Azərbaycanın
görkəmli alimi, akademik Ziya Bünyadovun 90 illik
yubileyi AMİ-də böyük ehtiramla qeyd edildi.
Tədbirdə ilk olaraq Ziya Bünyadovun əziz xatirəsi bir
dəqiqəlik sükutla yad olundu. Sonra institutun tədris
işləri üzrə prorektoru Şamil Qasımlı çıxış edərək
bildirdi ki, böyük vətəndaş, böyük alim, böyük siyasətçi
- bu adların hər biri Ziya Bünyadova çox yaraşır. O,
müharibə meydanında fövqəladə dərəcədə igidlik nümayiş
etdirərək Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Elmin çətin yollarında inamla, cəsarətlə irəliləyərək
Azərbaycan tarixi, şərqşünaslıq elminin patriarxı
səviyyəsinə yüksəlib və xalqımızın çətin günlərində bir
ziyalı kimi önə çıxaraq sinəsini imperiya həmlələrinə
sipər edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
görkəmli tarixçi-şərqşünas alim, akademik Ziya
Bünyadovun anadan olmasının 90 illik yubileyinin
keçirilməsi haqqında 24 noyabr 2011-ci il tarixli
sərəncam imzalamışdır. Sərəncamda qeyd olunduğu kimi,
Azərbaycanın görkəmli tarixçisi və şərqşünas alimi,
tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor,
Dövlət mükafatı laureatı, Sovet İttifaqı Qəhrəmanı,
akademik Ziya Musa oğlu Bünyadovun zəngin və çoxşaxəli
yaradıcılığı sayəsində respublikamızda tarix elmi yeni
mərhələyə yüksəldilmişdir. Azərbaycan tarixinin müxtəlif
dövrlərinə dair uzun illər ərzində meydana gətirdiyi
fundamental tədqiqatlar, eləcə də orta əsrlərə aid çox
sayda mənbələrin tərcüməsi ilə yanaşı, onlara yazdığı
geniş şərhlər alimə böyük şöhrət qazandırmışdır.
Azərbaycanda yeni ərəbşünas tarixçilər nəslinin
formalaşmasında onun fəaliyyəti təqdirəlayiqdir.
Tədbirdə institutun ictimai fənlər kafedrasının müdiri,
tarix elmləri doktoru Qafar Cəbiyev Ziya Bünyadovun
keçdiyi şərəfli həyat yolu və çoxşaxəli fəaliyyəti ilə
bağlı geniş məruzə etdi.
Bildirildi ki, görkəmli alim 1981-ci ildən ömrünün
sonunadək Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunun
direktoru vəzifəsində çalışmış, 1990-cı ildə isə
Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdir. Elmi
fəaliyyəti ilə yanaşı, siyasətlə də məşğul olan
Z.Bünyadov Milli Məclisin deputatı olduğu müddətdə öz
çıxışlarında dəfələrlə həyasız, saxtakar erməni
tarixçilərinin əsassız iddialarını faktlarla ifşa
etmişdir.
Z.Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə", "Azərbaycan
Atabəylər dövləti" (1136-1225), "Qafqaz Albaniyası
tarixindən", "Xəzər dənizi ərəb məxəzlərində", "Torpaq
mülkiyyəti vergilərinin növləri: Vergilər və
Xarəzmşahların vergi yığımı" (1097-1203), "Dinlər,
təriqətlər, məzhəblər", "Polis məmuru Dümbül bəyin
macərası"(bənzətmə), "Naxçıvan sancağının müfəssəl
dəftəri", "Tarixnamə" və s. monoqrafiya və elmi əsərləri
daha çox şöhrət qazanmışdır.
Ziya Bünyadov həm də Şərq dilləri üzrə gözəl tərcüməçi
idi. Onun əsərləri Fransada, İraqda, Rusiyada, Türkiyədə
və dünyanın bir sıra başqa ölkələrində nəşr olunmuşdur.
O, dünyanın bir sıra alimlərinin əsərlərini ingilis,
ərəb, rus və türk dillərindən tərcümə etmişdir. Xüsusilə
qeyd etməliyik ki, akademik Z.Bünyadovun ən yaddaqalan
töhfələrindən biri də professor Vasim Məmmədəliyevlə
birgə "Qurani-Kərim"i Azərbaycan dilinə tərcümə
etməsidir.
1994-cü ildə nəşr olunan və Yusif Yusifovla redaktəsini
etmiş "Azərbaycan tarixi" kitabının ön sözündə
Azərbaycan xalqının soykökü ilə bağlı aparılan
araşdırmalarda siyasi səbəblər ucbatından subyektivliyə
yol verildiyini, eyni zamanda tarixşünaslıqda problemli
məsələlər ətrafında vahid fikrin olmaması, yazılı
qaynaqların az olması problemlərini qabardır, Azərbaycan
türklərinin yaşadıqları ərazilərə sonradan köçməsi
fikrini qəti surətdə tənqid edir. Toxunduğu problemlər,
araşdırdığı mövzular bilavasitə erməni və fars
tarixşünaslığına ağır zərbələr endirirdi.
Tədbirdə iştirak edən AMEA-nın müxbir üzvü, tarix
elmləri doktoru, professor Vəli Əliyev, institutun
təhsilin idarə edilməsi kafedrasının professoru Ramiz
Məmmədzadə Ziya Bünyadovla bağlı xatirələrini danışdılar,
onun əsl vətənpərvər kimi insani keyfiyyətlərini yada
saldılar.
Tünzalə YUSİFOVA,
AMİ-nin tərbiyə işləri üzrə prorektoru |