Aprelin
11-də Bakıdakı akademik Zərifə Əliyeva adına liseydə
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Səhiyyə
Nazirliyinin birgə təşəbbüsü ilə "Narkotiklərə yox deyək!"
devizi altında kampaniyaya start verildi. Kampaniya
gənclərin narkomaniyanın zərəri barədə
məlumatlandırılması və onlarda sağlam həyat tərzinin
formalaşdırılması məqsədini daşıyırdı. Tədbirdə təhsil
nazirinin müavini Qulu Novruzov, səhiyyə nazirinin
müavini Elsevər Ağayev, Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə
Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Araz
Əliquliyev, Respublika Narkoloji Mərkəzinin direktoru
Telman Məmmədhəsənov, Təhsil Nazirliyinin Tərbiyə və
məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa
İbrahimov, akademik Zərifə Əliyeva adına liseyin
direktoru Məhəbbət Vəliyeva, liseyin müəllim-şagird
kollektivi və digər şəxslər iştirak edirdilər. Tədbir
Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il
tarixli 2271 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Narkotik
vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın
yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər)"dan
irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə
həyata keçirilir. Öncə iştirakçılar liseyin foyesində
təşkil olunmuş "Narkotiklərə yox deyək!" devizi altında
çəkilmiş rəsmlərə baxdılar.
Tədbiri giriş sözü ilə açan akademik Zərifə Əliyeva
adına liseyin direktoru Məhəbbət Vəliyeva qonaqları
salamlayaraq, belə bir tədbirin akademik Zərifə Əliyeva
adına liseydə keçirilməsinin qürurverici olduğunu və
şagirdlərin gələcək həyatlarına müsbət təsir edəcəyini
vurğuladı. Şagirdlərə tədbirin təkcə iştirakçısı kimi
deyil, həm də maarifləndirmə işində gənclər arasında
təkanverici qüvvə kimi fəaliyyətlərinin əhəmiyyətini
bildirən M.Vəliyeva narkomaniyaya qarşı mübarizənin hər
bir Azərbaycan vətəndaşı tərəfindən aparılmasının
vacibliyini qeyd etdi.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Qulu
Novruzov Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin birgə
təşəbbüsü ilə orta ümumtəhsil məktəblərində
narkomaniyaya və narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə bağlı "Narkotiklərə yox deyək!" devizi
altında keçirilən maarifləndirmə kampaniyasına, ömrünü
insanların sağlam həyat tərzində yaşamasına həsr edən
görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın
adını daşıyan liseydə start verilməsinin simvolik məna
daşıdığını söylədi. Nazir müavini bildirdi ki, lisey
şagirdlərə sağlam həyat tərzinin aşılanmasında ölkəmizdə
ən nümunəvi təhsil müəssisələrindəndir. Narkomaniyaya və
narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizənin dövlət siyasətinin ayrılmaz tərkib hissəsi
olduğunu bildirən Q.Novruzov mövcud problemlə bağlı
həyata keçirilən dövlət proqramlarından danışdı. Nazir
müavini narkomaniya ilə mübarizədə ən effektiv
vasitələrdən biri kimi maarifləndirmə tədbirlərinin
həyata keçirilməsinin vacibliyini vurğuladı. Gənclərin
pis vərdişlərdən uzaq olması və sağlam həyat tərzi
keçirmələri üçün məktəbdənkənar müəssisələrə maraq
göstərmələrinin müsbət nəticə verəcəyini bildirən
Q.Novruzov narkomaniyaya qarşı mübarizədə gənclərin
üzərinə böyük vəzifə düşdüyünü və Azərbaycan gəncinin bu
vəzifənin öhdəsindən məharətlə gələ biləcəyinə ümidvar
olduğunu söylədi.
Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Elsevər
Ağayev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının
işçi qrupunun rəhbəri Araz Əliquliyev və başqaları
narkotiklərin qeyri-qanuni dövriyyəsi və istifadə
miqyasının genişlənməsinin ciddi təhlükə yaradan amilə
çevrildiyini qeyd edib, bu bəşəri bəlaya qarşı mübarizə
tədbirlərindən danışdılar.
Sonra iştirakçılar slaydlar vasitəsilə narkomaniyanın
törətdiyi fəsadlar və bəşəriyyətə verdiyi ziyanlar
haqqında təqdimatı dinlədilər.
Şagirdləri maraqlandıran suallar cavablandırıldı.
Niyazi RƏHİMOV |