Rentgen
şüalarının qeyri-adi kəşfi
1901-ci ildə İsveç Elmlər Akademiyası yeni təsis
edilmiş Nobel mükafatına ilk dəfə kimin layiq görülməsi
məsələsini müzakirə edirdi. Fizika üzrə ilk mükafatın
kimə təqdim olunması çoxlarında heç bir şübhə oyatmırdı.
Əlbəttə ki, mükafat o dövrdəki ən məşhur alimə verilməli
idi. Lakin bir məsələ aydın deyildi: o, bu ali mükafatı
qəbul edəcəkmi? Bu, Vürsburq Universitetinin (Almaniya)
professoru, kəşf etdiyi yeni şüa ilə bütün dünyaya səs
salmış alman alimi Vilhelm Konrad Rentgen idi. Lakin bu
şüaları ilk dəfə kəşf etmiş Rentgen kimdir, bu şüalar
hansı şəraitdə, necə kəşf olunub?
Elm yollarında
Alman fiziki Vilhelm Konrad Rentgen 1845-ci il martın
27-də Prussiyada Remşeyd şəhəri yaxınlığındakı kiçik
Lennepe qəsəbəsində anadan olub. O, ailənin yeganə
övladı idi. Atası Fridrix Konrad tekstil ticarəti ilə
məşğul olub. Anası Şarlotta ev qadını idi. 1848-ci ildə
ailə Şotlandiyanın Apeldorn şəhərinə - anasının vətəninə
köçüb. O, 1862-ci ildə Utrext Texniki Məktəbinə daxil
olur. Lakin tezliklə yazı lövhəsində müəllimin
karikaturasını çəkmiş şagird yoldaşlarından birinin
adını söyləməkdən imtina etdiyinə görə məktəbdən qovulub.
Məktəbi başa vura bilməyən Vilhelm kamal attestatı almaq
üçün digər təhsil ocağında ekstern imtahan versə də,
istəyinə nail ola bilməyib. Buna görə də 1865-ci ildə
kamal attestatının tələb olunmadığı Sürix Texniki
Məktəbinə üz tutub. Utrext Texniki Məktəbində aldığı
qiymətlərə görə o, qəbul imtahanlarından azad olunub. Bu
o imtahan idi ki, vaxtilə məşhur Albert Eynşteyn də verə
bilməmişdi. 3 il ərzində Vilhelm maşınqayırmanı
öyrəndi, onda tətbiqi riyaziyyat və texniki fizikaya
daha çox maraq vardı. Müəllimi məşhur alman alimi
A.Kundtun tövsiyəsi ilə o, mühəndis-texniki kursu
bitirdikdən sonra eksperimental fizika ilə məşğul
olmağa başlayıb. 1869-cu ildə qazların nəzəriyyəsinə
dair yazmış olduğu məqaləyə görə fəlsəfə doktoru adı
alıb. 1874-cü ildə professor Kundtun ardınca Strasburq
Universitetinə yollanıb. 1875-ci ildə fizika və
riyaziyyat müəllimliyi ixtisası üzrə imtahan verən
Vilhelm Qoyengeym şəhərindəki Ali Kənd Təsərrüfatı
Məktəbində professor olaraq fəaliyyətə başlayıb. Bir il
sonra Strasburqa qayıdan Rentgen tanınmış fizik
Q.Helmholtsun tövsiyəsi ilə Qisen Universitetində
professor yeri aldı. O burada əsasən elektromaqnetizm və
optika ilə məşğul olurdu. Tezliklə Faradey- Maksvell
elektrodinamikasına əsaslanan Rentgen çox qiymətli kəşfə
imza atdı. O, nüvənin maqnit sahəsini aşkar etmişdi. Ali
təhsil aldıqdan sonra elmi işlərinə görə Strasburq,
Qisen, Vürsburq və Münhen universitetlərinin professoru
seçilib. Tədqiqatları pyezoelektrik və piroelektrik
xassələrinə, onlarda elektrik və optik hadisələr
arasındakı əlaqəyə və maqnetizmə aiddir.
Sensasion xəbər
1896-cı
ilin əvvəllərində dünyanın bütün universitetləri və
akademiyaları sensasion xəbər yaydılar: Vilhelm Konrad
adlı fizik, heç kimə tanış olmayan alman alimi çox
gözəl keyfiyyətlərə malik olan hansısa yeni şüa kəşf
edib. Demək olar ki, elə bir qəzet yox idi ki, Vürsburq
Universitetinin Rentgen adlı professorunun yeni kəşfi
barədə xəbər yaymasın. Xəbərlərdə insan əlinin skeleti
əks olunmuşdu, sonradan məlum oldu ki, bu əl alimin
xanımı Berta Rentgenə məxsusdur. İnsan gözü bu şüaları
görə bilmirdi, lakin onlar fotoqraf lövhələrinə təsir
edirdi, onların köməyi ilə hətta qaranlıq otaqda belə
şəkil çıxarmaq mümkün idi. Bundan əlavə, yeni şüaların
varlığını çox sadə qaydada müəyyən etmək mümkün idi:
bundan ötrü onun keçdiyi yola kimyəvi tərkibli kağız və
ya şüşə ekran qoyulduqda, o, qaranlıqda parlaq işıqlanma
effekti - fosforessiya yaradırdı. Ən təəccüblüsü bu idi
ki, yeni şüalar, işığın şüşədən keçdiyi kimi, istənilən
əşyadan keçirdi. Bu şüaların qarşısı əl ilə kəsildikdə
parlaq ekranda tünd əl skeletinin izləri görünürdü. Adlı-sanlı
adamlar kraxmallanmış paltarda şüa qarşısında durarkən
ekranda öz skeletlərinin kölgəsini, eləcə də
ciblərindəki pul kisəsi, saatı da görə bilirdilər.
Tezliklə yeni şüalardan profilaktik məqsədlər üçün
istifadə etmək barədə düşünən insanlar tapıldı.
Amerikada, yeni şüa barədə xəbər yayıldıqdan cəmi 4 gün
sonra həkimlərdən biri xəstənin bədənində güllənin
ilişib qaldığını öyrənmək üçün yeni şüadan istifadə
etməyə ilk təşəbbüs etdi. Lakin Rentgenin kəşfi
həkimlərdən çox fizikləri daha çox maraqlandırırdı.
Fiziklər müəyyən etmək istəyirdilər ki, bu şüanın
təbiəti necədir, öz mahiyyətinə görə adi işıq şüalarına
oxşardımı və ya əksinə, onlar necə yaranır, onların
yaranmasına nə səbəb olur.
X şüaları
Vilhelm Rentgen onun şərəfinə adlandırılmış rentgen
şüalarını (o, özü bu şüaları X şüaları, yəni tanış
olmayan şüalar adlandırmışdı) 1895-ci il noyabrın 8-də
kəşf etmişdi. 1894-cü ildə Vürsburq Universitetinin
rektoru seçilən alim katod şüalarını öyrənirdi. Noyabrın
8-də o, həmişəki kimi laboratoriyasında çalışırdı.
Gecəyarısı özünü yorğun hiss edən fizik evə getməyə
hazırlaşırdı. Qapını bağlamazdan əvvəl seyrçi nəzərlə
laboratoriyaya nəzər salan fizik işığı söndürüb və tez
qapını örtmək istəyib. Lakin birdən onun diqqətini
qaranlıqda hansısa işıqlı ləkə cəlb edib. Məlum olub ki,
parlayan barium lövhəli ekrandır. Lakin o niyə
işıqlanırdı? Günəş çoxdan qüruba enmişdi, elektrik işığı
işıq saça bilməzdi. Katod borusu isə şəbəkədən azad idi.
Bundan əlavə, katod borusu kartondan olan qara üzlüklə
örtülmüşdü. Alim katod borusuna bir daha baxdı və özünü
məzəmmət etdi ki, onu söndürməyi unudub. Elektrik
dövrəsinin açarına toxunan alim borunu keçirib. Ekranın
işıqlanması yox olub, borunu qoşduqda isə o yenidən
işıqlanmağa başlayıb. Deməli, işıqlanmanı katod borusu
yaradırdı. Lakin necə? Yeni kəşf bir addımlıqda idi. Ani
heyrətdən özünə gələn Rentgen gördüklərini təhlil etməyə
və yeni şüanı öyrənməyə başladı. Katod borusunu qabına
qoyan alim əlində ekran laboratoriyada gəzişməyə başladı.
Məlum oldu ki, 2-3 metr məsafə naməlum şüa üçün maneə
deyil. Bu şüalar kitab, şüşə divardan və s. asanlıqla
keçir. Lakin birdən alim əlini naməlum şüanın keçdiyi
yola tutdu. Fizik ekranda öz əl sümüklərinin kölgəsini
gördü. Bu, fantastik və eyni zamanda qorxunc idi! Lakin
bu bir dəqiqəlik an idi. Rentgenin növbəti addımı
fotoplastinkaların yerləşdiyi şkafa doğru oldu. Çünki
görünən mənzərənin şəklini fotoplastinkaya köçürmək
lazım idi. Beləliklə, yeni gecə eksperimenti başladı.
Alim müəyyən etdi ki, şüalar plastinkanı işıqlandırır,
boru ətrafında sferik qaydada ayrılmırlar, onlar müəyyən
istiqamətə malikdirlər.
Səhər
taqətdən düşmüş Rentgen bir qədər dincəlmək və
eksperimentini davam etdirmək üçün evə tələsdi. O, 50
gün (gecə-gündüz) ərzində yeni şüanın öyrənilməsinə vaxt
sərf etdi. Bu anlarda o, ailəsini, sağlamlığını, şagird
və tələbələrini də unutdu. Alim universitet
rəhbərliyindən laboratoriyada gecələmək üçün çarpayı
istəmişdi, onun yeməyini də laboratoriyaya gətirirdilər.
O, işlərini tam başa çatdırana qədər heç kimə bu barədə
danışmadı. X şüalarından ilk xəbər tutan onun arvadı
Berta oldu. Məhz fotoplastinkaya köçürülmüş ilk rentgen
şəkildə Bertanın barmağındakı nişan üzüyü olan əl
skeleti əksini tapmışdı. Bu şəkil Rentgenin 1895-ci il
dekabrın 28-də universitetin fizika-tibb cəmiyyətinin
sədrinə ünvanladığı "Yeni şüa haqqında" məqaləsinə əlavə
olunmuşdu.
Məqalə ayrıca broşüra halında dərc olundu, Rentgen onu
Avropanın aparıcı fiziklərinə göndərdi. Rentgen başa
düşürdü ki, bu, xüsusən də tibdə əvvəllər görünməmiş
yeni imkanlar açır. Əvvəllər görünməz olan şeyləri aşkar
etməyə imkan verən rentgen şüaları onun müasirlərinə
güclü təsir etmişdi. Rentgen süaları bir az sonra
tibdə və texnikanın müxtəlif sahələrində istifadə
olunmağa başladı.
Gizlinləri görməyə imkan verən kəşf
Vilhelm Konrad Rentgen dünyada fizika elmi tarixində ilk
Nobel mükafatı almış alimdir. Rentgen süaları elmin
inkisafına çox böyük təsir etdi. Rentgenologiya adlanan
yeni elm sahəsi yarandı.
Rentgen
şüaları, ilk növbədə, gizlinləri görməyə imkan verirdi,
bu kəşf o dövrün insanlarında dərin təəssürat buraxmışdı.
Elmi və tətbiqi mahiyyətinə görə rentgen şüalarının
əhəmiyyəti ölçüyəgəlməz idi. Onun əhəmiyyəti həm də onda
idi ki, bu kəşf insanların materiya haqda biliklərini
keyfiyyətcə zənginləşdirirdi. Rentgen, sözün bütün
mənasında klassik idi və onun elmi işləri müasir dövrdə
də texnika və elmin inkişafına böyük təsir göstərib.
Rentgen şüaları həyatımızın bir çox sahələrində öz
tətbiqini tapdı. Alimin X şüaları tibdə milyonlarla
insanın həyatını xilas etməyə imkan verdi. "İks-şüalar
hamıya, bütün bəşəriyyətə məxsusdur. İks-şüalarla bağlı
elmi işlər mənimlə başlamayıb, mənimlə də bitən deyil.
Mənim etdiklərim böyük zəncirin yalnız həlqəsidir",-deyə
Rentgen sonralar yazırdı.
Rentgenin kəşfinin elmi əhəmiyyəti tədricən aydınlaşırdı,
sonralar rentgen şüaları sahəsində işlərə görə daha 7
Nobel mükafatının təsis olunması bunu təsdiqləyir.
1914-cü ildə rentgen şüalarının difraksiyası (M.Laue),
1915-ci ildə rentgen şüalarının köməyi ilə kristalların
strukturunun öyrənilməsi (ata və oğul Breqlər), 1917-ci
ildə rentgen şüalanmanın xarakteristikasının müəyyən
olunması (Ç.Barkle), 1924-cü ildə rentgen şüaları
diapazonunda spektrlərin öyrənilməsi (K.Siqbanu),
1927-ci ildə sərbəst elektronlarda rentgen şüalarının
səpələnməsi (A.Kompton), 1936-cı ildə rentgen şüalarının
və elektronların difraksiyasının köməyi ilə molekulyar
strukturların öyrənilməsi (P.Debayu), 1979-cu ildə
rentgen tomoqrafiyanın işlənib hazırlanması (A.Komark və
Q.Xaunsfild) işləri Nobel mükafatına layiq görüldü.
Bundan başqa, DNT-nin (dezoksiribonuklein) və fotosintez
prosesini yaradan zülalların, qemoqlobin molekulunun
strukturunun kəşfi kimi parlaq işlər məhz rentgen
şüalarının köməyi ilə araya-ərsəyə gəlmişdi.
Dahi fizik öz adı ətrafında qaldırılan hay-küyü
bəyənmirdi, məqbul saydığı yeganə metod üzərində
işlərini səylə davam etdirirdi.
O, ideyadan ötrü son pencəyini belə verməyə hazır idi
Vilhelm
Rentgen həyatda olduqca sadə və təvazökar adam olub.
Amerikanın Kaliforniya Universiteti Rentgeni təkidlə işə
dəvət edirdi. Lakin o, həyatının son illərinə qədər
Münhen Universitetində elmi fəaliyyətini davam etdirdi.
Bavariya şahzadəsi onu elmi uğurlarına görə ordenlə
təltif etmişdi. Ona zadəgan titulu vermişdi. Lakin
Rentgen bu tituldan imtina etdi. Böyük fizik bu titulu
özü üçün gərəksiz hesab edirdi. Hətta Nobel Komitəsi ona
fizika sahəsində Nobel mükafatı verəndə də, çox məşğul
olduğunu bəhanə edərək ali mükafatın təqdimolunma
mərasiminə getmədi. Nəticədə dəyərli mükafat poçtla
sahibinə göndərildi.
İstər həyatda, istərsə də elmdə sözübütöv olan Rentgen
öz prinsiplərinə sona qədər sadiq qaldı. 1914-cü ildə o,
müharibə şəraitində başqalarından yaxşı yaşamağa haqqı
olmadığını düşünərək aldığı Nobel mükafatını, bütün var-dövlətini
son qəpiyinə qədər dövlətə bağışladı. Həyatının son
günlərinə qədər o, özünə heç nəyi rəva görmədi. Bir
vaxtlar arvadı ilə bir neçə il yaşadığı İsveçrəni
ziyarət etmək üçün o, bir il ərzində kofe içməkdən belə
imtina etdi. Onun heç vaxt pula, var-dövlətə tamahı
olmayıb. O, ideyadan ötrü son pencəyini belə verməyə
hazır idi.
"Sizin üçün çətin deyilsə, döş qəfəsinizi mənə göndərə
bilərsiniz"
Vilhelm Konrad öz sadəliyi və həm də incə yumor hissi
ilə də yaddaşlarda qaldı. Bu barədə maraqlı rəvayətlər
var.
Rentgen şüalarının kəşfindən bir il sonra fizik bir
ingilis dənizçisindən məktub almışdı. Onun xahişi alimi
xeyli karıxdırmışdı. Dənizçi yazırdı ki, həkimlərdən
onun döş qəfəsində qalmış gülləni görə bilməyə imkan
verən yeni şüanın kəşf olunduğu barədə xəbər alıb. Lakin
həkimlər gülləni çıxarmağa tələsmirlər, çünki onun
yerini dəqiq bilmirlər. Buna görə də dənizçi məktubunda
böyük fizikdən xahiş edirdi ki, poçt vasitəsi ilə ona (əlbəttə,
əgər bu, çətin deyilsə) bir az "sehrli şüa" göndərsin.
Dənizçi hətta vəd edirdi ki, həkimlər gülləni tapan kimi
şüaları geriyə - alimə göndərəcək. Özünü itirmiş alim
uzun müddət dənizçinin bu qeyri-standart məktubuna necə
cavab vermək sualı üzərində baş sındırıb. Onun məktubuna
sadəcə məhəl qoymamağı alim özünə rəva bilmirdi, məktubu
cavabsız qoymaq onun təbiətinə yad idi. Cavab məktubunun
tonu barədə düşünən alim sonda qərara gəlib ki, yumor bu
halda vəziyyətdən çıxmaq üçün ən yaxşı vasitədir. Alimin
cavabı belə idi: "Mən böyük təəssüf hissi ilə bildirirəm
ki, hazırda əlimdə zəruri miqdarda şüa yoxdur". Lakin
sonra fizik bir qədər düşünərək dənizçiyə aşağıdakı
məzmunda məktub göndərib: "Əgər sizin üçün çətin deyilsə,
döş qəfəsinizi mənə göndərə bilərsiniz". Sonra alim
dənizçini əmin edirdi ki, gülləni çıxaran kimi onun döş
qəfəsini özünə qaytaracaq.
Məşhurluq
onu əsəbiləşdirirdi
Rentgeni birdən-birə bu cür məşhurluq xeyli
əsəbiləşdirirdi, onun qiymətli vaxtını alırdı və
eksperimentlərini davam etdirməsinə mane olurdu. Buna
görə də o, mətbuat səhifələrində az-az çıxış edirdi.
Lakin alim bu mövzuda məqələlərini tam dayandırmadı.
Olduqca utancaq və təvazökar olan Rentgeni onun
şəxsiyyətinin bütün cəmiyyəti cəlb etməsi fikri belə
dərindən həyəcanlandırmışdı. O, elmlər akademiyasının
yüksəkmaaşlı üzvlüyündən, Berlin Universitetinin fizika
kafedrasından imtina etdi. Bundan başqa o, Almaniya
kayzeri II Vilhelmi belə özünə qarşı qoymağa cəsarət
etdi.
1872-ci ildə Rentgen Sürixdə bir vaxtlar oxuduğu Federal
Texnologiya İnstitutunun yataqxana sahibinin qızı Anna
Berta Lüdviq ilə ailə qurdu. Onların öz uşaqları olmadı.
1881-ci ildə onlar alimin qardaşının 6 yaşlı qızı
Bertanı övladlığa götürdülər.
Rentgen kəşf etdiyi şüaların tibb üçün fövqəladə
əhəmiyyət kəsb etməsi düşüncəsindən olduqca məmnun idi.
O, heç vaxt patent, mükafatlandırılma barədə düşünmürdü.
Nobel mükafatından başqa, London Kral Cəmiyyətinin
Rumford medalını, Kolumbiya Universitetinin elm
qarşısında görkəmli xidmətlərinə görə Bernard medalını
almışdı, dünyanın bir çox elmi cəmiyyətlərinin fəxri
və müxbir üzvü idi.
Onun tələbəsi olmuş məşhur rus fiziki A.İoffe yazırdı: "Rentgen
həyatda və elmdə böyük insan idi. Onun bütün şəxsiyyəti,
fəaliyyəti və elmi metodologiyası keçmişə məxsusdur.
Lakin yalnız XIX əsr fiziklərinin, xüsusən də Rentgenin
yaratdığı fundament əsasında müasir fizika meydana gələ
bilərdi".
O, təbiətdə gəzməyi sevirdi, Alp dağlarına səyahət
edirdi. Dostları ilə ova gedirdi. 1920-ci ildə arvadının
vəfatından sonra Münhendə bütün tutduğu vəzifələrdən
imtina etdi.
O, 1923-cü ildə 78 yaşında elə özünün kəşf etdiyi X
şüaların yaratdığı xərçəng xəstəliyindən vəfat edib.
Rentgen həyatının son günlərinə qədər xəstə yatan
arvadına qulluq edib. Müharibə dövrü idi. Var-dövlətini
dövlətə bağışlayan alim tənha və ehtiyac içində idi,
çətinliklə hərəkət edirdi. Onun tələbəsi olmuş məşhur
rus fiziki, akademik A.İoffe böyük fizikin son
günlərində onun yanında olub. Rentgen bir həftə ərzində
20 kq arıqlamışdı. Məhz İoffe pul taparaq Rentgeni
həkimə aparıb. Həyatın, taleyin oyunlarına bax! Böyük
alimi rentgen müayinəsindən keçirmək üçün onlar 2 həftə
gözləməli olublar. Rentgen-müayinədə alimin qalın
bağırsağında xərçəng aşkar olunub. Həkim-rentgenoloq
xəstəsinin adını eşidəndə çox təəccüblənmişdi. O, uzun
müddət inana bilmirdi ki, xəstəsi rentgen şüalarını kəşf
etmiş məşhur alimdir. Həkim müayinə üçün pul almaqdan
imtina edib. Rentgen ölümündən sonra bütün kağızlarını
məhv etməyi vəsiyyət etmişdi. Ölümündən qabaq Rentgen
yazırdı: "Mənim həyatım özümə necə də mənasız görünür".
Alimin biblioqrafları qeyd edirlər ki, əlbəttə, dahi
fizikin bu sözləri həqiqəti əks etdirmir, bu sözlər
yalnız onun həyatının sonlarında narahatlıq və daxili
həyəcanlarının dərinliyini göstərir. "Səmimiyyət və
alicənablıq onun xarakterinin ən qabarıq cəhətləri idi.
Onun simasının sərt ifadəsi daxilindəki hissləri
gizlədirdi, o, şübhəsiz ki, öz hiss və duyğularını
yalnız həqiqi dostlarına və ən yaxın adamlarına açırdı",
- yaxınlarından biri onu belə qiymətləndirmişdi.
Rentgen şüalarının kəşfindən bir il sonra fizik bir
ingilis dənizçisindən məktub almışdı. Onun xahişi alimi
xeyli karıxdırmışdı. Dənizçi yazırdı ki, həkimlərdən
onun döş qəfəsində qalmış gülləni görə bilməyə imkan
verən yeni şüanın kəşf olunduğu barədə xəbər alıb.
Dənizçi məktubunda böyük fizikdən xahiş edirdi ki, poçt
vasitəsi ilə ona (əlbəttə, əgər bu, çətin deyilsə) bir
az "sehrli şüa" göndərsin.
Bavariya şahzadəsi onu elmi uğurlarına görə ordenlə
təltif etmişdi. Ona zadəgan titulu vermişdi. Lakin
Rentgen bu tituldan imtina etdi. Böyük fizik bu titulu
özü üçün gərəksiz hesab edirdi. Hətta Nobel Komitəsi ona
fizika sahəsində Nobel mükafatı verəndə də, çox məşğul
olduğunu bəhanə edərək ali mükafatın təqdimolunma
mərasiminə getmədi. Nəticədə dəyərli mükafat poçtla
sahibinə göndərildi.
Rentgen bir həftə ərzində 20 kq arıqlamışdı. Məhz
alimin tələbəsi, rus fiziki, akademik A.İoffe pul
taparaq Rentgeni həkimə aparıb. Həyatın, taleyin
oyunlarına bax! Böyük alimi rentgen müayinəsindən
keçirmək üçün onlar 2 həftə gözləməli olublar. Rentgen-müayinədə
alimin qalın bağırsağında xərçəng aşkar olunub. Həkim-rentgenoloq
xəstəsinin adını eşidəndə çox təəccüblənmişdi. O, uzun
müddət inana bilmirdi ki, xəstəsi rentgen şüalarını kəşf
etmiş məşhur alimdir.
Hazırladı: Oruc MUSTAFAYEV |