Ümumtəhsil
məktəbi uşaqların və yeniyetmələrin təlimini və
tərbiyəsini mütəşəkkil surətdə həyata keçirən maarif
müəssisəsidir.
İlk məktəblər qədim Şərqdə - Babilistan, Assuriya, Misir,
Hindistan və s. meydana gəlmişdir.
Azərbaycan ərazisində ilk məktəblər - "saray məktəbləri",
"kilsə məktəbləri" V əsrin I yarısında yaranmışdır. VII
- IX əsrlərdə Yaxın və Orta Şərqdə, Qafqazda və Orta
Asiyada məscidlərin nəzdində elementar və yüksək (mədrəsə)
təhsili verən müsəlman məktəbləri geniş yayılmışdı.
VII əsrin ortalarında Azərbaycanın Ərəb Xilafəti
tərəfindən işğalı, onun hər iki hissəsinin - Albaniya və
Atropatenanın xilafətin tərkibinə qatılması ölkədə islam
dininin yayılması ilə nəticələndi. İşğalaqədərki dövrdə
də təhsil sistemi xeyli inkişaf etmiş, Azərbaycanda
islam mədəniyyətinin daşıyıcıları olan yeni təhsil
müəssisələri - məktəb və mədrəsələr şəbəkəsi yaranmağa
başladı. Xilafətin nüfuz etdiyi bütün ərazilərdə olduğu
kimi, Azərbaycanda da məktəb və mədrəsələrdə tədris ərəb
dilində aparılır, dini biliklərlə yanaşı təbabət, dil,
fəlsəfə, hüquq, məntiq, riyaziyyat, ritorika və s.
dünyəvi elmlər də öyrədilirdi. "Məktəblər əsasən ilkin
ibtidai təhsil verirdi".
XI-XII əsrlər bütün islam şərqində olduğu kimi,
Azərbaycanda da elmin, təhsilin, maarifin - bütövlükdə
mədəniyyətin inkişafında əsl intibah mərhələsi olmuşdur.
"XII əsrdə Azərbaycanda məktəb şəbəkəsi xeyli
genişlənmişdir". "Məktəblərdə şagirdlərin qəbulunda yaş
həddi qeyri-məhdud idi. 7-10 və bəzən də daha çox yaşlı
uşaqlar məktəbə qəbul edilirdilər. Məktəbə qəbulun da
dəqiq vaxtı yox idi. İlin istənilən vaxtında uşaq
məktəbə qəbul edilə bilərdi. Məktəbi bitirmə vaxtı da
qeyri-müəyyən idi. Əsasən 7-8 il oxunurdu. Molla uşağın
biliyini fərdi qaydada "kafi" hesab etdikdə uşaq məktəbi
bitirə bilərdi" (R.Hüseynzadə "Qədim və erkən orta
əsrlərdə Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir",
səh. 108-109, B. 2007.). Məktəbdə təhsilalma müddəti
dəqiq olmadığı üçün onun neçə sinifli olması - strukturu
haqqında fikir söyləmək qeyri-mümkündür.
XIII əsrdən başlayaraq məscidlər yanında fəaliyyət
göstərən "yetimlər evi", "təlim evi" adlanan xeyriyyə
müəssisələri də ibtidai təhsil verən məktəblər
şəbəkəsinə daxil idi. Bu dövrdə böyük Azərbaycan alimi
N.Tusi tərəfindən Marağa rəsədxanası nəzdində yaradılan
"Böyük riyaziyyat məktəbi" adlandırılan mədrəsə
fəaliyyət göstərirdi.
Səfəvilər dövlətinin yaranması (1501-1736) ölkədə maarif
və mədəniyyətin inkişafına güclü təkan verdi, məktəb və
mədrəsələrin şəbəkəsi genişləndi. Bu müəssisələrdə
tədris ərəb, fars dilləri ilə yanaşı, Azərbaycan (türk)
dilində də aparılırdı.
XVIII əsrdə maarif və mədəniyyətin inkişafında tənəzzül
baş verdi. 1736-cı ildə Nadir şah Əfşar tərəfindən
maarif müəssisələrinin vəqfi xəzinəsinin zəbt olunması
və onların əsas maliyyə mənbəyi olan vəqf torpaqlarından
məhrum edilməsi məktəb və mədrəsələrin normal
fəaliyyətini pozdu, onların böyük əksəriyyətinin
bağlanmasına səbəb oldu.
XIX əsrin əvvəllərində Rusiya - İran müharibələri
nəticəsində Azərbaycanın iki yerə parçalanması və Şimali
Azərbaycanın Rusiya tərəfindən işğalı məktəb təhsilinə
də təsir etdi. Çar Rusiyasının Azərbaycanda təhsil
sahəsində həyata keçirdiyi tədbirlər mahiyyətcə onun
müstəmləkəçilik siyasətinin tərkib hissəsi idi. Lakin
bununla belə, təhsil tarixində XIX əsr xüsusi yer tutur.
Bu dövrdə təlim rus dilində olsa da, Azərbaycanda
müxtəlif tipli dövlət təhsil müəssisələrinin (qəza
ibtidai məktəbləri, müsəlman məktəbləri, gimnaziya və
realnı məktəblər, rus - Azərbaycan məktəbləri, rus və
müsəlman qız məktəbləri, dəmiryolu və sənət məktəbləri,
seminariyalar, peşə və orta ixtisas məktəbləri və s.)
yaranması xalqın mədəni səviyyəsinin yüksəlməsinə güclü
təkan verdi. XIX əsrin II yarısından fəaliyyətə başlayan
yeni tipli gimnaziya və realnı məktəblərini bitirən
azərbaycanlı gənclərin böyük bir hissəsi Rusiya və
Avropanın ali məktəblərində təhsil almaq imkanı qazandı.
XIX əsrin I yarısında Azərbaycan məktəbinin inkişafında
iki başlıca meyil özünü göstərdi: ənənəvi müsəlman
təhsil formalarının saxlanması və yeni ibtidai rus
məktəblərinin yaranması.
Azərbaycanda "qəza məktəbləri" adlandırılan ilk dövlət
məktəbləri 1829-cu və 1835-ci illərdə təsdiq edilmiş "Zaqafqaziya
məktəbləri haqqında Əsasnamə"lərə uyğun olaraq Şuşa
(1830), Bakı (1832), Nuxa (Şəki, 1833), Gəncə (1837),
Şamaxı və Naxçıvanda (1838) açılmışdı. Artıq XIX əsrin
50-ci illərində Azərbaycanda 9 rus məktəbi fəaliyyət
göstərirdi. Onlardan 5-i qəza məktəbi idi. Qəza
məktəbləri üçsinifli (I-II-III siniflər) idi.
XIX əsrin 60-cı illərində Rusiyada aparılan məktəb
islahatı, o cümlədən 1867-ci il "Əsasnamə"sinə görə
Azərbaycandakı məktəblərin də imperiya daxilindəki
tədris sisteminə uyğunlaşdırılmasına başlanıldı.
Azərbaycan dili tədris proqramlarından çıxarıldı,
təhsilin məzmunundakı ruslaşdırma siyasəti daha da
sərtləşdirildi. Bu dövrdə ümumtəhsil məktəbləri
sistemində aparıcı yeri təlim rus dilində olan ibtidai
məktəblər tutmağa başladı. XIX əsrin 70-ci illərində
Azərbaycanın bütün qəza məktəbləri 6 illik təhsil
müddəti olan şəhər məktəblərinə çevrildi. Bununla yanaşı,
Azərbaycanda kənd məktəbləri də fəaliyyət göstərirdi.
XIX əsrin II yarısında Azərbaycanda kapitalist
münasibətlərinin yaranması, iqtisadiyyatın sürətli
inkişafı və sənayedə, kənd təsərrüfatında ixtisaslı
fəhlələrə, mütəxəssislərə olan tələbat mövcud ümumtəhsil
və peşə məktəbləri şəbəkəsinin genişləndirilməsinə təkan
verdi.
Azərbaycanda maarifçilik hərəkatının bəhrələrindən biri
yeni rus-tatar (rus-Azərbaycan) məktəblərinin yaranması
oldu. Bu tip ilk kənd məktəbi 1875-ci ildə Qazaxın
Salah kəndində T.Mamleyev tərəfindən açılsa da,
Azərbaycan məktəbinin sonralar inkişafında elə bir
əhəmiyyətli iz qoymadı. Rus-Azərbaycan məktəblərinin
yaradılmasının həqiqi tarixi və gələcək inkişafı Tiflis
Müəllimlər İnstitutunun məzunları Həbib bəy Mahmudbəyov
və Sultanməcid Qənizadənin adları ilə bağlıdır. Onların
1887-ci ildə Bakıda təsis etdikləri "birsinifli üçüncü
dərəcəli rus - tatar (Azərbaycan)" məktəbində rus
məktəblərindən fərqli olaraq Azərbaycan dilinin tədrisi
məcburi fənlər sırasına daxil edilmişdi. Tezliklə Bakıda
belə məktəblərin sayı 6-ya çatdı. Naxçıvan və Nuxa
(1894), Şuşa və Salyan (1896) və Gəncədə (1899) də rus -
Azərbaycan məktəbləri fəaliyyətə başladı. 1899-cu ildə
bu məktəblərdə 837 şagird təhsil alırdı. Məktəblərin
şagird və pedaqoji kontingenti əsasən azərbaycanlılardan
ibarət idi. "Rus - Azərbaycan məktəbinin rəsmən
birsinifli (tədris müddəti iki il) olmasına baxmayaraq,
sonralar 2 sinifli (tədris müddəti 4 il) oldu və təlimin
məzmunu nisbətən genişləndirildi" (H.Əhmədov "XIX əsr
Azərbaycan məktəbi". səh. 169, B. 1985). Rus -
Azərbaycan məktəbləri Azərbaycanın məktəb təhsili
tarixində, maarifçiliyin inkişafında müstəsna xidmət
göstərmişdir.
XIX əsrin II yarısında Azərbaycanda ilk orta məktəblər -
realnı məktəb, gimnaziya və progimnaziyalar yarandı. İlk
progimnaziya 1865-ci ildə Bakıda təsis edildi, 1867-ci
ildə realnı gimnaziyaya çevrildi. "Gimnaziya və
progimnaziyaların Nizamnaməsi"nə (1871) görə, bütün
gimnaziyalar klassik yönümlü oldu, realnı gimnaziyalar
isə realnı məktəblərə çevrildi. Bakıdan sonra realnı
məktəblər Gəncə (1867) və Şuşada (1881) açılmışdı.
1896-cı ildə Bakıda klassik kişi gimnaziyası təsis
edilmişdi. "Realnı progimnaziyalar dörd əsas, bir
hazırlıq siniflərindən, gimnaziyalar isə 7 sinifli idi"
(H.Əhmədovun yuxarıda qeyd edilən əsəri, səh. 191-192).
Bu məktəblər müvafiq olaraq natamam orta və orta təhsil
verirdi. XIX əsrin sonunda Azərbaycanda kişilər üçün 7
natamam orta və orta məktəb fəaliyyət göstərirdi,
onlarda 2366 şagird təhsil alırdı.
XX əsrin əvvəllərində Azərbaycanda baş verən
sosial-iqtisadi və mədəni yüksəliş maarif sisteminin
də inkişafına güclü təkan verdi. Ölkədə çox sayda yeni
üsullu, Avropa modelli tədris müəssisələri açıldı. XIX
əsrin 90-cı illərindən qadın təhsili verən məktəb açmaq
uğrunda mübarizə aparan H.Z.Tağıyevin gərgin əməyi və
vəsaiti hesabına 1901-ci il oktyabrın 7-də Bakıda milli
təhsil tarixinə "H.Z.Tağıyevin qız məktəbi" kimi daxil
olan ilk müsəlman qadın məktəbi açıldı. Qadın məktəbi
əvvəllər 4 illik, az sonra 5 illik, bir qədər sonra 6
illik oldu. Məktəbə ilk dəfə 58 nəfər qəbul edilmişdi ki,
onlardan 35-i pulsuz təhsil alırdı. 1916-cı ildə ali
ibtidai məktəbə, sonra isə seminariyaya çevrilən bu
məktəbin fəaliyyəti 1918-ci ilin martında
daşnak-bolşevik quldur dəstələri tərəfindən
azərbaycanlılara qarşı törədilən Bakı qırğını zamanı
dayandırıldı.
"1914-cü ildə Bakı quberniyasındakı 448 ibtidai
məktəbdən yalnız 28-i ikisinifli, qalanları isə
birsinifli idi. 1912-ci il "Əsasnaməsi"nin tətbiqi ilə
əlaqədar olaraq Azərbaycanda ali ibtidai məktəblər
adlanan təhsil ocaqları yaradıldı. Yeni məktəblər
dördillik idi. 1915-ci ilin əvvəlində Bakı, Gəncə, Quba,
Lənkəran, Naxçıvan, Nuxa, Şamaxı və Şuşada 12 ali
ibtidai məktəb fəaliyyət göstərirdi, onlardan yalnız
biri qadınlar üçün idi" ("Azərbaycan tarixi", beşinci
cild, səh. 194-195, B. 2001).
Beləliklə, 1914-cü ilin statistik məlumatına əsasən,
Azərbaycandakı kişi gimnaziyalarında 2422, üç realnı
məktəbində 1433, yeddi qadın gimnaziyasında 3158 şagird,
bütövlükdə isə bütün tiplərdən olan 976 təhsil
müəssisəsində 73,1 min nəfər şagird təhsil alırdı.
Şərqdə ilk demokratik, hüquqi dövlət olan Azərbaycan
Xalq Cümhuriyyəti hökuməti xalq maarifinin, elm və
mədəniyyətin inkişafına müstəsna əhəmiyyət verərək bu
sahəni mədəni quruculuğun prioritet istiqaməti, milli
dövlət siyasətinin təməl prinsiplərindən biri elan etdi,
təhsil sahəsində islahatlara və təhsil quruculuğuna
başladı. Hökumətin "İbtidai, ali ibtidai və ümumi orta
təhsil müəssisələrinin milliləşdirilməsi haqqında" 28
avqust 1918-ci il tarixli qərarı ilə təhsil müəssisələri
milliləşdirildi. Hökumət 1918-ci il noyabrın 13-də
təhsil müəssisələrində tədrisin əsasən Azərbaycan
dilində və həm də başqa dillərdə aparılması ilə bağlı
xüsusi qərar qəbul etdi. Həmin qərarla təlim rus dilində
aparılan təhsil müəssisələrində dövlət dili - Azərbaycan
dili məcburi fənn kimi tədris olunmalı idi. Azərbaycan
dili dövlət dili statusu qazandı, ölkənin təlim-tərbiyə,
təhsil dilinə çevrildi.
1919/20-ci tədris ilinin əvvəllərində Azərbaycanda 643
ibtidai və 23 orta və orta ixtisas məktəbi fəaliyyət
göstərirdi ki, müvafiq olaraq onlarda 48070 və 9611
şagird (tələbə) təhsil alırdı.
Milli hökumət əvvəlcə ölkədə ümumi icbari orta təhsilə
keçidi özünün təhsil siyasətində prioritet istiqamət
hesab edirdi. Ölkədə məktəb islahatı sahəsində dövlət
proqramı üçün təkliflər hazırlamaq istiqamətində Xalq
Maarifi Nazirliyi yanında ümumi təhsil sahəsində islahat
aparmaq, milli proqram və dərsliklər hazırlamaq
məqsədilə hökumət tərəfindən xüsusi fənn komissiyaları
da təsis edildi. Fənn komissiyaları tərəfindən
hazırlanmış bir sıra yeni dərsliklər hökumətin ayırdığı
vəsait hesabına 1919-cu ildə nəşr edilib məktəblilərin
istifadəsinə verilirdi.
Lakin aprel işğalı (1920) nəticəsində süquta uğrayan
Azərbaycan Xalq Cümhuriyyəti milli təhsil quruculuğu
sahəsində nəzərdə tutduğu əsaslı islahatları axıra
çatdıra bilmədi.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xalq
maarifi sisteminin yeni prinsiplər əsasında təşkili ilə
təhsil tarixində yeni dövr başlandı. Bu işdə Sovet
Rusiyasının təhsil modeli əsas götürüldü, vahid dünyəvi
əmək məktəbi, birgə təhsil, təhsildə hüquq bərabərliyi
prinsipləri ön plana çəkildi.
Azərbaycanda sovet maarif sisteminin qurulmasının hüquqi
əsaslarını müəyyən edən "Köhnə orta və ibtidai məktəb
tiplərini politexnik məktəblərlə əvəz etmək haqqında"
dekret (1920) verildi. "Azərbaycan SSR vahid əmək
məktəblərinin Əsasnaməsi" (1920, may) təsdiq edildi.
Həmin Əsasnaməyə görə, ümumtəhsil məktəbləri ikipilləli
(I pillə 5 illik I-V siniflər, II pillə 4 illik VI-IX
siniflər) oldu. "I pillə - 5 il - ibtidai məktəb, II
pillə - 4 il orta məktəb kursunu əhatə edirdi (5+4)"
(M.Mextizade "Oçerki istorii sovetskoy şkolı v
Azerbaydjane", str. 22. M. 1962 q). Yeni məktəblərə
"vahid əmək məktəbləri" adı verildi. Az sonra Azərbaycan
İnqilab Komitəsinin xüsusi dekreti (1920, dekabr) ilə
Azərbaycan (türk) dili I və II pillə məktəblərində əsas
tədris dili kimi təsdiq olundu.
1921/1922-ci dərs ilindən Rusiya Federasiyasında natamam
orta təhsil verən iki konsentrdən (4+3) ibarət 7 illik
məktəblər yaradılmağa başlandı. Azərbaycanda ilk belə
məktəb 1924/1925-ci dərs ilində Bakıda açıldı.
1920-1930-cu illərdə maarifin təməl prinsiplərindən biri
əhali arasında savadsızlığı ləğv etmək sayılırdı. Bu
hərəkat Xalq Maarifi Komissarlığı nəzdində yaradılmış
(1920, sentyabr) Savadsızlığı Ləğvetmə üzrə Mərkəzi
Komissiya tərəfindən həyata keçirilirdi.
Rusiya Federasiyası Xalq Komissarları Soveti 18 dekabr
1923-cü ildə "Vahid əmək məktəbinin Nizamnaməsi"ni
təsdiq etdi. Bu sənədə əsasən I və II pillə
məktəblərində təhsilalma müddəti dəyişdirildi, I pillədə
5-dən 4-ə endirildi, II pillədə 4-dən 5-ə qaldırıldı.
Azərbaycanda isə bu dəyişiklik 1932/1933-cü dərs ilindən
tətbiq edilməyə başlandı.
SSRİ XKS və ÜK(b)PMK "SSRİ-də ibtidai və orta məktəbin
strukturu haqqında" 15 may 1934-cü ildə qərar qəbul
etdi. Qərara alındı ki, "2. İbtidai məktəb - 4 sinifdən
(I-IV siniflər), natamam orta məktəb - 7 sinifdən (I-VII
siniflər), orta məktəb - 10 sinifdən (I-X siniflər)
ibarət nəzərdə tutulsun". Bütövlükdə orta məktəbin
strukturu 4+3+3 sxemi üzrə quruldu.
Bu sənədlə eyni zamanda 1934/1935-ci dərs ilindən ümumi
icbari 7 illik təhsilə keçilməsi qərara alındı.
İkinci Dünya müharibəsi illəri məktəbin, maarifin,
ümumiyyətlə təhsilin inkişafında ən çətin, böhranlı
mərhələ oldu. 1941/1942-ci tədris ilində 3463
ümumtəhsil məktəbində 569850 şagird təhsil alırdısa,
müharibənin vurduğu zərbə nəticəsində 1944/1945-ci
tədris ilində məktəblərin sayı 3233-ə, şagirdlərin sayı
482720-yə enmişdi. Müharibə ümumi icbari 7 illik təhsilə
keçid prosesini də ləngitdi, ümumi təhsilin səviyyəsi
aşağı düşdü. Müharibədən sonrakı illərdə (1949) ümumi
icbari 7 illik təhsilə keçid sürətləndirildi və bu
proses 50-ci illərdə, əsasən, başa çatdı.
50-ci illərin sonlarında Sov. İKP MK və SSRİ Nazirlər
Sovetinin müvafiq tezisləri əsasında Sovet dövləti 24
dekabr 1958-ci ildə "Məktəbin həyatla əlaqəsinin
möhkəmləndirilməsi və SSRİ-də xalq maarifi sisteminin
daha da inkişaf etdirilməsi haqqında" qanun qəbul etdi
və sovet məktəbinin qarşısında yeni vəzifələr qoydu:
- şagirdləri həyata və ictimai faydalı əməyə hazırlamaq;
- ölkədə yediillik ümumi icbari təhsil əvəzinə
səkkizillik ümumi icbari təhsili həyata keçirmək;
- gənclərin tam orta təhsilini təlimin məhsuldar əməklə
əlaqəsi əsasında həyata keçirmək;
- fəhlə və kəndli gənclər məktəblərinin, internat
məktəblərin, günüuzadılmış məktəb və qrupların, əmək
politexnik məktəblərin şəbəkəsini genişləndirmək.
Həmin vəzifələr 60-cı illərin ortalarında əsasən yerinə
yetirildi.
Yeddiillik məktəblər səkkizilliyə, onillik orta
məktəblər istehsalat təlimi verən onbirillik orta
məktəblərə çevrildi. Orta ümumtəhsil məktəbinin
strukturu 4+4+3 sxemi üzrə quruldu.
1960/1961-ci tədris ilində respublikada fəaliyyət
göstərən 3837 ümumtəhsil məktəbindən 300-ü (7,8%),
1965/1966-cı tədris ilində isə 4195 məktəbdən 1881-i
(44,8%) səkkizillik məktəblər idi.
SSRİ hökumətinin "Orta ümumtəhsil məktəblərinin işinin
daha da yaxşılaşdırılması tədbirləri haqqında" qərarına
əsasən 1966-cı ildə ümumi icbari orta təhsilə
keçilməsinə başlandı. 11 illik təhsil müddəti yenidən
10 illiklə əvəzləndi (4+4+2).
Azərbaycanda ümumi icbari orta təhsilə keçidə ötən əsrin
60-cı illərinin ortalarından başlansa da, bu ideyanın
tam gerçəkləşməsi 70-ci illərdə mümkün oldu. Ümumi orta
təhsil məktəbləri şəbəkəsi 1965-ci illə müqayisədə 2,6
dəfədən çox artaraq, 765-dən 1964-ə çatdı, 1145 ibtidai
məktəb natamam orta məktəbə çevrildi.
SSRİ Nazirlər Soveti 8 sentyabr 1970-ci ildə "Orta
ümumtəhsil məktəbinin Nizamnaməsi"ni təsdiq etdi.
Nizamnamədə orta ümumtəhsil məktəbinin strukturu
haqqında belə bir müddəa öz əksini tapdı: "Yerli
şəraitdən asılı olaraq ümumi orta təhsilin vahidliyini
və bütün pillələrin varisliyini saxlamaqla, ayrılıqda
tərkibində I-III (IV) siniflər olmaqla ibtidai məktəblər,
tərkibində I-VIII siniflər olmaqla səkkizillik məktəblər,
tərkibində I-X (XI) siniflər olmaqla orta məktəblər
yaradılır" (3+5+2).
SSRİ Ali Soveti 19 iyul 1973-cü ildə "SSRİ və müttəfiq
respublikaların xalq təhsili haqqında qanunun
əsasları"nı təsdiq etdi. Qanunla orta ümumtəhsil
məktəbinin strukturu Nizamnamədə olduğu kimi qəbul
edildi.
Strukturda mötərizədə göstərilən IV və XI siniflər
Baltikyanı respublikaların ümumtəhsil məktəblərinə şamil
edilirdi.
Ötən əsrin 70-80-ci illərində respublikada aparılan
genişmiqyaslı məktəb tikintisi ümumtəhsil məktəblərində
tədris şəraitinin yaxşılaşmasına, tədrisin səviyyəsinin
yüksəldilməsinə səbəb oldu.
1982-ci ilin sonunda Heydər Əliyevin SSRİ-nin ali
rəhbərliyinə irəli çəkilməsi, dövlətin həm də təhsil
siyasətinə və təhsil islahatlarına rəhbərlik etməsi
ölkədə, o cümlədən Azərbaycanda ümumtəhsil məktəblərinin
inkişafına və məktəb islahatlarının aparılmasına zəmin
yaratdı. 1984-cü ildə SSRİ-də aparılan ümumtəhsil və
peşə məktəbləri üzrə islahatın əsas istiqamətləri və
strategiyasının müəyyənləşdirilməsi, həmin islahatın
icra mexanizminin işlənib hazırlanması İslahat
Komissiyasının sədri Heydər Əliyevin adı ilə bağlıdır.
Komissiyanın hazırladığı "Ümumtəhsil və peşə məktəbi
islahatının əsas istiqamətləri"ndə nəzərdə tutulan bir
çox məsələlər (6 yaşdan təhsil, 11 illik icbari orta
təhsil, "Bilik günü"nün təsis edilməsi, ümumi orta
təhsildə tədrisin təmayüllər və dərinləşmiş siniflər
əsasında qurulması və s.) həyata keçirilsə də, sonrakı
siyasi proseslər qarşıya qoyulan məktəb islahatının tam
reallaşmasına imkan vermədi. Dövlət "Ümumtəhsil və peşə
məktəbi islahatının əsas istiqamətləri"ndə ümumi orta
təhsilin strukturunu aşağıdakı kimi müəyyənləşdirildi:
İbtidai məktəb - I-IV siniflər; natamam orta məktəb -
V-IX siniflər; orta məktəb - X-XI siniflər (4+5+2).
SSRİ dövlətinin 1985-ci ildə xalq təhsili haqqında qəbul
etdiyi qanunla ümumtəhsil məktəbinin strukturunu "Əsas
istiqamətlər"də olduğu kimi təsdiq etdi.
Sovet imperiyasının süqutu və ölkəmizdə dövlət
müstəqilliyinin bərpası (1991) ilə Azərbaycan tarixində
ikinci dəfə təhsil sisteminin milli ənənələr, ümumbəşəri
dəyərlər əsasında yenidən qurulması üçün tarixi şərait
və imkan yarandı. Lakin müstəqillik ərəfəsində
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
nəticəsində (1988-1991) təhsildə başlanmış böhranlı
vəziyyət müstəqilliyin ilk illərində Ermənistanın
ölkəmizə təcavüzü səbəbindən (1991-1993) daha da
dərinləşdi.
Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıdışı
ilə təhsil, elm və mədəniyyətdə də böhranın qarşısı
alındı, tezliklə ölkədə siyasi və iqtisadi sabitlik
təmin olundu. Müstəqil Azərbaycan Respublikasının
Konstitusiyasında (1995) təhsilin dövlətin strateji
sahəsi olması bir daha təsdiqləndi, pulsuz icbari ümumi
orta təhsilə dövlət təminatı verildi. Ölkədə əsaslı
islahatlara başlamaq üçün iqtisadi və hüquqi baza
yaradıldı.
Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar
üzrə Dövlət Komissiyası tərəfindən "Azərbaycan
Respublikasının təhsil sahəsində İslahat Proqramı"
hazırlanıb təsdiq (1999, 15 iyun) olundu. Dövlət
Proqramında milli təhsil sistemində aparılacaq
islahatların konsepsiyası, uzunmüddətli inkişaf
strategiyası və prioritet istiqamətləri
müəyyənləşdirildi.
Azərbaycan Respublikasında milli təhsil quruculuğu
sahəsində islahatlar "Azərbaycan Respublikasının təhsil
sahəsində İslahatlar Proqramı" və bu Proqramın komponent
və alt-komponentləri üzrə təsdiq olunmuş İnkişaf
Proqramları, Azərbaycan hökuməti ilə Dünya Bankı
arasında imzalanmış sazişlər əsasında hazırlanmış təhsil
sektorunun inkişaf layihələri, beynəlxalq qurumlarla
Təhsil Nazirliyi arasında bağlanmış sazişlər üzrə həyata
keçirilən layihələr əsasında aparılır.
"Proqram"da qeyd edildi ki, "Təhsil sisteminin
strukturunun yenidən qurulması təhsil sahəsində aparılan
islahatların əsasını təşkil edir". Və "...təhsil
sisteminin strukturunun yenidən qurulması prosesinin
sürətləndirilməsini təmin etmək" bir vəzifə kimi qarşıya
qoyuldu.
Hər bir dövlət mövcud cəmiyyətin müəyyən mərhələlərində
ölkənin inkişaf səviyyəsindən asılı olaraq məktəb
qarşısında duran məqsədləri müəyyənləşdirir. Ölkəmizdə
bərqərar olan bazar iqtisadiyyatı cəmiyyətinin
tələblərinə uyğun olaraq dövlətimiz tərəfindən indiki
dövr və perspektiv üçün məktəb qarşısında qoyulan
məqsədlər 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında"
Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin
müvafiq bəndlərində təsbit olunmuşdur:
"4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini
dərk edən, xalqının milli ənənələrinə və demokratiya
prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət
edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına
sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və
şəxsiyyət yetişdirmək;
4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin
mənimsənilməsini... təmin etmək, təhsilalanları ictimai
həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq".
Dövlət Azərbaycan Respulikası Konstitusiyasının
tələblərini yerinə yetirərək hər bir vətəndaşın təhsil
alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir
və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və
formasından məhrum edilməsinə yol vermir.
Müstəqillik illərində ikinci dəfə - 2009-cu ildə "Təhsil
haqqında" qanun qəbul edildi. Birinci qanun (1992) artıq
yeni bazar iqtisadiyyatı cəmiyyətinin tələblərinə və
ölkəmizin sosial-iqtisadi və mədəni inkişafına cavab
vermirdi. Yeni qanunda bir çox müddəalar
dəqiqləşdirilmiş, ölkəmizin inkişaf səviyyəsinə və
inkişaf etmiş ölkələrin təhsil standartlarına
uyğunlaşdırılmışdır. Təhsilin əsas məqsədləri, təhsilin
formaları, təhsilalma formaları və s. daha dəqiq əks
etdirilmişdir.
Qanunda ümumtəhsil məktəbinin strukturu
müəyyənləşdirilmiş, lakin təhsilalma müddəti nə
səviyyələr üzrə, nə də bütövlükdə tam orta təhsil üzrə
göstərilməmişdir. "19.4. Azərbaycan Respublikasında
ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam
orta təhsildən ibarətdir. 19.5. ümumi təhsilin təhsil
səviyyələri üzrə müddəti, ... müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir". Deməli, qanun
ümumtəhsil məktəbində təhsilalma müddətinin
müəyyənləşdirilməsini hökumətin ixtiyarına verdi.
Respublika hökuməti 13.01.2011-ci il tarixli qərarı ilə
"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ni təsdiq
etmiş, ümumtəhsil məktəbinin strukturu və təhsilalma
müddəti hazırda mövcud olduğu kimi saxlanılmışdır:
ibtidai məktəb (I-IV siniflər), ümumi orta (əsas,
natamam orta) məktəb (I-IX siniflər), tam orta məktəb
(X-XI siniflər)-(4+5+2). Bu struktur keçmiş SSRİ-də
1984-cü ildən keçirilən ümumtəhsil və peşə məktəbi
islahatının əsas istiqamətlərində müəyyən edilmiş,
1985-ci ildə xalq təhsili haqqında qəbul edilmiş qanunla
təsdiq edilmişdir. SSRİ-nin Baltikyanı respublikalarında
- Latviya, Litva və Estoniyada isə orta ümumtəhsil
məktəblərində təhsilalma müddəti 11 illikdən 12 illiyə
keçirildi.
Ölkəmizin ümumtəhsil məktəbində təhsil müddətinin 12 ilə
qaldırılması məsələsi təhsildə islahat başlanan anlardan
qoyulmuşdu. Bu, dövrün, zamanın tələbidir. Çünki keçən
dövr ərzində (1984-cü il islahatından) dünyada elmin,
texnikanın və mədəniyyətin inkişafı nəticəsində elmi
kəşflərin, elmi biliklərin həcmi xeyli artmışdır. Onlar
haqqında zəruri məlumatların məktəb proqramlarına,
dərsliklərinə gətirilməsi, 11 illik məktəbin "çərçivəsinə"
sıxlaşdırılması uşaqların həddindən artıq yüklənməsinə
səbəb olar, onların sağlamlığına mənfi təsir göstərə
bilər.
Dünyanın və Avropanın inkişaf etmiş ölkələrində
fəaliyyət göstərən 12 illik orta ümumtəhsil
məktəblərinin uzunmüddətli təcrübəsi bu təhsilalma
müddətinin daha optimal olduğunu çoxdan sübut etmişdir.
Təsadüfi deyildir ki, dünyanın əksər ölkələrində ümumi
təhsil 12 illikdir. Ölkəmizin yerləşdiyi regionda olan
ölkələrdə də xeyli vaxtdır ki, 12 illik ümumi orta
təhsilə keçilmişdir.
Ümumtəhsil məktəbində təhsil müddətini daha bir il
uzatmağın vacibliyini nəzərə alan Rusiya hökumətinin
tapşırığına əsasən keçən əsrin sonu, XXI əsrin ilk
illərində Rusiya Təhsil Akademiyası bir neçə il tədqiqat
apararaq aşağıdakı nəticələrə gəlmişdir:
1) hazırda təhsilalanların səhhətini pisləşdirən təlim
yükünün həcmini azaltmağa imkan verəcək;
2) alınan təhsilin keyfiyyətini yüksəltməyə imkan
yaranacaq;
3) yaranmış demoqrafik şəraiti nəzərə alaraq,
perspektivdə maddi-maliyyə resurslarına qənaət etməyə
imkan verəcək;
4) gənclərin əlavə məşğulluğunu təmin edəcəkdir (Y.M.Neymatov
"Obrazovaniye v XXI veke", M. 2002., str.311).
Görəsən, sübut olunmuş bir həqiqəti bir daha sübut
etməyə ehtiyac varmı?
Bunlardan başqa onu da qeyd etmək yerinə düşər ki, 12
illik təhsil tam orta təhsil haqqında attestatlarımızın
xarici ölkələrdə tanınmasını təmin edəcək, struktur
baxımından Avropa və dünya təhsil sisteminə inteqrasiya
olunmağa təkan verəcəkdir.
Arif MURADOV,
Azərbaycan Respublikasının əməkdar müəllimi |