Bakıdakı 266 nömrəli tam orta məktəbin fiziki tərbiyə
müəllimi Məşədi Abasov 33 ildir ki, gənc nəslin fiziki
tərbiyəsi sahəsində çalışır. Şagirdləri idmanın
müxtəlif növləri üzrə keçirilən yarışlarda və
spartakiadalarda qalib gələrək I və II yerləri
tutmuşlar.
M.Abasov müasir dərsə verilən tələbləri özünün pedaqoji
təcrübəsinə əsaslanaraq belə xarakterizə edir:
- Dərs prosesi zamanı müasir dərsə verilən bütün
tələblərə əməl etməklə yanaşı təlimin texniki
vasitələrindən səmərəli istifadə edirəm. Xüsusilə dərs
vaxtı interaktiv təlim metodlarına daha çox üstünlük
verir və şagirdlərimi bacarıqlı bir idmançı kimi
yetişdirməyə çalışıram.
Məşədi Abasov öz şagirdləri ilə fəxr edir və onlarla
sıx əlaqə saxlayır. 1997-ci ildə məktəbi bitirən Rəsul
İbrahimov 1992-2000-ci illərdə şahmat üzrə gənclər
arasında Azərbaycan çempionu olmuş, 2005-ci ildə
beynəlxalq dərəcəli qrossmeyster, 2010-cu ildə əməkdar
məşqçi adını almışdır. Hazırda gənclər arasında şahmat
üzrə Azərbaycanın yığma komandasının məşqçisidir.
Məktəbin məzunu Namiq Abdullayev 1996-cı ildə ABŞ-ın
Atlanta şəhərində sərbəst güləş üzrə II yeri, 2000-ci
ildə Avstraliyanın Sidney şəhərində olimpiya oyunlarında
I yeri tutmuş və əməkdar idman ustası adını almışdır.
İdmanda qazandığı yüksək nailiyyətlərə görə Namiq
Abdullayev Azərbaycan Respublikası Prezidentinin
sərəncamları ilə " Tərəqqi" medalı və "Şöhrət" ordeni
ilə təltif olunmuşdur.
Digər bir məzun Arif Abdullayev isə 2003-cü ildə ABŞ-ın
Nyu-York şəhərində keçirilmiş sərbəst güləş üzrə dünya
çempionatında I yeri tutmuş və əməkdar idman ustası
adını almışdır.
M.Abasovun xüsusi istedada malik olan yeniyetmələrin
aşkarlanmasında da böyük əməyi olmuşdur. Hazırda
məktəbin IX "a" sinif şagirdi Üzeyir Yusifov sərbəst
güləş üzrə yeniyetmələr arasında ikiqat Azərbaycan
çempionu və X "c" sinif şagirdi Nurlan Mehdiyev karate
üzrə dəfələrlə Azərbaycan çempionu olmuşdur. O, 2010-cu
ilin may ayında Odessa şəhərində keçirilən Dünya Kuboku
birinciliyində II yeri tutmuşdur.
Bu gün öz peşəsinin vurğunu olan Məşədi Abasov qazandığı
nailiyyətlərlə heç də kifayətlənmir, Azərbaycanı
dünyada möhtəşəm qələbələrlə təmsil edə biləcək
yeniyetmə və gənc idmançıların hazırlanması işində
səylə çalışır.
Şakir CƏFƏROV |