Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

06 Aprel 2012 - №13

 

İlk Nobelçi ailə

 

Bu qadının adı həmişəlik olaraq tarixə düşüb - məşhur kimyaçı, fizik, iki dəfə Nobel mükafatı laureatı Mariya Skladovskaya Küri. Lakin o, təkcə alim deyildi. Onun həyatında adi qadın sevincləri də  - sevgi, ailə, uşaqlar da vardı...   Mariya Kürinin bütün həyatı elm naminə fədakarlıq, qəhrəmanlıq nümunəsidir. O, radioaktivliyin tədqiqatı sahəsində öncüllərdən biri idi. Bu sahədə elmi işlərinə görə əri Pyer Küri və Anri Bekkerlə birlikdə fizika sahəsində Nobel mükafatına layiq görüldü. Bundan 8 il sonra o, kimya sahəsində işlərinə, 2 yeni kimyəvi element - radium və poloniumu kəşf etdiyinə,  radiumun öyrənilməsi və onun metal halında əldə olunması sahəsində xidmətlərinə görə ikinci Nobel mükafatına layiq görüldü. Dünyanın bir çox akademiyaları və elmi cəmiyyətlərin fəxri üzvü seçilmiş Mariya Küri ilk qadın-professor oldu. Radioaktivliyə dair mühazirələri onun "Radioaktivlik" fundamental işlərinin əsasını təşkil etdi. Bu tədqiqat işi dünyanın bir sıra dillərinə təkrar-təkrar tərcümə olunaraq nəşr olunub. Mariya Küri Parisdə Radium İnstitutunun təsis olunmasının təşəbbüskarı olub. Böyük və səmimi qəlbli insan, elm fədaisi  ilk dəfə şüalanmanın tibbi məqsədlərlə istifadə olunmasını təşkil edib.   

Elmin cazibə qüvvəsində  

Mariya Skladovskaya Küri  1867-ci il noyabrın 7-də Varşavada anadan olub. O, Vladislav və Bronislav Skladovskaya ailəsinin kiçik qızı idi. Onun atası gimnaziyada fizikanı tədris edib, anası isə vərəmə tutulana qədər gimnaziyanın direktoru olub.  Mariyanın 11 yaşı olanda anası vəfat edib. Bu itki onun həyatında çox ağrılı bir iz qoyub. Bir sıra tədqiqatçılar ehtimal edirlər ki, anasının xəstəliyinin müalicəsinə kömək edə bilməməsi Mariyanı  milyonlarla insanın həyatını xilas edəcək elmi kəşflərə sövq etmişdi. O, ibtidai və orta məktəbdə müvəffəqiyyətlə oxuyub. 1883-cü ildə gimnaziyanı qızıl medalla bitirib. Hələ gənc yaşlarından  elmin cazibə qüvvəsini hiss edib, öz dayısıoğlunun kimya  laboratoriyasında laborant işləyib. Məşhur rus kimyaçısı, elementlərin dövri sisteminin yaradıcısı Dmitri Mendeleyev atasının dostu idi. Bir dəfə laboratoriyada gənc Mariyanı iş başında müşahidə edən Mendeleyev onun kimya sahəsində işlərini davam etdirəcəyi təqdirdə parlaq gələcəyi olacağını deyib. Mariya ali təhsil almaq istəyirdi.   Gənc Mariyanın ali təhsil almaq arzusu qarşısında iki maneə var idi: ailəsinin kasıbçılığı və qadınların Varşava Universitetində təhsil almasına qoyulan qadağalar. O, öz bacısı Bronya ilə belə bir şərt kəsir: Mariya bacısına onun tibb institutunda təhsilini başa vurmasına kömək etmək üçün dayə işləyəcək. Daha sonra isə Bronya bacısının ali təhsil alması xərclərini öz üzərinə götürməli idi.   Bronya Parisdə tibb təhsili üzrə həkim diplomu aldı və Mariyanı öz yanına dəvət etdi. 1891-ci ildə Polşanı tərk edən Mariya Paris Universitetinin (Sorbonn)  təbiət elmləri fakültəsinə daxil oldu. Mariya  1894-cü ildən poladın maqnitləşmə hadisəsinin tədqiqi ilə məşğul olub. Həmin il o, gələcək əri Pyer Küri ilə tanış olub. Mariya ilə tanış olana qədər Pyer artıq tanınmış alim idi.  

Hörmət və dəstəyə söykənən alim ailəsi    

Mariya Küri həmkarları ilə Fizikaya maraq onları yaxınlaşdırdı və onlar bir il sonra evləndilər. Toy mərasimi Pyerin 1895-ci ildə doktorluq müdafiəsindən sonra oldu. 

"Bizim ilk evimiz üçotaqlı sadə mənzil idi. Evdə qulluqçu saxlamaq imkanımız xaricində idi. Ev işləri mənim öhdəmə düşürdü. Mən buna tələbəlik illərindən alışmışdım. Professor Pyer Küri ildə min frank alırdı", - deyə Mariya sonralar xatırlayırdı. Onların ilk qızı İren 1897-ci ilin sentyabrında anadan olub. Üç ay sonra Mariya poladın maqnetizmi sahəsində işlərini başa çatdırıb, 1898-ci ildə şüa buraxan maddələr üzərində təcrübələrə başlayıb. 1898-ci il aprelin 12-də  Fransa Elmlər Akademiyası belə bir xəbər yayıb: "Mariya Skladovskaya Küri uran-oksid mineralında yüksək radioaktivliyə malik yeni kimyəvi elementin olmasını xəbər verib". İki uran mineralı - uranit (uran-oksidi) və xalkolit (mis-oksid və uranil) uranın özündən daha aktivdir. Bu, həddən artıq qiymətli fakt belə bir fikrə gəlməyə əsas verir ki, bəhs olunan minerallarda urandan da aktiv olan element mövcuddur.   

Pyer Küri arvadının uğurlu təcrübələrini çox həvəslə izləyirdi. Tədqiqatın  gedişinə müdaxilə etmədən öz məsləhət və qeydləri ilə daim Mariyaya kömək edirdi. İlk təcrübələrin uğurlu gedişindən ruhlanan Pyer özünün kristallar üzərində davam etdirdiyi işləri yarımçıq qoyaraq Mariyanın yeni elementin kəşfi səylərində ona yaxından kömək edirdi.   1898-ci ilin iyulunda alimlər yeni elementin - poloniumun (onlar yeni elementi Mariyanın vətəni Polşanın şərəfinə adlandırdılar) kəşfi barədə açıqlama  verdilər. Elə həmin ilin dekabrında alimlər Fransa Elmlər Akademiyasına uranit mineralının tərkibində ikinci radioaktiv elementin mövcud olmasına dair xəbər göndərdilər. Lakin Kürilər hələlik iki elementi əldə etməmiş və kimyaçılara onların mövcudluğuna dair həlledici sübutlar təqdim edə bilməmişdilər. Onlar olduqca çətin bir işə - uran qətranından iki yeni elementin ayrılmasına  başladılar. Tədqiqatların aparılması üçün böyük miqdarda filiz xammalı lazım idi. Sonrakı  4 il ərzində Kürilər sağlamlıq üçün zərərli şəraitdə işləməli oldular. 

Pyer və Mariya qızları ilə Olduqca çətin və eyni zamanda maraqlı bir dövrdə Pyerin əməkhaqqı alim ailənin dolanışığına çatmırdı. Baxmayaraq ki, intensiv tədqiqatlar və balaca İren Mariyanın bütün vaxtını alırdı, o, 1900-cü ildə Sevrdə fizika fənnini  tədris etməyə başladı. Pyerin atası Kürilər ailəsinə köçərək İrenə baxmaqla ailəyə kömək edirdi. 1902-ci ildə Kürilər bir neçə ton uran qətranından 0,1 qram radium-xlorid əldə etdiklərini xəbər verdilər. Poloniumu əldə etmək onlara hələlik müyəssər olmadı, çünki məlum oldu ki, polonium radiumun parçalanma məhsuludur. Əldə olunmuş birləşmələri təhlil edən Mariya müəyyən etmişdi ki, radiumun atom kütləsi 225-dir. Radium duzu mavi işıq və istilik saçırdı. Bu fantastik maddə bütün dünyanın diqqətini cəlb etdi. Məşhurluq və elmi mükafatlar Kürilər ailəsinə eyni vaxtda gəldi. 

Nobel mükafatı almış ilk qadın 

Tədqiqatlarını davam etdirən Mariya nəhayət doktorluq dissertasiyası üzərində işlərini başa çatdırıb.  "Radioaktiv maddələrin təhqiqatı" adlı elmi iş 1903-cü ilin sentyabrında Sorbonn Universitetinə təqdim olundu. Mariya Küriyə elmi dərəcə təsis edən komitə qeyd edirdi ki, onun işi bu vaxta qədər təqdim olunmuş  doktorluq dissertasiyaları arasında  çox böyük əhəmiyyəti olan işdir.  Mariya Kürinin doktorluq dissertasiyası elmə verilmiş ən böyük töhfələrdən biri idi. Beləliklə, Mariya Fransada elm sahəsində doktor adını alan ilk qadın oldu.

1903-cü ilin dekabrında İsveç Kral Akademiyası fizika sahəsində Anri Bekkerel, Pyer və Mariya Skladovskaya Kürilərə Nobel mükafatı təqdim etdi. Mariya Küri Nobel mükafatı almış ilk qadın idi. Kürilər mükafatın yarısını aldılar və bu vəsait onların yaşayışı və elmi işləri davam etdirmələri üçün böyük stimul oldu.  Bundan sonra Pyer fizika sahəsində öz işlərini davam etdirə bilərdi.   Kürilər radiumun insan orqanizminə təsirini müəyyən etmişdilər. Onlar belə bir fərziyyə söyləmişdilər ki, radium şişlərin müalicəsində istifadə oluna bilər. Radiumun terapevtik  effekti  dərhal təsdiqləndi və nəticədə, radiumlu mənbələrin qiymətləri kəskin surətdə qalxdı. Lakin Kürilər ekstraksiya prosesini patentləşdirməkdən və öz tədqiqatlarının nəticələrindən hər hansı kommersiya məqsədləri üçün istifadə olunmasından imtina etdilər. 1904-cü ilin noyabrında Mariya Küri ərinin fizika professoru işlədiyi laboratoriyanın müdiri təyin olundu. Dekabr ayında onların ikinci qızı Yeva doğuldu. Sonralar o, pianoçu və anasının biblioqrafı oldu. Mariya bütün  qüvvəsini əldə etdiyi elmi nailiyyətlərindən, sevimli işindən, Pyerin sevgi və dəstəyindən alırdı!

Pyer və Mariya KürilərSonralar o, özü etiraf edirdi: "Mən nigahda bu ittifaqı bağlayana qədər arzu edə bildiklərimin hamısını, hətta daha artığını qazandım". Lakin 1906-cı ildə Pyer küçə qəzasında həlak olur. Ən yaxın iş həmkarını, məsləkdaşını və yaxın dostunu itirən Mariya sarsılmışdı. Lakin möhkəm iradəyə malik olan Mariya öz işlərini davam etdirmək üçün özündə qüvvə tapdı. 1906-cı ildə Mariya ictimai təhsil nazirliyinin təsis etdiyi pensiyadan imtina etdi. Sorbonn Universiteti onu əvvəllər ərinin rəhbərlik etdiyi fizika kafedrasına müdir təyin etdi. 6 aydan sonra Mariya özünün ilk mühazirəsini oxudu. O, Sorbonnda mühazirə deyən ilk qadın-müəllim oldu.   Mariya Küri bütün səylərini təmiz halda metal radiumun əldə olunmasına yönəltdi və 1910-cu ildə A.Debirn ilə birlikdə radiumu kəşf edərək 12 illik elmi tədqiqatlarını başa çatdırdı. 1910-cu ildə bir çox alimlərin təkidi ilə Mariyanın namizədliyi ən nüfuzlu elmi cəmiyyət olan Fransa Elmlər Akademiyasının üzvlüyünə irəli sürüldü.  Onun əri ölümünə bir il qalmış akademiyanın üzvü seçilmişdi.  Fransa Elmlər Akademiyasının bütün tarixi ərzində heç bir qadın bu qurumun üzvü olmamışdı. Buna görə də Mariya Kürinin namizədliyinin irəli sürülməsi bu qərarın tərəfdarları və əleyhdarları arasında qızğın mübahisələrə yol açdı.   Bir neçə aylıq təhqiredici polemikalardan sonra 1911-ci ilin yanvarında Kürinin namizədliyi rədd olundu. Bir neçə aydan sonra İsveç Kral Akademiyası "kimyanın inkişafında görkəmli xidmətləri, radium və polonium elementlərinin kəşfi,  radiumun əldə olunması, bu gözəl elementin təbiətinin və onun birləşmələrinin öyrənilməsi sahəsində xidmətlərinə görə" ona Nobel mükatatı  təqdim etdi. Bununla da Mariya Küri iki dəfə Nobel mükafatı almış alim oldu. Akademiya xüsusi olaraq qeyd edirdi ki, radiumun öyrənilməsi sonralar xüsusi yeni elm sahəsinin - radiologiyanın yaranmasına yol açdı. Mariya böyük qızı İrenlə Stokholma Nobel mükafatını almağa yollanır. İren təntənəli mərasimdə iştirak edir. 24 ildən sonra isə elə həmin zalda  İren öz Nobel mükafatını alıb.  Mariya Küri radioaktivlik barədə yeni elmin inkişaf etdirilməsi üçün layiqli laboratoriyanın yaradılmasına nail olmaq üçün az əmək sərf etmədi.  Birinci Dünya müharibəsinə az qalmış Paris Universiteti və Paster İnstitutu, radioaktivliyin tədqiqi üçün Radium İnstitutu təsis edildi. Küri fundamental tədqiqatlar və radioaktivliyin tibbi tətbiqi şöbəsinin direktoru təyin olundu. Müharibə zamanı o, hərbi həkimlərə radiologiyanın tətbiqini öyrədirdi. Müharibədən sonra Radium İnstitutuna qayıdan Mariya Küri həyatının son illərinə qədər tələbələrin elmi işlərinə rəhbərlik edirdi  və tibdə radiologiyanın tətbiqini fəal surətdə dəstəkləyirdi.  Böyük elmi işinə baxmayaraq, Küri iki azyaşlı qız uşağının sədaqətli və sevimli anası idi. 1921-ci ildə qızları ilə birlikdə Amerika Birləşmiş Ştatlarına səfər etdi. ABŞ-ın 29-cu prezidenti Herber Hooverin ona təqdim etdiyi 50 min dolları Mariya sevimli tədqiqatlarını davam etdirmək üçün bir qram radium almağa sərf etdi. 1929-cu ildə ikinci səfərində ona verilmiş ianə əsasında o,  Varşavadakı hospitalların birində terapevtik istifadə üçün daha bir qram radium aldı. Lakin sonrakı illərdə radiumla apardığı işlər nəticəsində onun sağlamlığı ciddi surətdə pisləşdi. O, 1934-cü il iyulun 4-də vəfat edib.

 Boynunda ölüm ampulu gəzdirən alim-qadın 

Elmə  olan tükənməz sevgisi ona həyatda üzləşdiyi bütün çətinliklərlə inadkarlıqla mübarizə aparmaqda kömək edirdi. 

Müasirləri Mariya Kürini olduqca təvazökar, sadə qadın kimi xatırlayırdılar.  O, mağazaya girər, heç vaxt qiymətlərə baxmazdı. Lakin səhvsiz olaraq satıcıdan ən sadə, ən ucuz paltar, onun zövqünə oxşaya biləcək şlyapa istəyərdi. Pyerlə evlənməzdən əvvəl toy paltarı barədə yazırdı: "Mənim əynimdəki paltardan başqası yoxdur. Əgər siz xeyirxahsız və mənə bir şey hədiyyə etmək istəyirsinizsə, mən tünd, tamamilə praktik, laboratoriyaya apara biləcəyim bir şeyi istərdim".  Onun  sözlərinə görə,  "elm böyük gözəllikdir. Alim öz laboratoriyasında sadəcə texnik deyil: təbiətin ona sehrli nağıl kimi təsir edən  hadisələri ilə üz-üzə dayanan uşaqdır". Məlumdur ki, Mariya Küri radium istehsalına patent almaqdan imtina edib. Bu, onu xeyli varlandıra bilərdi.1920-ci ildə amerikalı jurnalistin "Siz nə arzu edərdiniz" sualına cavabında Mariya "mənim tədqiqatlarımın davam etməsi üçün bir qram radium. Lakin radium mənim imkanlarıma uyğun deyil", - deyib.  Onun həyatı və elmi mücadiləsi bir örnək idi. Lakin o, yaşadığı həyatı, üzləşdiyi sarsıntıları heç bir qadına arzu etmirdi.  "Mənim kimi bu cür qeyri-təbii həyat sürməyə zərurət yoxdur. Mən elmə çox vaxt ayırdım. Çünki mən elmə can atırdım, elmi tədqiqatları çox sevirdim. Mənim qadınlara və gənc qızlara arzum sadə ailə həyatı qurmaları və onları maraqlandıran işdir".

Mariya Küri uzun müddət radioaktiv elementlərlə təmasda oldu.  O, radioaktivliyin ziyanlı xüsusiyyətindən xəbərsiz olduğu üçün radium elementini sinəsində talisman kimi gəzdirib.  Baxmayaraq ki Mariya Küri çox ağıllı və təhsilli qadın olub, o, radioaktiv maddələrlə işləyən zaman heç bir  müdafiə tədbiri görməyib. Həmişə üzərində müstəqil surətdə əldə etdiyi elementin olduğu ampulanı, məhz zəhərli radiumu gəzdirib. Radioaktiv maddə olan, zəif  mavi işıq saçan kiçik ampula hər zaman Mariyanın əlində, gah da talisman və ya amulet kimi boynunda olardı. Bu cür işıqlanma isə zəhərli maddə buraxırdı. Məhz bu kəşfi Mariyanın ölümünə səbəb olmuşdu. 

Mariya Küri Nobel mükafatından əlavə, Fransa Elmlər Akademiyasının Bertelo, London Kral Cəmiyyətinin Devi, Franklin İnstitutunun Elliot Kresson medalları ilə də təltif edilmişdir. O, 85 müxtəlif elmi cəmiyyətin üzvü olmuş, həmçinin 20 fəxri elmi ada layiq görülmüşdür.

Tədqiqatlar gedişində  Kürilər radiasiyaya məruz qalaraq sağlamlıqlarını itirmişdilər. Mariya və Pyer Kürilər xəstə idilər və onlar mükafatın Stokholmda keçirilən təqdimetmə mərasiminə belə qatıla bilmədilər. Onlar mükafatlarını yalnız bir il sonra ala bildilər. Aldığı şüa dozalarından Mariya 8 kilo arıqlamışdı. Bəzi biblioqraflar hətta qeyd edirlər ki, radiasiya şüalanması  nəticəsində  o dövrdə hamilə olan Mariya Küri 5 aylıq körpəsini belə itirmişdi.

Onun həyatı bir örnək idi. Bunun ən parlaq nümunəsi qızı İrenin onun yolunu davam etdirməsi oldu. İren Küri 1935-ci ildə kimya üzrə Nobel mükafatı aldı. Mariyanın qoyduğu ənənə davam edirdi. İren həyat yoldaşı Frederik Jolio ilə birlikdə  süni radioaktivliyi  kəşf edərək Mariya Kürinin ölümündən cəmi 1 il sonra 3-cü Nobel mükatına layiq görüldü. İren Sorbonn Universitetinin professoru kimi həyatının sonuna kimi anasının miras qoyduğu elmi işləri davam etdirdi. 

Qeyd edək ki, Pyer və  Mariya Kürilərin ikinci qızı, anasının biblioqrafı olan Yeva Küri ixtisasca jurnalist olub.  Nobelçi ailənin sonbeşiyi  Yevanıın həyat yoldaşı Henri Riçardson Labuas da tarixin yaddaşına Nobel mükafatı laureatı kimi düşüb. 

Yaşadığı 67 il ərzində adi  bir şagirddən fizika üzrə professora, arzuları aşıb-daşan bir uşaqdan dünyanın ən məşhur  elm adamına qədər maraqlı, çətin, kəşməkəşli, eyni zamanda şərəfli bir alim ömrü yaşamış əfsanəvi Mariya Skladovskaya Küri həyatını qurban vermək bahasına insanlığa möhtəşəm elm xəzinəsi qoyub. 

Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov