Naxçıvan
Dövlət Universitetinin memarlıq və mühəndislik
fakültəsində kompüter şəbəkələri və proqramlaşdırma
laboratoriyasının açılışı oldu.
Tədbirdə universitetin rektoru, akademik İsa Həbibbəyli
çıxış edərək XXI əsrin informasiya texnologiyaları əsri
olduğunu, Azərbaycanda bu sahənin inkişafına xüsusi
diqqət göstərildiyini vurğuladı. Qeyd olundu ki, elmin,
təhsilin tərəqqisi, inteqrasiya baxımından ən son
texnologiyaların mənimsənilməsi və tətbiqi universitetdə
də uğurla həyata keçirilir. Burada müxtəlif kompüter və
İnternet mərkəzləri fəaliyyət göstərir, əksər
auditoriyalar elektron lövhələr və proyektorlarla təchiz
olunmuşdur. "Wi-Fi" kampus İnternet şəbəkə sistemi
universitetin nəinki tədris korpuslarında, bütövlükdə
108 hektarlıq ərazisində sürətli İnternet bağlantısından
istifadə etməyə imkan verir. Elektron universitet
yaradılması, tədrisin elektronlaşdırılması istiqamətində
əhəmiyyətli işlər görülür. Bu ali məktəbdə beynəlxalq
səviyyəli videokonfransların, videobağlantıların və
online dərslərin təşkili ənənəvi hal almışdır. Rektor
çıxışında yeni laboratoriyanın müasir informasiya-kommunikasiya
texnologiyalarının iş prinsiplərinin, kompüter
arxitekturasının əyani şəkildə öyrənilməsi, ixtisaslı
mütəxəssislərin yetişməsindəki rolundan danışdı. Rabitə
və informasiya texnologiyaları kafedrasının müdiri,
dosent Cavanşir Zeynalov "İnformasiya-kommunikasiya
texnologiyalarının təhsildə rolu" mövzusundakı
məruzəsində virtual dərslərin, elektron imtahanların
keçirilməsi, müasir texnologiyaların tədris prosesinə
tətbiqi barədə danışdı. Yeni laboratoriyada kompüter
mühəndisliyinin öyrənilməsi məqsədilə kompüter
hissəcikləri və onların iş prinsiplərini əks etdirən
stendlər, tələbələr tərəfindən hazırlanmış yeni
proqramlar, kompüter şəbəkələrinin rolu haqqında ətraflı
məlumat verildi.
Kafedranın müəllimi Hüseyn Qasımov hazırladığı məsafədən
idarəetmə qurğusunu nümayiş etdirərək onun iş prinsipini
izah etdi. Komputer vasitəsilə idarə edilən yeni
qurğunun sənaye, kənd təsərrüfatı, gündəlik məişətdə
tətbiqi səmərəlilik baxımından yüksək qiymətləndirildi.
Sonra tələbələr tərəfindən hazırlanmış viktorina
proqramının təqdimatı oldu. Aparıcı kompüterlə
iştirakçıların kompüterləri arasında naqilsiz əlaqə,
qiymətləndirmənin avtomatlaşdırılmış şəkildə aparılması
ayrıca maraq doğurdu.
Sonda rektor, akademik İsa Həbibbəyli kompüter
şəbəkələri və proqramlaşdırma laboratoriyasındakı iş
prosesi, tələbələrin hazırladıqları yeni kompüter
proqramları ilə tanış oldu.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |