Bakıdakı A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə "Dilimiz
varlığımızdır" adlı tədbir keçirildi. Tədbiri məktəbin
direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi
Sabir Məmişov açaraq bildirdi ki, ana dili bizim
müqəddəs sərvətimiz, anamızın dilidir. Ana dili bizim
kökümüz, mədəniyyətimiz, milli əxlaqımızdır.
Sabir müəllim dilimizin tarixi inkişaf yoluna nəzər
salaraq qeyd etdi ki, bütün dövrlərdə Azərbaycanın
yazıçı və şairləri dilimizin keşikçisi olmaq missiyasını
ləyaqətlə yerinə yetirmişlər. Dilimizin inkişafında və
hazırkı mövqeyə çatmasında ümummilli liderimiz Heydər
Əliyevin xidmətləri danılmazdır. Ümummilli liderimiz
bütün ömrü boyu Azərbaycan dilinə məhz millətin taleyi
kimi yanaşaraq onu sevməklə bərabər, keşiyində də
müdrikliklə dayanmış və bizlərə əmanət etmişdir.
Əsrlərin əmanəti olan doğma dilimizi qorumaq, ona
hörmətlə yanaşmaq hamımızın müqəddəs borcudur. Direktor
çıxışını Azərbaycana həsr etdiyi şeirini söyləməklə
bitirdi.
Sonra səhnə uşaqların ixtiyarına verildi. Dilimizin
inkişafı, qorunması, dövlət dili səviyyəsinə
yüksəlməsinə dair maraqlı məlumatlarla, ədəbi-bədii
nümunələrlə zəngin olan tədbirdə ulu öndərimizin dövlət
dilinə olan sevgisi və qayğısı xüsusi vurğulandı. "Ulu
öndər və ana dili" adlı videoçarx tamaşaçıların böyük
marağına səbəb oldu.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Şəmsi Qoca,
şairlər Musa Ələkbərli, Vahid Aslan, valideyn Şahbaz
Muradov, pedaqogika üzrə fəlsəfə doktoru Şahrza Ağayev
və başqaları mövzu ilə bağlı çıxış etdilər. Tədbir
"Yaşa, Azərbaycan" mahnısının sədaları altında sona
çatdı.
Fazil İDRİSOĞLU |