Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Aprel 2012 - №14

 

Macarıstanda Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun ikinci konfransı keçirilib

 

Aprelin 6-da Budapeştdə Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) ikinci beynəlxalq konfransı işə başlamışdır. Macarıstan parlamentində keçirilən konfransda dünyanın 25 ölkəsindən 250-dən artıq gənc iştirak edir.   Əvvəlcə Azərbaycanın və Macarıstanın dövlət himnləri səsləndirilmişdir.

Sonra ASAİF-in fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.  Konfransı Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev açdı. Səfir bu gün azərbaycanlı gənclərin xaricdə təhsil aldıqdan sonra təkcə özəl təşkilatlarda deyil, dövlət qurumlarında da peşəkar karyeralarını inkişaf etdirdiklərini diqqətə çatdırdı. Diplomat dedi: "Tələbə hərəkatının tarixi yetərincə araşdırılmayıb. Son əlli ili götürsək, Rusiyada və Avropada təhsil alan tələbələrin Azərbaycanın inkişafında əvəzsiz xidmətləri ilə bağlı böyük araşdırmalar aparmaq olar. 1960-cı illərdə Moskva, Sankt-Peterburq və digər şəhərlərdə azərbaycanlı gənclər təkcə yaxşı mütəxəssis kimi yetişməyiblər, onlar həm də həmvətənləri arasında milli şüur formalaşdırıblar, mədəniyyətimizi digər xalqlara yüksək səviyyədə nümayiş etdiriblər, həmin xalqın həyatında önəmli rol oynayıblar. Məhz qurulan mədəniyyət mərkəzləri, təhsil ocaqları və digər layihələrdə bu gənclərin əvəzsiz rolu olub".

Daha sonra Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxış edərək dedi: "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması zamanı sənədin geniş ictimai müzakirələrə çıxarılmasını, layihəyə gənclər tərəfindən 2 mindən artıq təklifin irəli sürülməsini, ölkəmizin bütün təbəqələrindən olan vətəndaşlar, eləcə də beynəlxalq təşkilatlar üçün müzakirələrin açıq olduğunu qeyd etmək istəyirəm.

Xüsusi yaradılmış elektron ünvana sizdən - xaricdə təhsil alan gənclərimizdən gələn təkliflər isə mütləq vurğulanmalıdır. Çünki bunu sizin vətəndaş yetkinliyiniz kimi qiymətləndiririk".

Dövlət Proqramı haqqında müfəssəl məlumat verən nazir sənəddə gəncləri birbaşa maraqlandıran "Azərbaycanın gənc dostları" mübadilə proqramının həyata keçirilməsi, gənc alimlərin tədqiqatlarının dəstəklənməsi, xaricdə təhsil alıb Vətənə qayıdan gənclərin işlə təmin edilməsi üçün nəzərdə tutulan mühüm müddəalar barədə ətraflı məlumat verdi.

Azad Rəhimov dedi: "Tələbələrimizin elmi konfranslarda, seminarlar və müsabiqələrdə iştirakı dövlətimiz tərəfindən bundan sonra da dəstəklənəcəkdir. Tələbələrin və məzunların bu sahədə əldə etdiyi hazırkı və gələcək müvəffəqiyyətlərinin lazımınca ictimaiyyətə təqdim olunmasında, yaşadıqları ölkənin kütləvi informasiya vasitələrində işıqlandırılmasında dəstək göstərmək üçün ASAİF bu sahədə öz potensialının artırılması haqqında düşünməlidir. Humanitar sahədə - tarix, sosiologiya, politologiya, beynəlxalq münasibətlər, jurnalistika və s. sahələrdə təhsil alan tələbələr öz tədqiqat işlərini Azərbaycan ilə bağlı aparmalı, eləcə də digər tədqiqatçıları bu işə cəlb etməlidirlər".

Macarıstan Respublikasının Milli Assambleyasının vitse-spikeri Jakap İstvan konfrans iştirakçılarını salamladı, bilik üzərində qurulan əlaqələrin möhkəmliyindən danışaraq vurğuladı ki, ölkələrin əlaqələrinin intensivləşməsində gənclərin xüsusi rolu vardır. Jakap İstvan dedi: "Bu gün Azərbaycan və Macarıstan arasında möhkəm, sabit və davamlı inkişaf edən sıx əlaqələr vardır. Macarıstanda digər xarici ölkələrlə bərabər, Azərbaycandan da çoxlu tələbə təhsil alır. Qeyd etmək istərdim ki, xaricdə təhsil gənclərə tolerantlığı, digər ölkələrin mədəniyyətlərinə, adət-ənənələrinə daha böyük hörmətlə yanaşmağı öyrədir". Vitse-spiker bu yaxınlarda Azərbaycan və Macarıstanın diplomatik əlaqələrinin 20 illiyinin qeyd olunacağını da diqqətə çatdırdı.

Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxış edərək konfransın əhəmiyyətindən danışdı, tədbirin məhz nə üçün Budapeştdə keçirilməsinin səbəblərini diqqətə çatdıraraq dedi: "Əvvəla, bu, coğrafi baxımdan düzgün seçimdir. Sizin təhsil aldığınız Macarıstan Avropanın mərkəzidir. İkincisi, siz artıq bizim ümumi tarixi köklərimiz barədə eşitdiniz. Azərbaycan kimi Macarıstan da Şərq ilə Qərb arasında vacib körpüdür. Bu amil də tədbirin burada keçirilməsini şərtləndirmişdir".

Azərbaycanlı tələbələrin xaricdə təhsil alması ilə bağlı yaxşı ənənələrin olduğunu xatırladan Elnur Aslanov dedi: "1970-ci illərdə ümummilli lider Heydər Əliyev Azərbaycanın istedadlı, bacarıqlı gənclərini müxtəlif ölkələrə təhsil almağa göndərdi. Bu gün bu siyasəti dövlət başçısı İlham Əliyev uğurla davam etdirir. Xaricdə təhsil alıb ölkəmizə qayıdan hər bir gənc Azərbaycanın sabahıdır. Azərbaycanı gələcəkdə məhz bu gənclər idarə edəcəklər. Lakin bir məqamı unutmaq olmaz. Bizə sadəcə diplom alıb Vətənə qayıdan gənclər yox, ağıllı, savadlı, bilikli, ixtisasını mükəmməl bilən gənclər lazımdır".

Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Elnur Aslanov demişdir ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır. Biz öz doğma torpaqlarımızın bir qarışını da heç kimə güzəştə getməyəcəyik. Azərbaycanın işi haqq işidir. Biz təcavüzə, işğala məruz qalmış ölkəyik və torpaqlarımızı istənilən yolla azad etməyə haqqımız vardır.

Təhsil naziri Misir Mərdanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov, Milli Məclisin komitə sədri Səməd Seyidov və digər rəsmilər də gənclərin təhsil alıb Vətənə qayıtmalarının əhəmiyyətindən, bu təhsilin onların hər birinə verdiyi geniş imkanlardan, hazırda Azərbaycan üçün ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin intellektual, geniş şəkildə dünya ictimaiyyətinə çatdırılmasında gənclərin əvəzsiz rolundan danışdılar.

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov çıxış edərək bildirdi ki, ASAİF-in növbəti beynəlxalq konfransı İtaliyada keçiriləcəkdir.

Tədbirin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın konfrans iştirakçılarına müraciəti oxundu.

Azərbaycanın Avropa ölkələrindəki səfirlərinin də qatıldığı konfrans işini davam etdirib. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov