Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Aprel 2012 - №14

 

"Müasir təhsilin metodoloji problemləri"nə yeni baxış

 

Respublikamızda yerinə yetirilən məqsədyönlü təhsil islahatları elmi-pedaqoji tədqiqatlar qarşısında da ciddi vəzifələr qoymuşdur. Müasir dövrdə tətbiqi tədqiqatlarla yanaşı, bu tədqiqatların aparılması üçün istiqamətverici elmi baza rolunu oynayan nəzəri araşdırmalara ciddi diqqət yetirilməsi də vacib məsələlərdən biridir. İlk növbədə təhsilin elmi-nəzəri, metodoloji problemləri ilə bağlı araşdırmalar xüsusi aktuallıq kəsb edir. Bu baxımdan Rusiya Dövlət Təhsil Akademiyasının həqiqi üzvü, professor Abdulla Mehrabovun "Müasir təhsilin metodoloji problemləri" adlı yeni nəşr olunmuş monoqrafiyası özünün diqqəti çəkən bir sıra səciyyəvi xüsusiyyətləri ilə seçilir.

Üç bölmədən, 14 yarımfəsildən ibarət olan monoqrafiyada təhsilin və elmi fəaliyyətin metodologiyasının mahiyyəti və məzmunu məsələləri, təlimin məzmunu və təşkilinin müasir problemləri, eləcə də təhsil sistemində keyfiyyət təminatının və onun idarə olunmasının metodoloji aspektləri öz əksini tapmışdır. Müəllif, hər şeydən əvvəl, metodologiyanın obyekti və struktur məsələlərini nəzərdən keçirmiş, tədris-təlim fəaliyyətinin metodologiyasını yeni yanaşmalar əsasında tədqiq etmişdir.

Araşdırmalar göstərir ki, fəaliyyətin metod və vasitələri, məntiqi təşkili haqqında təlim və nəzəriyyələr sistemi bütövlükdə metodologiya anlayışının mahiyyətini ifadə edir. Tətbiqi mənada metodologiya təhsilalanın, yaxud tədqiqatçının konkret fənnə, elm sahəsinə aid biliklərin qazanılması və fəaliyyət prosesində əsaslandığı prinsip və yanaşmalar sistemi kimi başa düşülür.

Metodologiyanın struktur sxemində üç mühüm istiqamət: 1) fəaliyyətin xarakteristikası, 2) fəaliyyətin məntiqi strukturu və 3) fəaliyyətin zamanla bağlı strukturu əsas yer tutur. Birinci istiqamətə - yəni fəaliyyətin xarakteristikasına əsas xüsusiyyətlər, prinsiplər, əsas şərhlər, fəaliyyət normaları; ikinci istiqamətə -  yəni  fəaliyyətin məntiqi strukturuna subyekt, obyekt, forma, vasitə, metodlar, fəaliyyətin nəticələri; üçüncü istiqamətə - yəni fəaliyyətin zamanla bağlı strukturuna isə faza, mərhələ, fəaliyyət növləri aid edilir.

Bu məsələlər monoqrafiyada ətraflı, müasir elmi-pedaqoji yanaşmalar əsasında məntiqi izahını tapmışdır. Monoqrafiyada tədris fəaliyyətinin metodologiyasından bəhs olunarkən belə bir fikir əsaslandırılır ki, tədris-təlim prosesinin təşkili formalarına münasibət dəyişməli və beləliklə, aşağıda göstərilən istiqamətlərə üstünlük verilməlidir:

1) təhsilalmanın müxtəlif formalarının (açıq, eksternat, distant  və s. yolla təhsilalma) inkişafı; 2) təhsilalanların özünütəhsil  və  sərbəst  fəaliyyətinə  üstünlüyün  verilməsi; 3) fənyönümlü və modul tipli təhsilalmanın rasional uyğunlaşdırılması, nəticəyönümlü təhsilvermənin təşkilinə metodik təminatda  davamlılıq;  4) distant təhsilin inkişafı; 5) tədrisin təşkilinin qeyri-ənənəvi, xüsusilə interaktiv formalarının inkişafı; 6) özünüqiymətləndirmə yolu ilə təhsilalanların təlim nailiyyətlərinə nəzarətin inkişaf dinamikasının təmin edilməsi. Monoqrafiyada fəaliyyət metodları metodologiyanın əsas problemlərindən biri kimi qeyd olunur və bu məsələyə elmi-pedaqoji ədəbiyyatda iki yanaşmanın olduğu əsaslandırılır. Belə ki, birinci yanaşmaya görə əvvəlcədən seçilmiş kriteriyalar əsasında metodlar böyük qruplarda birləşdirilir, seçim vahidi möhkəmləndirilir, metodlar təsnifatlaşdırılır. Bu baxımdan aşağıda göstərilən təlim metodlarının üç böyük qrupunu xüsusi dəyərləndirmək lazımdır:

1) təlim - dərketmə fəaliyyətinin təşkili ilə bağlı metodlar: buraya  şifahi, əyani və praktik, reproduktiv və problem-axtarıcılıq, induktiv və deduktiv metodları daxil etmək olar;

2) təlim-dərketmə fəaliyyətini stimullaşdıran, vəzifə və məsuliyyətlə bağlı metodlar;

3) tədris-təlim prosesinə nəzarət və özünənəzarət metodları (şifahi, yazılı, laborator və s.).

İkinci yanaşmaya görə təlimin forma və metodik sistemlərinin müasir yanaşmalar əsasında yenidən tədqiqinə ehtiyac var və bu zaman hər şeydən əvvəl, didaktik strukturların tamlığı, bütövlükdə təlim metodlarının sistemləşdirilməsi nəzərə alınmalıdır. İkinci yanaşmanın tələbləri əsasında şərti olaraq təlim metodları aşağıdakı şəkildə qruplaşdırılmışdır:

1) Sokrat (mayeftika) metodu; 2) reproduktiv metod; 3) doqmatik metod; 4) inkişafetdirici təlim metodu; 5) proqramlaşdırılmış təlim  metodu; 6) problemli təlim metodu; 7) axtarış-tədqiqatçılıq təlim metodu; 8) kriterial-sistemləşdirilmiş təlim metodu;  9) layihələr metodu; 10) modelləşdirmə (imitasiya) ilə təlimin təşkili metodu; 11) informasiya sistemləri ilə bağlı metodlar.

Professor A.Mehrabov ayrı-ayrı təlim metodlarının mahiyyətinə də aydınlıq gətirmiş, müasir dövrdə bu metodlardan istifadənin elmi əhəmiyyətini, spesifik xüsusiyyətlərini araşdırmışdır. Monoqrafiyada yeni pedaqoji təfəkkürün formalaşdırılması, elmi fəaliyyətin, informasiya cəmiyyətində təhsil sisteminin metodoloji problemləri tədqiq edilmiş, elmi araşdırmalardan alınan nəticələrin ümumiləşdirilmiş təhlili verilmiş, konseptual müddəalar əsaslandırılmışdır.

Tarixi təcrübə göstərir ki, cəmiyyətin inkişafı digər sahələrlə yanaşı təhsil sistemində də yeni ideyaların meydana çıxmasına, pedaqoji nəzəriyyələrin yeni müddəalarla zənginləşməsinə və təbii ki, yeni pedaqoji təfəkkürün formalaşmasına zəmin yaradır. Əslində müasir dövrdə təhsil sisteminin başlıca məqsəd və vəzifələrindən biri kimi şəxsiyyətin formalaşdırılması yeni pedaqoji təfəkkürə verilən mühüm tələblərdən irəli gəlir. Bu baxımdan yeni pedaqoji təfəkkür, müasir pedaqogika və psixologiya elmlərinin ən yeni nailiyyətlərindən bəhrələnərək yeni məzmun kəsb edir. Professor A.Mehrabovun qeyd etdiyi kimi, hazırda yeni pedaqoji təfəkkür inkişaf edərək müasir dövrün təhsil konsepsiyasına çevrilməkdədir. Monoqrafiyada bu məsələlərə tarixilik və müasirlik baxımından aydınlıq gətirilmiş, yeni pedaqoji və təlim texnologiyalarının, İKT-nin yeni pedaqoji təfəkkürə təsiri diqqətlə araşdırılmışdır.

Burada diqqəti cəlb edən məsələlərdən biri də təhsilşünaslıq və pedaqogika  anlayışlarına münasibətin bildirilməsi, onların müqayisəli təhlilinin verilməsidir. Müəllif qeyd edir ki, təhsilşünaslığın bəzi məsələləri pedaqogika elmi çərçivəsində öyrənildiyinə görə  tədqiqatçıların bəziləri təhsilşünaslığı bütövlükdə pedaqogikanın tərkib hissəsi kimi qələmə verməyə çalışırlar. Bu məsələlərlə bağlı ciddi araşdırmaların aparılması, nəzəri tədqiqatların daha da genişləndirilməsi monoqrafiyada müəllif tərəfindən birmənalı dəyərləndirilir.

Monoqrafiyada elmi fəaliyyətin metodologiyası və onun spesifik xüsusiyyətlərindən bəhs edilərkən, ilk növbədə, bu istiqamətdə aparılmış araşdırmalara, o cümlədən AMEA-nın müxbir üzvü, professor S.Xəlilovun tədqiqatlarına haqlı olaraq müəllif istinad edir, "Elm haqqında Elm" kitabı elmşünaslıq sahəsində ensiklopedik bir əsər kimi qiymətləndirilir. Professor A.Mehrabov qeyd edir ki, təhsilin məzmununda elmi-texniki biliklərə birtərəfli  yer verilməsi və onların insan fəaliyyətində, böyük məqsədlər uğrunda mübarizədə yalnız bir vasitə olduğunun göstərilməsi və beləliklə, təhsilalanların çox məsələlərdən xəbərsiz qalması təhsilin başlıca məqsədlərindən yayınmağa imkan yaradır. Ona görə təhsil və elmin qarşılıqlı əlaqələrini daha da möhkəmləndirmək, inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinə davamlı olaraq diqqət yetirilməsi vacibdir.

Monoqrafiyada informasiya cəmiyyətində ali təhsil sisteminin inkişafının metodoloji problemləri üzərində geniş dayanılır. Burada, ilk növbədə, ali təhsil sisteminin inkişafının müasir problemlərinin xüsusiyyətlərinə, bu sahəyə dövlət qayğısının nəticələrinə diqqət yetirilir, əldə olunmuş nailiyyətlər göstərilir. Əsərdə belə bir fikir əsaslandırılır ki, müasir dövrdə təhsilin fundamentallılığının saxlanılması ən vacib məsələlərdən biridir. Təhsilin fundamentallığı tədris-təlim prosesində informasiya cəmiyyətinin xüsusiyyətlərini və tələblərini nəzərə almağı tələb edir. Ali təhsil müəssisələrində müxtəlif məsələlərlə bağlı istifadəsi məqbul sayılan informasiyalarla bərabər, onlarla ziddiyyət təşkil edən alternativ informasiya mənbələrindən də istifadəyə ehtiyac vardır. Lakin bu zaman həmin informasiyaların müqayisəsi, təhlili, ümumiləşdirilməsi və nəticə etibarı ilə cəmiyyətin, dövlətin inkişafına fayda verən istiqamətə yönəldilməsi vacibdir. Təcrübə göstərir ki, ənənəvi qaydada təhsilalanların informasiya ilə mexaniki olaraq yüklənməsi, biliyin qazanılmasında əsasən yaddaşa, hafizəyə üstünlük verilməsi təhsilalanlarda zəruri keyfiyyətlərin formalaşmasını ləngidir. Bu gün təhsilalanlarda, o cümlədən tələbələrdə yüksək intellektin formalaşdırılması, ilk növbədə, təfəkkür əməliyyatlarına, tənqidi, məntiqi və yaradıcı təfəkkürün hərəkətə gətirilməsinə əsaslanmalıdır. Diqqəti çəkən məqamlardan biri də  budur ki, professor A.Mehrabovun araşdırmalarında bu məsələlərə də önəm verilmiş, elmi ümumiləşdirmələr aparılaraq problemin nəzəri baxımdan əsaslandırılmasına xüsusi diqqət yetirilmişdir.

Müasir araşdırmalar göstərir ki, hazırkı dövrdə təlimin məzmununa gətirilən informasiyalar təkcə ayrı-ayrı öyrənənlərə deyil, bütövlükdə cəmiyyətə istiqamətlənməli, cəmiyyətin sosial, iqtisadi, siyasi-mədəni inkişafında təkanverici rol oynamalıdır. Bu baxımdan yeni texnologiyalara diqqətin artırılması, müasir texnologiyaların kompleks yanaşma əsasında hazırlanması vacibdir. Monoqrafiyada hazırkı dövrdə ali təhsilin təşkilinə və kadr hazırlığına  yanaşmalarda iki əsas meyilin - "universitet-firma" və "universitet-cəmiyyət"in fərqli xüsusiyyətləri şərh edilmiş, onların göstəriciləri müəyyənləşdirilmişdir. Həmin göstəricilər tədqiqatçı   tərəfindən  aşağıdakı  kimi  qruplaşdırılmışdır: 1) keyfiyyətin qiymətləndirilməsi; 2) muxtariyyətin verilməsi; 3) ali təhsilin təşkilinə keçidin əsas istiqamətləri və yolu; 4) elmi araşdırmalar; 5) təhsil sahəsinin üstün inkişaf edən sahə kimi dəyərləndirilməsi; 6) ali təhsil müəssisəsinin  məsrəflər və investisiya baxımından fəaliyyəti; 7) təhsil sahəsində effektivlik; 8) ali təhsildə vergilər üzrə kadrların hazırlanması; 9) dövlət maliyyələşdirilməsinin xarakteri; 10) sosial ədalət prinsipi. Monoqrafiyada verilmiş cədvəldə "universitet-firma" və "universitet-cəmiyyət"in göstəricilərinin məzmunu konkret müddəalarla öz  əksini tapmışdır.

Əsərin ən mühüm müsbət məziyyətlərindən biri də  ümummilli lider Heydər Əliyevin "Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır" ideyası əsas götürülərək müasir təhsil sisteminin metodoloji təhlilinin araşdırılmasıdır. Burada pedaqoji proses və tədris-təlim prosesi anlayışlarının da ümumi və fərqli xüsusiyyətlərinə nəzər yetirilir, tədris-təlim prosesi anlayışının məzmunca daha çox əhatəli olduğu əsaslandırılır, müasir yanaşmalar əsasında onun komponentləri tədqiq edilir.

 Monoqrafiyada diqqəti çəkən ən mühüm məsələlərdən biri təlimin məzmunu və təşkilinin metodoloji problemlərinin elmi əsaslarının araşdırılmasıdır. Burada, ilk növbədə, təhsilin məzmunu və fəaliyyət arasındakı münasibətlərin tənzimlənməsi, təlim prosesində kompetensiyaların formalaşdırılması, inklüziv təhsil, tədris-təlim prosesinin unifikasiyasında fundamental elmi araşdırmaların  metodoloji problemləri ilk dəfə tədqiqata cəlb edilmişdir. Tədqiqatçı təhsilin məzmununun yeniləşdirilməsi zamanı nəzərə alınması tələb olunan prinsiplər üzərində geniş dayanır, onların  şərhini verərək, fəaliyyətlə bağlı universal bacarıqların formalaşdırılmasının əsas prinsiplərini müəyyənləşdirir. Araşdırmaları təhlil edərək müəllif özünün elmi qənaətini diqqətə çatdırır, təhsilin məzmunu ilə fəaliyyət arasındakı münasibətlərin həlli üçün, ilk növbədə, nəticəyönümlü təhsil standartlarının hazırlanmasını məqsədəuyğun hesab edir.

Professor A.Mehrabov monoqrafiyada keyfiyyət, onun dəyərləndirilməsi və idarə olunması problemlərinə xüsusi yer ayırmış, bu məsələlərin elmi şərhini vermişdir. Burada pedaqoji ölçmələrin metodologiyası, islam dəyərləri və ondan tədris-təlim prosesində istifadə olunması, təhsil sistemində keyfiyyətin təminatı  və ölçülməsinin metodoloji problemlərini də tədqiqata cəlb etmişdir. 

Monoqrafiyada keyfiyyətin idarəolunma modelləri, statistik tənzimləmə, keyfiyyət kateqoriyaları ilə istehlak qiymətlərinin qarşılıqlı əlaqələri, kvalimetriyanın strukturu, keyfiyyətin qiymətləndirilməsi metodları və metodoloji təminatının sadələşdirilmiş strukturu sxem şəklində verilməklə yanaşı, onların komponentlərinin elmi-pedaqoji mahiyyəti müasir yanaşmalar əsasında izah edilmişdir.

Bütövlükdə, monoqrafiyanın məzmunu özünün müasirliyi ilə seçilir, yeni elmi yanaşmaların tədris-təlim prosesinə gətirilməsi və bunların metodoloji əsaslarının işlənilməsi, təhsil sistemində yeni pedaqoji təfəkkürün formalaşdırılması baxımından çox dəyərlidir. Bu əsər təhsilşünaslıq elminin formalaşması və inkişafına yeni töhfə kimi qiymətləndirilməlidir. 

İntiqam CƏBRAYILOV,
pedaqogika üzrə elmlər doktoru,

Hümeyir ƏHMƏDOV,
pedaqogika üzrə elmlər doktoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov