Aprelin
19-da Azərbaycan Memarlıq və İnşaat Universitetində
Azərbaycanın görkəmli memarı və dövlət xadimi, memarlıq
doktoru, professor, AMEA-nın müxbir üzvü Ənvər Əli oğlu
Qasımzadənin anadan olmasının 100 illik yubileyinə həsr
edilmiş "Müasir Azərbaycan memarlığının problemləri"
adlı elmi-praktik konfrans keçirildi.
Konfransı giriş sözü ilə AzMİU-nun rektoru, professor
Gülçöhrə Məmmədova açaraq böyük şəxsiyyət, dövlət xadimi
olan Ənvər Qasımzadənin həyat və yaradıcılığı haqqında
danışdı. İki bölmə üzrə aparılacaq konfrans barədə
tədbir iştirakçılarına məlumat verildi.
"Akademik Ə.Ə.Qasımzadənin həyat və yaradıcılığı" adlı
geniş məruzə ilə memarlıq üzrə fəlsəfə doktoru, AzMİU-nun
beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva
çıxış etdi.
Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov
görkəmli memar Ənvər Qasımzadənin mənalı həyat yolundan
geniş söhbət açaraq 57 il ömür sürən bu insanın necə
böyük işlər, layihələr həyata keçirdiyini qeyd etdi.
Bildirildi ki, bu nəslin şəcərəsi çox böyükdür. Bu
barədə gənc nəslə geniş məlumat çatdırmaq lazımdır.
Ənvər Qasımzadənin Azərbaycan xalqının qəlbində tanınmış
ictimai xadim, görkəmli memar, xeyirxah, vətənpərvər və
təvazökar insan kimi yeri əbədidir.
Nazir çıxışının sonunda Ənvər Qasımzadənin 100 illik
yubileyi münasibəti ilə keçirilən tədbirin
təşkilatçılarının əməyini yüksək dəyərləndirdi.
Tədbirdə daha sonra professor Nurqələm Mikayılov,
professor Rəhim Şükürov, texnika elmləri namizədi,
dosent Rizvan Allahverdiyev çıxış edərək Ənvər Qasımzadə
haqqında xatirələrini danışdılar.
Konfransda həmçinin müxtəlif beynəlxalq müsabiqələrdə
qalib gəlmiş gənc memarlara diplomlar və hədiyyələr
təqdim olundu.
Sonda tədbir iştirakçıları Ənvər Qasımzadənin həyat və
yaradıcılığına həsr edilmiş filmə baxdılar.
Ədalət DAŞDƏMİRLİ |