci ildə
M.V.Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası
İnstitutunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə
müdafiə edən S.Qarayev 1982-ci ildən hazırkı vaxta kimi
üzvi kimya kafedrasının müdiri və bu kafedranın nəzdində
fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyasının
rəhbəridir.
Professor Siyavuş Qarayev pedaqoji və elmi fəaliyyətini
təşkilati işlərlə uğurla uyğunlaşdıraraq, 1988-1997-ci
illərdə kimya-texnologiya fakültəsinin dekanı olmuş,
1997-ci ilin iyun ayından isə Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Neft
Akademiyasına rektor təyin olunmuşdur. Onun rəhbərliyi
ilə qısa müddət ərzində tədris prosesinin səviyyəsinin
yüksəldilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi
və kadr tərkibinin möhkəmləndirilməsi həyata
keçirilmişdir.
Azərbaycan
Dövlət Neft Akademiyasının rektoru, akademik Siyavuş
Qarayevin zəhməti sayəsində təhsilin səviyyəsi
beynəlxalq təcrübə əsasında xeyli yüksəlmiş, onun tədris-metodiki
təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. O
hesab edir ki, tədrisin müasir tələblər səviyyəsində
qurulması ən əvvəl tələbkarlığın artırılmasından, daxili
intizam qaydalarının və tapşırılan iş üçün məsuliyyət
hissinin möhkəmləndirilməsindən asılıdır. Akademik
Siyavuş Qarayevin qətiyyətli mövqeyi sayəsində Neft
Akademiyasında möhkəm nizam-intizam sistemi yaradılmış,
tədrisin təşkilinə tələbkarlıq son dərəcə artırılmışdır.
Rektor xarici ölkələrin tədris müəssisələri ilə birgə
layihələrin həyata keçirilməsinə, onlarla əməkdaşlığın
genişləndirilməsinə xüsusi önəm verir. Bütün bunlar ADNA-da
təhsilin Avropa standartları üzrə modernləşdirilməsi
istiqamətində təcrübəmizi daha da zənginləşdirir,
tələbələrin bilik səviyyəsini daha da artırır, Boloniya
sisteminə qoşulma prosesini gücləndirir.
Azərbaycan Dövlət Neft Akademiyasının 80 illik
yubileyində iştirak edən ümummilli liderimiz Heydər
Əliyev qazanılan uğurları yüksək qiymətləndirməklə
yanaşı, bu uğurlarda əməyi olan rektor S.Qarayevin
adını da xüsusi vurğulamışdı. Bəli, qazanılan uğurlar
göz qabağında idi. Bu uğurun dövlət başçısı tərəfindən
yüksək qiymətləndirilməsi yeni-yeni nailiyyətlərə sövq
edirdi. Heydər Əliyevin verdiyi məsləhətlər, tövsiyələr
professor S.Qarayevin gələcək fəaliyyətinin proqramına
çevrildi.
"2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali
təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"na
müvafiq olaraq ADNA-da "Virtual Universitet", kredit
sistemi əsasında tədris prosesini idarə etmək üçün isə -
"Elektron Tədris Mərkəzi", tələbələr tərəfindən geniş
istifadə edilən "Elektron Kitabxana" yaradılmışdır.
Son
illər S.Qarayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Neft
Akademiyasının xarici ölkələrin təhsil müəssisələri ilə
əlaqələri daha da genişlənmişdir. Tədris müəssisələri
ilə qarşılıqlı əməkdaşlığın faydasını nəzərə alan Neft
Akademiyası Almaniyanın Zigen Universiteti, ABŞ-ın
Corciya Dövlət Universiteti, Rumıniyanın Ployeşti Neft-Qaz
Universiteti, Çinin Neft Universiteti, Rusiyanın Dövlət
Neft və Qaz Universiteti, Sankt-Peterburq Dövlət Dağ
İnstitutu, Türkiyənin İstanbul Texniki Universiteti və
Ankara Orta Doğu Texniki Universiteti, Gürcüstan Texniki
Universiteti, Avstriyanın Leoben şəhərindəki Montan
Universiteti, Qazaxıstanın Mangistau "Bolaşak" İnstitutu,
Kaspiy Dövlət Texnologiyalar və İnjinirinq Universiteti
və Qazaxıstan-Britaniya Texniki Universiteti, Norveçin
Elm və Texnologiya Universiteti ilə ikitərəfli
əməkdaşlıq haqqında müqavilələr bağlamışdır.
ADNA-da Avropa standartları səviyyəsində tədrisin
təşkili sahəsində qazanılan böyük uğurlar, TEMPUS
proqramı çərçivəsində Avropa İttifaqının ali məktəbləri
ilə əməkdaşlıq geniş miqyas almışdır. Azərbaycan Dövlət
Neft Akademiyasında Sofiya-Antipolis Universiteti (Nitsa,
Fransa) və İtaliyanın Qenuya Universiteti ilə
tərəfdaşlıq sahəsində ətraf mühit və neft sənayesi
ixtisası üzrə Avropa İttifaqı standartları səviyyəsində
magistratura yaradılması məhz akademik Siyavuş Qarayevin
səyləri nəticəsində mümkün olmuşdur. Artıq neçə ildir ki,
bu ixtisas üzrə Azərbaycan Dövlət Neft Akademiyasında
yüksək ixtisaslı kadrlar hazırlanır. Keçən illər ərzində
bu ixtisas üzrə 115 nəfər magistraturanı başa çatdırıb,
Neft Akademiyasının diplomunu almış və onlara bu
diplomların Avropa standartlarına uyğun gəldiyini təsdiq
edən Sofiya-Antipolis Universitetinin sertifikatları
verilmişdir.
Təhsil
ocağımızın 90 illik yubileyinə həsr olunmuş təntənəli
iclasda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Neft Akademiyasının ölkəmizin həyatında böyük
rol oynadığını xüsusi qeyd etməsi kollektivimizin düzgün
yolda olduğunu göstərir və vətənimizin tərəqqisi naminə
daha böyük səylə işləməyi öhdəmizə qoymaqla bizə ilham
verir.
Azərbaycan Dövlət Neft Akademiyasında yüksək ixtisaslı
mütəxəssislərin yetişdirilməsini akademik Siyavuş
Qarayev dövrün əsas vəzifəsi hesab edərək, tədrisin
keyfiyyətinin yaxşılaşdırılmasına, müasir təfəkkürlü
yeni insan kapitalının yetişdirilməsinə xüsusi fikir
verir. Tələbələrin elmi yaradıcılığa marağını artırmaq
və onların elmi tədqiqat işlərində iştirakını təmin
etmək məqsədi ilə onun təşəbbüsü ilə hər il Azərbaycan
Dövlət Neft Akademiyasında tələbələrin elmi-texniki
konfranslarının keçirilməsi ənənəyə çevrilmişdir.
Yaradılmış şəraitdən istifadə edən gənclər müasir
biliklərə, informasiya texnologiyalarına yiyələnir,
xarici dilləri mükəmməl öyrənir, nüfuzlu neft
şirkətlərində işlə təmin edilir və ali məktəbdə
aldıqları biliyin dəyərini yüksək qiymətləndirirlər.
Neft Akademiyasının qarşısında duran ən mühüm
məsələlərdən biri də elmi tədqiqat işlərinin tətbiqi
istiqamətinin gücləndirilməsi və istedadlı
tədqiqatçıların hazırlanması olduğunu nəzərə alan
akademikin həyata keçirdiyi ciddi tədbirlər öz bəhrəsini
verməkdədir.
Akademik
Siyavuş Qarayev yüksək insani keyfiyyətləri, mədəni və
elmi səviyyəsi ilə fərqlənir, əməkdaşlarla münasibətdə
etik normaları gözləyir, azərbaycançılıq ideologiyasına
birmənalı sədaqət mövqeyində dayanır. O, bütün şüurlu
həyatının mənasını ulu öndərimiz Heydər Əliyevin qurub
yaratdığı müstəqil Azərbaycanın möhkəmləndirilməsinə,
onun layiqli davamçısı Prezident İlham Əliyevin sivil
dövlətçilik siyasətinə sədaqətlə xidmət etməkdə görür.
Çoxsaylı professor-müəllim, tədris-köməkçi heyəti və
tələbə kontingenti ADNA-nın rektoru Siyavuş Qarayevin
yetkin şəxsiyyətinə, yüksək insani keyfiyyətlərinə,
zəngin dünyagörüşünə, prinsipial mövqeyinə və ədalətli
tələbkarlığına böyük hörmətlə yanaşır. Onunla bir yerdə
işləmək, təmasda olmaq hər kəs üçün böyük həyat
məktəbidir.
S.Qarayev 570-ə yaxın elmi əsərin müəllifidir, 70-dən
çox beynəlxalq və regional elmi konfrans və
simpoziumlarda məruzə ilə çıxış etmişdir. Onun elmi
rəhbərliyi ilə Azərbaycan, Rusiya, Asiya, Afrika və
Latın Amerikası ölkələri üçün 23 elmlər namizədi və bir
elmlər doktoru hazırlanmışdır. O, "Azərbaycan ali
texniki məktəblərinin xəbərləri" jurnalının baş
redaktoru, bir neçə elmi, ictimai-siyasi jurnal və
qəzetlərin redaksiya heyətlərinin üzvüdür.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
olmaqla yanaşı o, Rusiya Təbii Elmlər Akademiyasının,
Beynəlxalq Elmlər Akademiyasının və Beynəlxalq
Ekoenergetika Akademiyasının akademiki, Nyu-York Elmlər
Akademiyasının, Beynəlxalq Mühəndislik Akademiyasının və
Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, Çin
Neft Universitetinin fəxri professorudur.
Professor Siyavuş Qarayev zərif üzvi sintez sahəsində
respublikamızda və onun hüdudlarından kənarda tanınmış
tədqiqatçı alimdir. Onun gərgin əməyi sayəsində
asetilenlərin hetoroatomlu törəmələri əsasında sintez
edilmiş yeni üzvi maddələr neft sənayesində,
materialların korroziyasına qarşı inhibitorların,
flotoreagentlərin alınmasında, tibdə dərman
preparatlarının alınma üsullarının işlənib
hazırlanmasında və kənd təsərrüfatında bitkilərin
stimulyatorların yaradılmasında tətbiq edilir. Üzvi
kimyanın mühüm nailiyyətlərindən biri hesab edilən
alkinlərin katalitik çevrilmələrində molekuldaxili
tsiklləşmənin özünəməxsus yeni reaksiyanın kəşf edilməsi
də professor Siyavuş Qarayevin adı ilə bağlıdır.
Professor Siyavuş Qarayevin elmi tədqiqat işlərində
entosiklik doymamış həlqəvari sistemlərin sintezi
probleminin eksperimental yolla əsaslandırılmış həlli
prinsipləri xüsusi maraq kəsb edir.
Görkəmli alim Siyavuş Qarayev öz yetirmələri ilə
birlikdə yazdığı və dünyada analoqu olmayan "Zərif üzvi
sintez prinsipləri" dərs vəsaiti mürəkkəb üzvi
molekulların alınması probleminə həsr edilmiş ən
qiymətli tədqiqat əsəridir. Bir çox alimlər özlərindən
sonra zəngin elmi irs qoyub gedirlər, ancaq yeni elmi
istiqamətin müəllifi olmaq heç də hamıya nəsib olmur.
Akademik S.Qarayev bir sıra fəxri adlarla təltif olunmuş,
Beynəlxalq Mühəndislik Akademiyası ona "XX əsrin
görkəmli mühəndisi" adını vermiş, Beynəlxalq
Ekoenergetika Akademiyası qızıl medalla, Azərbaycanın "Bilik"
Cəmiyyəti isə onu Y.Məmmədəliyev adına medalla təltif
etmişlər. Regional akademik əməkdaşlıqda görkəmli
nailiyyətlərinə görə Qara Dəniz Universitetləri
Assosiasiyası akademik S.Qarayevi xatirə nişanı ilə
təltif etmişdir. O, "Vektor" Beynəlxalq Elm Mərkəzi
tərəfindən həyata keçirilən "Azərbaycanın 100 görkəmli
alimi" layihəsinin qalibi olaraq, Azərbaycan elminin
inkişafındakı xidmətlərinə görə beynəlxalq diploma
layiq görülmüşdür. Avropa Biznes-Assambleyası və Avropa
Rektorlar Klubu tərəfindən aparılan "XXI əsrin Lideri"
beynəlxalq proqramı çərçivəsində S.Qarayev müasir
cəmiyyətin intellektual inkişafındakı şəxsi
nailiyyətlərinə görə Sokrat ordeni ilə təltif
olunmuşdur.
Akademik Siyavuş Qarayevi yubileyi münasibətilə təbrik
edir, ona möhkəm cansağlığı, xoşbəxtlik, elmi, pedaqoji
və təşkilati işlərində uğurlar arzulayırıq.
Vaqif QURBANOV,
ADNA-nın tədris işləri üzrə prorektoru, professor
P.S. Yazı çapa hazırlanarkən Siyavuş müəllimin "Şöhrət"
ordeni ilə təltif edilməsi xəbərini eşitdik. Qəzetimizin
kollektivi də bu yüksək təltif və yubileyi münasibətilə
akademik Siyavuş Qarayevi təbrik edir. |