Aprelin
7-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində
ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunan
Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə
Olimpiadasının (İNEPO-AVRASİYA) qaliblərinin
mükafatlandırılması mərasimi keçirildi.
Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri,
Milli Məclisin deputatları, bir sıra dövlətlərin
ölkəmizdəki səfirliklərinin nümayəndələri, qeyri-hökumət
təşkilatlarının təmsilçiləri, respublikanın orta
ümumtəhsil məktəblərinin direktorları, görkəmli alim və
pedaqoqlar iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət himni
səsləndirildikdən sonra çıxış üçün söz alan Azərbaycan -
Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi, Ətraf
Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-AVRASİYA)
təşkilat komitəsinin sədri Arif Gömleksiz olimpiadanın
məqsəd və məramından danışdı. Qeyd olundu ki, 2007-ci
ildən 17 ölkənin iştirakı ilə Bakıda keçirilməyə
başlayan adıçəkilən beynəlxalq yarışa qatılan ölkələrin
sayı ildən-ilə artaraq bu il 42-yə çatmışdır.
Olimpiadanın əhəmiyyətinə xüsusi toxunan idarə rəisi
onun dünyada, o cümlədən Azərbaycanda mövcud olan
ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi
istiqamətində böyüməkdə olan gənc nəslin
məlumatlandırılmasında, ekoloji biliklərin inkişaf
etdirilməsində müsbət rol oynadığını bildirdi. Son illər
ölkəmizin iqtisadi, elmi, sosial və digər sahələrdə
keçirilən bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi
etdiyini söyləyən Arif Gömleksiz Azərbaycanın uğurlu
inkişafından da ətraflı söz açdı. Olimpiadanın yüksək
səviyyədə keçirilməsində dəstək olan dövlət
qurumlarının və təşkilatların adlarını qeyd edən idarə
rəisi onlara minnətdarlıq etdi, xarici ölkələrdən gələn
məktəblilərin respublikamızdan xoş təəssüratla
ayrılacaqlarına əmin olduğunu bildirdi.
Sonra mərasim iştirakçıları beynəlxalq layihə
olimpiadasının yaranma tarixindən və məzmunundan bəhs
edən sənədli filmə tamaşa etdilər.
Layihə olimpiadasının adları açıqlanan qalib
məktəbliləri səhnəyə dəvət olundu. 4 kateqoriya - enerji,
mühəndislik, ətraf mühit və sosial elmlər üzrə keçirilən
beynəlxalq layihə olimpiadasında Azərbaycan məktəbliləri
4 qızıl,12 gümüş,17 bürünc olmaqla bütövlükdə 33 medal
qazandılar. Bundan başqa, Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin təsis etdiyi xüsusi mükafat da
olimpiadaya təqdim etdikləri layihələrin aktuallığı ilə
seçillən azərbaycanlı məktəblilərə nəsib oldu. Yarışa
digər ölkələrdən qatılan şagirdlər də müvafiq yerlər
tutaraq medallara sahib oldular.
Olimpiada qaliblərinə mükafatları təhsil nazirinin
müavini Qulu Novruzov, ekologiya və təbii sərvətlər
nazirinin müavini Firdovsi Əliyev, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Rəfiqə Hüseynzadə, Nizami Rayon İcra Hakimiyyətinin
başçısı Tahir Budaqov, Türkiyənin ölkəmizdəki səfiri
Hulusi Kılıç, "Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə
Heyətinin sədri Ənvər Özərən, İctimai Televiziya və
Radio Yayımları Şirkətinin Gənclər, elm və təhsil
verilişləri departamentinin direktoru Cəsarət Valehli,
Milli Məclisin deputatları Muxtar Babayev, İqbal Ağazadə,
Fazil Mustafa, Cavanşir Feyziyev təqdim etdilər.
Mərasimdə həmçinin ətraf mühitin mühafizəsi, ekologiya
ilə bağlı mətbuatda yazılarla çıxış edən, süjetlər
hazırlayan media nümayəndələri də mükafatlandırıldı.
Təhsil nazirinin müavini Qulu Novruzov çıxış edərək
beynəlxalq layihə olimpiadasının ölkəmizdə məktəblilər
arasında indiyə qədər keçirilən bilik yarışmaları
arasında coğrafiyasına görə ən geniş yarışma olduğunu
bildirdi. Nazir müavini qeyd etdi ki, hazırda
ekologiyanın bəşəriyyətin ağrılı, qlobal problemlərindən
biri olduğunu, Azərbaycanda bu sahəyə xüsusi diqqət
yetirildiyini və həmin istiqamətdə Dövlət Proqramının
həyata keçirildiyini nəzərə alsaq olimpiadanın belə
yüksək səviyyədə təşkilini ölkəmizdə aparılan ekoloji
siyasətə dünya birliyinin verdiyi qiymət kimi
dəyərləndirmək olar. Çıxışında ölkə başçısı cənab İlham
Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla xanım Əliyevanın ətraf mühitin mühafizəsi
məsələlərinə və ekoloji problemlərin həllinə daim xüsusi
önəm verdiklərini deyən nazir müavini bu istiqamətdə
görülən işləri, həyata keçirilən tədbirləri mərasim
iştirakçılarının diqqətinə çatdırdı. Olimpiadada
Azərbaycan - Türkiyə Özəl Liseyləri ilə yanaşı paytaxt
məktəblərinin, eləcə də respublikamızın müxtəlif
bölgələrində fəaliyyət göstərən ümumtəhsil
müəssisələrinin şagirdlərinin iştirak etdiklərini,
qaliblər arasında onların adlarının olmasını müsbət hal
kimi qiymətləndirən Qulu Novruzov tədbirin təşkilində
əməyi olanlara minnətdarlığını bildirdi.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç öz ölkəsi
ilə Azərbaycan arasındakı dostluq əlaqələrindən söz
açaraq hər iki dövlətin münasibətlərinin inkişafında
ümummilli lider Heydər Əliyevin, onun daxili və xarici
siyasətini hazırda uğurla davam etdirən Respublika
Prezidenti cənab İlham Əliyevin müstəsna xidmətlərini
xüsusi vurğuladı.
"Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri
Ənvər Özərən rəhbərlik etdiyi qurumun fəaliyyətinin
20-ci ildönümünə həsr edilmiş məktəblilərin Ətraf
Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-AVRASİYA)
əhəmiyyətinə toxundu. Qeyd etdi ki, Azərbaycan dünyanın
müxtəlif ölkələrində təşkil olunan fənn olimpiadalarında
yüksək səviyyədə iştirak etməklə yanaşı, müxtəlif
mövzularda keçirilən bilik yarışlarına ev sahibliyi
vəzifəsini də öhdəsinə götürür və layiqincə yerinə
yetirir. Gündən-günə gözəlləşən Azərbaycan və onun
paytaxtı Bakı şəhərimiz hər il bu cür olimpiadalarla
dünyanın bir çox ölkələrindən gələn məktəbliləri qoynuna
alır. Ənvər Özərən daha sonra ulu öndər Heydər Əliyevin
xeyir-duası ilə fəaliyyətə başlayan Azərbaycan -Türkiyə
Özəl Liseylərinin uğurları, şagirdlərin dünya
olimpiadalarında qazandığı nailiyyətlər barədə
iştirakçılara geniş məlumat verdi. Rəhbərlik etdiyi
şirkətlə Təhsil Nazirliyi arasında qurulmuş
əməkdaşlıqdan razılıq hissi ilə danışan Ənvər Özərən
onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı
cənab İlham Əliyevə minnətdarlıq etdi.
Çıxış üçün söz alan ekologiya və təbii sərvətlər
nazirinin müavini Firdovsi Əliyev, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Rəfiqə Hüseynzadə və digər natiqlər də beynəlxalq layihə
olimpiadasının məktəblilərin həyatında mühüm rol
oynamasından, qloballaşan dünyamızda ekologiyanın hər
kəs tərəfindən qorunmasının vacibliyindən danışdılar,
paytaxtımızda keçirilən bu yarışın həmin vacib məsələyə
bir daha diqqət yönəltməkdə mühüm bəşəri rol oynadığını
söyləyərək qaliblərə yeni-yeni müvəffəqiyyətlər
arzuladılar.
Samirə KƏRİMOVA |