Aprelin
10-da Heydər Əliyev Sarayında Nizami Rayon Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzinin "Bizim uşaq dünyamız" adlı
musiqili hesabat tədbiri keçirildi. Tədbirdə Azərbaycan
Respublikası təhsil nazirinin müavini Qulu Novruzov,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədr müavini Aynur Sofiyeva, Bakı Şəhər İcra Hakimiyyəti
başçısının müavini Fidumə Hüseynova, Nizami Rayon İcra
Hakimiyyətinin başçısı Tahir Budaqov, millət vəkilləri
Fəttah Heydərov, Hadi Rəcəbli, Sədaqət Vəliyeva, Aydın
Mirzəzadə, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar
müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov və b.
iştirak edirdilər.
Öncə mərkəzin fəaliyyəti barədə film nümayiş olundu.
1800-ə yaxın uşaq, yeniyetmə və gəncin burada 32 adda
dərnəkdə öz asudə vaxtlarını səmərəli və faydalı
keçirdikləri və uşaqların dünyagörüşlərinin
formalaşdırılması, məlumat dairələrinin
genişləndirilməsi, istedad və bacarıqlarının üzə
çıxarılması məqsədilə müxtəlif mədəni-kütləvi
tədbirlərin təşkil olunduğu diqqətə çatdırıldı.
Vurğulandı ki, mərkəzin 38 illik fəaliyyəti ərzində
yeniyetmələr rayon, şəhər, respublika, hətta beynəlxalq
səviyyəli uşaq tədbirlərində böyük uğurlar qazanıblar.
Aparıcılar Lalə Sultanlı və uşaqların sevimlisi
Kamran İsrafilov tədris ili ərzində mərkəzin gördüyü
işlərdən və qazandığı nailiyyətlərdən bəhs etdilər.
Sonra səhnədə ayrı-ayrı dərnəklərin üzvləri
məharətlərini göstərdilər. Balaca istedadlar "Şirinlər",
"Balaca aşpazlar", "Sehrli otaq" rəqs qrupunun, "Şən
sirk", "Çiçəyim" uşaq teatr studiyasının üzvlərinin
çıxışları tamaşaçıları məmnun etdi. Dünya uşaqları ilə
dostluq edən, onların incəsənət və mədəniyyətini öyrənən,
beynəlxalq festivallarda, bayram və şənliklərdə,
müsabiqə və sərgilərdə Azərbaycanımızı təmsil edən
yeniyetmələr milli və dünya xalqlarının rəqslərini
məharətlə ifa etdilər. Sonra dərnəklərin
nailiyyətlərini əks etdirən fotoslaydlar monitorda
göründü. Mərkəzin nümayəndə heyəti Amerika Birləşmiş
Ştatlarının Vaşinqton şəhərində olarkən "Ən çox
sevdiyim idman növü" mövzusunda keçirilən IV Beynəlxalq
Uşaq İncəsənət Festivalında qalib gələn və I yeri tutan
12 yaşlı Nərmin İsmayılzadə və gənc fototurist
dərnəyinin üzvü Şamil Quluzadənin uğurlarından söz
açıldı.
Tədbirin sonunda qonaqlar mərkəzin yaradıcı heyətinə
öz təşəkkürlərini və xoş arzularını bildirib, bütün
çıxışlardan məmnun qaldıqlarını ifadə etdilər.
Təhsil nazirinin müavini Qulu Novruzov yeniyetmələrin
cəsarətli, olduqca maraqlı, orijinal, rəngarəng
çıxışlarını illik hesabat kimi dəyərləndirərək alqışladı
və Təhsil Nazirliyinin diplomunu Nizami Rayon Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzinin direktoru Lalə Qətiyə təqdim
etdi.
Sifai SƏFƏROVA |