Paytaxtımızda ekologiya və təbiəti mühafizə
problemlərinə həsr olunan Ətraf Mühitin Mühafizəsi VI
Beynəlxalq Layihə Olimpiadasına (İNEPO-AVRASİYA) start
verildi. Bununla bağlı aprelin 3-də "Çağ" Öyrətim
İşlətmələri Şirkətində KİV nümayəndələri üçün mətbuat
konfransı keçirildi. Tədbiri Azərbaycan-Türkiyə Özəl
Liseyləri Baş İdarəsinin rəisi, Ətraf Mühitin Mühafizəsi
VI Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-AVRASİYA)
təşkilat komitəsinin sədri Arif Gömleksiz açaraq media
nümayəndələrinə olimpiada haqqında geniş məlumat verdi.
Yarışın keçirilməsində əsas məqsədin Azərbaycanda və
dünyada artmaqda olan ekoloji problemlərin həlli və
ətraf mühitin qorunub saxlanması istiqamətində gənc
nəsli məlumatlandırmaq, şagirdlərdə ekoloji şüuru
inkişaf etdirmək, onlarda ətraf mühitə qarşı həssas,
müsbət münasibət formalaşdırmaq olduğunu qeyd edən Arif
Gömleksiz həmçinin təbii, mədəni, sosial-estetik,
tarixi dəyərlərin qorunması məsələlərinin də diqqətdə
saxlanıldığını bildirdi. Şagirdlərin olimpiadaya böyük
həvəs göstərdiklərini və bu yarışa qatılmaq istəyən
ölkələrin sayının ilbəil artdığını deyən idarə rəisi
təqdim olunan layihələrdə ekologiya, ətraf mühitin
mühafizəsi ilə bağlı bir sıra problemlərin öz əksini
tapdığını və hazırlanmış xüsusi stendlərin ictimaiyyət
tərəfindən maraqla qarşılanacağına ümidvar olduğunu
bildirdi.
"Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri
Ənvər Özərən 2007-ci ildən Bakıda keçirilən adıçəkilən
yarışın artıq ənənəyə çevrildiyini söylədi. Qeyd etdi ki,
dünyanın müxtəlif ölkələrindən bu tədbirdə iştirak etmək
üçün hər il şəhərimizdə səfərdə olan şagirdlər ekoloji
problemlərlə bağlı məktəblilərimizlə bir araya gəlirlər.
Bakıda keçirilən beynəlxalq olimpiadanın digər ölkələrdə
təşkil olunan yarışlardan xüsusi özəlliyi ilə
fərqləndiyini deyən Ənvər Özərən bildirdi ki, yarışa
qatılan xarici ölkələrin məktəbliləri burada ilk növbədə
Azərbaycan xalqının qonaqpərvərliyi, isti münasibəti ilə
qarşılaşırlar.
Ənvər Özərən Azərbaycan -Türkiyə Özəl Liseylərinin
yarandığı vaxtdan bu günə qədər uğurla fəaliyyət
göstərməsindən, burada təhsil alan şagirdlərin dünya
bilik olimpiadalarında qazandıqları nailiyyətlərdən
ətraflı söz açdı. Qeyd olundu ki, azərbaycanlı gənclər
xarici ölkələrdə təşkil olunan nüfuzlu bilik
yarışlarında yüksək savad və bacarıq nümayiş etdirərək
Vətənə medallarla dönürlər. Bundan böyük qürur və sevinc
hissi keçirdiyini deyən Ənvər Özərən daha sonra "Çağ"
Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin 20-ci
ildönümünə həsr edilmiş məktəblilərin Ətraf Mühitin
Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının
(İNEPO-AVRASİYA) əhəmiyyətinə toxunaraq çıxışının
sonunda bütün iştirakçılara uğurlar arzuladı, tədbirin
təşkilində zəhməti olanlara təşəkkürünü bildirdi.
Məlumat üçün bildirək ki, olimpiadanın açılışı aprelin
6-da olacaq, iştirakçılar təmsil etdikləri ölkələri
haqqında stendləri və ətraf mühitin mühafizəsi ilə bağlı
hazırladıqları layihələrini nümayiş etdirəcəklər. Elə
həmin gün olimpiada iştirakçılarının təqdim etdikləri
layihələr münsiflər heyəti tərəfindən diqqətlə nəzərdən
keçirilərək geniş təhlil ediləcək və qaliblər
müəyyənləşdiriləcəkdir. Aprelin 7-də isə Heydər Əliyev
adına İdman-Konsert Kompleksində qaliblərin
mükafatlandırılması mərasimi keçiriləcəkdir.
Samirə KƏRİMOVA |