Azərbaycan Müəllimlər İnstitutunda 31 mart -
Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir faciə
qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad
edilməsi ilə başladı.
İnstitutun tərbiyə işləri üzrə prorektoru, filologiya
üzrə fəlsəfə doktoru Tünzalə Yusifova tarixin qan
yaddaşına yazılmış bu soyqırımı haqqında məlumat
verərək bildirdi ki, 31 mart 1918-ci il soyqırımına
siyasi qiymət ümummilli lider Heydər Əliyevin 26 mart
1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında"
fərmanı ilə verilmişdir. Tarixin bu dəhşətli səhifəsini
hər il dövlətimiz və millətimiz böyük ehtiramla yad edir.
Tədbirdə geniş məruzə ilə çıxış edən dosent Telman
Haqverdiyev 31 mart soyqırımının ermənilərin planlı
şəkildə həyata keçirdikləri siyasətin bir həlqəsi
olduğunu qeyd etdi. O bildirdi ki, Gülüstan və
Türkmənçay sülh müqavilələri ilə başlayan erməni köçləri
Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan"
yaratmaq istəyən erməni millətçilərinin formalaşmasında
əsas rol oynadı. XX əsrin başlanğıcında millətimizə
qarşı törədilən kütləvi qanlı hadisələr 1918-ci ilin
mart ayında özünün ən ağır dövrünü yaşadı.
Tələbələr 31 mart soyqırımına gənclərin baxışını,
onların məlumatlılığını, sosial şəbəkələrdə, virtual
aləmdə aktiv şəkildə təbliğatın aparılmasında rolunu
diqqətə çatdırdılar.
Tədbirdə 31 mart - Azərbaycanlıların soyqırımı haqqında
videogörüntülər nümayiş olundu, müzakirələr aparıldı.
|