Həyatını
müəllimliyə həsr edənlər fədakar, doğma xalqına,
torpağına sədaqətlə xidmət göstərən insanlardır. Məhz
buna görədir ki, bizim hər birimiz qazandığımız bütün
uğurlara görə müəllimlərimizə borcluyuq.
Dərin bilik, geniş dünyagörüşü şagirdlər qarşısında
elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici
qüvvəsini aça bilmək üçün vacibdir. Şagirdlər müəllimin
simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun
bir insan görməlidirlər. Belə müəllimlərdən biri də
Bakıdakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin
ibtidai sinif müəllimi Rəsmiyyə Allahverdiyevadır.
Rəsmiyyə müəllim 1951-ci ildə Masallıda anadan olub.
Pedaqoji fəaliyyətə Bülbül adına Orta İxtisas Musiqi
Məktəbində başlayan R.Allahverdiyeva artıq 40 ildir ki,
həmin məktəbə qədəm qoyan balaca şagirdlərə elmlərin
əsaslarını öyrədərək onların həyatına bir işıq saçır.
Ömrünü təhsilə bağlayan Rəsmiyyə müəllim daim öz
üzərində çalışır. Belə ki, o, müxtəlif kurs və
treninqlərdə iştirak edərək sertifikatlar almış, yeni
təlim metodları və kurikulumun sirlərinə dərindən
yiyələnmişdir. O, ömrünün müdrik çağını yaşayaraq,
vurğunu olduğu şərəfli işini inamla davam etdirir.
Rəsmiyyə Allahverdiyevanın dediklərindən: Bir müəllim
kimi daim peşəmi sevərək uşaqların təlim-tərbiyəsinə
xüsusi diqqət yetirmişəm. Bu məktəb mənim ikinci evimdir.
Ömrümün 40 ilini məhz bu divarlar arasında keçirmişəm.
İşlədiyim müddətdə məktəblə bağlı acılı-şirinli
xatirələrim var. İlk dəfə bu məktəbə qədəm qoyanda,
özümü bir müəllim kimi hiss edəndə sevincimin hədd-hüdudu
yox idi. İlk işlədiyim dövrlərdə məktəbin internat
şöbəsi də var idi. İlk sinfim həmin şöbədə 8 şagird ilə
olub. O dövrdə istedadlı uşaqlar regionlardan seçilərək
bizim məktəbə gəlirdi. Valideynlərindən uzaq olan həmin
uşaqlara bir ana kimi qayğı göstərməyə çalışırdım. Hətta
onların köynəklərini belə aparıb evdə yuyur, dərsarası
tənəffüsdə yaxalıqlarını tikirdim. Bilirsiz, insan
seçdiyi peşədən asılı olmayaraq öz sənətinin vurğunu
olmalı və daim sənətdə yeniliklər axtarmalıdır. Bu gün
sürətlə inkişaf edən təhsilimizdəki yeni yanaşmaları,
müasir təlim metodları və kurikulumun xüsusiyyətlərini
öyrənirəm. Təcrübə və biliklərimi gənc müəllimlərdən
əsirgəmirəm. Məktəbimizdə istər müəllimlər, istərsə də
şagirdlər arasında qarşılıqlı hörmət mühiti mövcuddur.
Direktorumuz Teymur Göyçayev diqqət və qayğısını
bizlərdən əsirgəmir. Məktəbimizi digər tədris
ocaqlarından fərqləndirən bir cəhət də şagirdlərimizin
gələcəyin musiqiçiləri olmasıdır. Şagirdlərimlə daim
fəxr etmişəm. Onları televiziya ekranlarında görəndə çox
sevinirəm. Onların hər bir uğurunu öz uğurum hesab
edirəm.
Bəli, biz də Rəsmiyyə müəllimə bu nəcib və xeyirxah
işində uğurlar arzulayırıq.
Niyazi RƏHİMOV |