Aprelin
6-7-də Bakıda "Ətraf Mühitin Mühafizəsi" VI Beynəlxalq
layihə olimpiadası ("İNEPO-AVRASİYA") keçirilmişdir.
AzərTAc xəbər verir ki, olimpiada Təhsil, Ekologiya və
Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti, "Çağ" Öyrətim İşlətmələri Şirkəti
və "İNEPO-AVRASİYA" Ekologiya İctimai Birliyinin birgə
təşkilatçılığı və İctimai Televiziya və Radio Yayımları
Şirkətinin informasiya dəstəyi ilə təşkil olunmuşdur.
Olimpiadanın keçirilməsində məqsəd ekoloji problemlərin
həlli və ətraf mühitin mühafizəsi istiqamətində gənc
nəsli məlumatlandırmaq, məktəblilərdə ətraf mühitə qarşı
həssas münasibət formalaşdırmaq, ekoloji şüuru inkişaf
etdirmək, onları ekoloji məsələlərin həlli istiqamətində
müxtəlif layihələrə cəlb etmək, təbii, mədəni, tarixi və
sosial-estetik dəyərlərin qorunması ruhunu aşılamaq
olmuşdur.
"Ətraf mühitin mühafizəsi" Beynəlxalq layihə
olimpiadası ilk dəfə 2007-ci ildə 17 ölkədən olan
məktəblilərin iştirakı ilə keçirilmiş və sonrakı illərdə
ənənə halını almışdır. Bu il dünyanın 42 ölkəsindən
400-dək məktəbli olimpiadada iştirak etmək hüququ
qazanmışdır. Xarici ölkələrdən olimpiadaya təqdim edilən
350 layihədən 130-u, Azərbaycandan isə 294 layihədən
60-ı münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.
Olimpiadada bu il təmsil olunan ölkələr Azərbaycan,
Türkiyə, Gürcüstan, İndoneziya, Litva, Tailand, Laos,
Pakistan, Qazaxıstan, Malayziya, Böyük Britaniya, Rusiya,
Polşa, Ukrayna, Türkmənistan, Rumıniya, Əfqanıstan,
Albaniya, Banqladeş, Belarus, Bosniya və Herseqovina,
İran, Qırğızıstan, Makedoniya, Myanma, Nigeriya,
Slovakiya, Tacikistan, Vyetnam, Yəmən, Somali, Anqola,
Bolqarıstan, Zambiya, Niger, Şimali Kipr Türk
Cümhuriyyəti, Misir, Monqolustan, Mozambik, Çexiya və
Belçika olmuşdur. Builki olimpiadada Azərbaycan üzrə 4
qızıl, 12 gümüş və 17 bürünc medal qazanılmışdır.
Olimpiada təşkilatçıları və münsiflər heyəti bu il
qaliblərin təklifi ilə təsis edilmiş "Ekoloji mühitin
qorunmasına görə" Xüsusi Beynəlxalq Şərəf Mükafatını
Heydər Əliyev Fondunun vitse-prezidenti və Ətraf Mühitin
Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi
Leyla xanım Əliyevaya təqdim etmişlər. |