Aprelin
5-də Azərbaycan Dillər Universitetində FİFA "U-17
qadınlararası dünya çempionatı Azərbaycan 2012"-nin
Yerli Təşkilat Komitəsinin nümayəndələri tələbələrlə
görüş keçirdi. Təqdimat mərasimində çıxış edən ADU-nun
tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev
Azərbaycanda son 10 ildə idmanın sürətlə inkişaf
etdiyini və dövlət başçısının bu sahəyə xüsusi diqqət
ayırdığını bildirdi. Ölkəmizin bir sıra aparıcı idman
növləri üzrə keçirilən beynəlxalq yarışlara ev sahibliyi
etdiyini deyən prorektor bu il ölkəmizdə 17 yaşlı
qadınlar arasında dünya çempionatının keçiriləcəyini
tələbələrin diqqətinə çatdırdı. Ə.Əliyev Azərbaycanın
tanıdılmasında və nüfuzunun artmasında idmanın mühüm rol
oynadığını vurğuladı. Prorektor ADU-nun tələbələrinin
ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak
etdiyinə də toxundu.
FİFA "U-17 qadınlararası dünya çempionatı Azərbaycan
2012"-nin Yerli Təşkilat Komitəsinin (YTK) "Könüllülük
proqramı"nın direktoru Vüqar Rüstəmli və proqramın
nümayəndəsi Nərmin Abbasova çempionatın ümumi tanıtımı
və "Könüllülük proqramı" haqqında tələbələrə ətraflı
məlumat verdilər. Təqdimatda çempionata hazırlıq
çərçivəsində görülən işlər, bu tip beynəlxalq tədbirin
ölkəmiz üçün əhəmiyyətindən danışıldı. V.Rüstəmli FİFA-nın
dünya çempionatları, qadın futbolu, Azərbaycanda
keçiriləcək çempionatın gedişatı, oyunların təşkil
olunacağı stadionlar, rəsmi markalar, eləcə də 17
yaşadək qızlardan ibarət milli yığmamızdan bəhs etdi.
Gənclərə dünya çempionatında yaradılmış geniş
imkanlardan söz açan proqram rəhbəri tələbələri "Könüllülük
proqramı"nda aktiv iştirak etməyə çağırdı. O, könüllü
olmağın xeyirləri, perspektivləri və proqramda iştirak
şərtləri ilə bağlı tələbələri məlumatlandırdı.
Təqdimat zamanı YTK əməkdaşları tərəfindən ünvanlanan
sualları cavablandıran tələbələr dünya çempionatını
özündə əks etdirən müxtəlif növ hədiyyələr qazandılar.
ADU-nun Mətbuat xidməti |