Aprelin
6-da Bakı şəhərindəki 42 nömrəli tam orta məktəbdə
dördüncülərin "Ağıl dəryası" adlı bilik yarışı keçirildi.
ADPU-nun dosenti, respublikanın əməkdar müəllimi Tinatin
Əliyevanın, VMA-nın üzvü, valideyn Camal Paşayevin,
qonşu məktəblərin rəhbərlərinin və valideynlərin iştirak
etdiyi tədbiri məktəbin direktoru Firəngiz Həmidova
açaraq riyaziyyat fənni üzrə keçirilən bu intellekt
yarışı haqqında məlumat verdi. Bildirildi ki, yarış 3
mərhələdə aparılacaq. Tərtib olunmuş 70-ə yaxın sual 3
şəffaf qutuda yerləşdirilib. Yarışda məktəbin dördüncü
sinif şagirdlərindən ibarət 5 komanda- hər komandada 8
şagird iştirak edəcək. Hər mərhələyə aid qutudan bir-bir
çıxarılacaq nömrəli suallar proyektorun köməyi ilə
ekranda göstəriləcək. Komandalar həmin suallara ayrılmış
vaxt ərzində cavab yazıb məktəbin yuxarı sinif
riyaziyyat müəllimlərindən ibarət münsiflər heyətinə
təqdim edəcək. Cavablar 10 ballıq sistemlə
qiymətləndiriləcək. Sonda yüksək bal toplamış qalib
komanda mükafatlandırılacaq. Bu intellekt yarışını
keçirməkdə isə əsas məqsəd Milli Kurikulum əsasında dərs
keçmiş şagirdlərin bu fənni necə mənimsəmələri,
müəllimlərin dörd ildə onlarla necə məşğul olduqlarını
əyani şəkildə görəcəyimizdən ibarətdir.
Sonra ibtidai sinif müəllimi Xatirə Həmidova IV "a"-nın
"Çeviklər", IV "c"-nin "Qartal", IV "ç"-nin "Buta", IV
"d"-nin "Cəsurlar" və IV "e" sinfinin "Şahinlər"
komandasının üzvlərini onlar üçün ayrılmış yerdə
əyləşməyə dəvət etdi.
Əsl yarış da bundan sonra başlandı. Şəffaf qutudan
çıxarılan hər suala komanda üzvləri tərəfindən cavablar
yazılaraq münsiflər heyətinə təqdim edildi. Sonra düzgün
cavab ekranda əks olundu və hansı komandanın neçə bal
topladığı elan edildi. Hər mərhələ sona yetdikdə isə
məktəbin istedadlı şagirdləri tərəfindən kiçik
səhnəciklər, rəqslər və mahnılar ifa olunurdu. Bu da həm
iştirakçılarda, həm də komanda üzvlərində xoş ovqat
yaradırdı.
Nəhayət, bir-birindən maraqlı, həlli yüksək intellekt
tələb edən misal və məsələlərdən ibarət yarış sona yetdi.
Münsiflər heyəti tərəfindən qalib komandalar elan edildi:
61 xal toplayan "Buta" komandası I yeri, 37 xal toplayan
"Qartal" komandası II yeri və 30 xal toplayan "Cəsurlar"
komandası III yeri tutdu. Birinci yeri tutan komanda
üzvlərinə məktəbin fəxri fərmanı və üzərində
"Avroviziya-2012" sözləri yazılmış Azərbaycan bayraqları
təqdim olundu. Yarışda ikinci və üçüncü yerləri tutan
komandalara isə hədiyyələr verildi.
Bu maraqlı tədbirin təşkilatçıları olan məktəbin ibtidai
siniflər üzrə direktor müavini Arzu Suvarova və tərbiyə
işləri üzrə direktor müavini Xatirə Əhmədovanın da əməyi
münsiflər heyəti və direktor tərəfindən yüksək
qiymətləndirildi.
Bu intellekt yarışı bir daha sübut etdi ki, təhsil
ocağının ibtidai sinif müəllimlərinin gərgin səyi, əməyi
sayəsində məktəbin dördüncüləri riyaziyyat fənni üzrə
yüksək bilik əldə ediblər. Qalan fənlər üzrə də belə
bilik yarışlarının keçiriləcəyi nəzərdə tutulub.
Ədalət DAŞDƏMİRLİ |