Heydər
Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya
Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17
May - Ümumdünya Telekommunikasiya və İnformasiya
Cəmiyyəti Gününə həsr olunan "Ali məktəb tələbələri
arasında informatika üzrə Ümumrespublika Olimpiadası"na
start verilib.
Bu tədbirin keçirilməsində başlıca məqsəd gənclərin İKT
hazırlığının daha da təkmilləşdirilməsi, kompüter
proqramlaşdırması sahəsində istedadlı və qabiliyyətli
gənclərin aşkara çıxarılması, informatika və
proqramlaşdırma üzrə keçirilən Beynəlxalq Olimpiadalarda
iştirak etmək üçün komandaların seçilməsidir.
Beynəlxalq olimpiadaların formatına uyğun keçirilən bu
olimpiada komandaların yarışmasıdır. Hər komandada 3
nəfər tələbə təmsil olunur.
Yarış zamanı hər komandaya 1 kompüter ayrılır və 5 saat
ərzində 5-10 məsələni həll etmək tapşırığı verilir.
Məsələlərin həllinin yoxlanması və qiymətləndirilməsi
üçün proqramlaşdırma üzrə beynəlxalq olimpiadalarda
tətbiq olunan Avtomatik Qiymətləndirmə Sistemindən
istifadə olunur. Komandalar məsələlərin həllini Free
Pascal, Borland C++ və Borland Pascal kimi
proqramlaşdırma dillərindən birində yazırlar və
proqramın mətnini yoxlamaq üçün serverə göndərirlər.
Sistem məsələnin həllini dərhal yoxlayır və nəticənin
səhv və ya düzgün olması barədə məlumatı serverdən
iştirakçının kompüterinə göndərir.
Qeyd edək ki, bu sistem münsiflər heyətinin işini xeyli
yüngülləşdirir. Belə ki, yarış iştirakçıları tərəfindən
göndərilən həll edilmiş məsələləri yoxlamaq və nəticəni
onlara bildirməklə yanaşı, həm də avtomatik olaraq həll
olunmuş məsələlərin hesabatını aparır, balları
hesablayır və iştirakçıların reytinqini tərtib edir. Onu
da qeyd edək ki, olimpiada vaxtı komandalar digər bütün
komandaların nəticələr cədvəlinə baxa bilirlər. 2007-ci
ildən müntəzəm keçirilən bu olimpiadanın 15 aprel
2012-ci il tarixində Qafqaz Universitetində keçirilmiş
ilk mərhələsində respublikanın 15 ali təhsil
müəssisəsindən 45 komanda iştirak edib. İlk mərhələnin
nəticələrinə görə, olimpiadanın ikinci (final)
mərhələsinə respublikanın 4 ali təhsil müəssisəsindən 12
komanda vəsiqə qazanıb. Bununla yanaşı, Beynəlxalq
İnformatika Olimpiadalarında Azərbaycan komandasının
rəhbəri, Bakı Dövlət Universitetinin dosenti Ramin
Mahmudzadənin rəhbərlik etdiyi münsiflər heyətinin
qərarına əsasən cari ildə olimpiadanın ilk mərhələsində
regionlardan qoşulan komandaların aktivliyi nəzərə
alınaraq, finala müsabiqədən kənar 9 komanda da dəvət
olunub.
Olimpiadanın final mərhələsinin 29 aprel 2012-ci il
tarixində AMEA-nın İnformasiya Texnologiyaları
İnstitutunda keçirilməsi nəzərdə tutulub. Olimpiadada
ilk 4 yerə layiq görülən komandalar Azerfon və BestComp
Group şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələrlə
mükafatlandırılacaqlar. |